Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2020 10:07

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin, döyüşdə isə müvəffəqiyyətin əsas prinsipi və şərtidir.
Suallar:
1. Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin əsas prinsipidir.
2. Möhkəm hərbi intizam döyüşdə müvəffəqiyyətin əsas şərtidir.
Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin əsas prinsipidir
Azərbaycan Ordusu Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir. Bu müqəddəs vəzifələri yerinə yetirmək üçün ordumuz daim döyüşə hazır vəziyyətdə olmalıdır.
Müasir dövrdə hərbi intizamın rolu əvəzedilməzdir. Ordu Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Ümumdövlət intizamı kimi hərbi intizam da eyni hüquqi və mənəvi prinsiplərə əsaslanır. Hərbi qulluqçular bütün Azərbaycan vətəndaşları kimi Azərbaycan Respublikasının qanunlarının tələblərinə şüurlu surətdə ciddi riayət etməlidirlər. Şüurlu hərbi intizam, yüksək döyüş hazırlığı və döyüş qabiliyyəti ordunun əsas şərtidir.
Şüurlu hərbi intizamın mahiyyəti hərbi qulluqçunun təyin edilmiş qayda-qanunu və davranış qaydalarını bilməsindən, onların təsbit edilmiş qaydalarına davamlı əməl edilməsinin vacibliyini anlamasından ibarətdir. O, davranış qaydalarının təsbit edilməsi, insanın davranışının və hərəkətlərin təyin edilməsi ilə adət halını alarsa, intizamın şəxsiyyət dəyərinin formalaşması və inkişafı haqqında danışmaq olar.
İntizamlılıq hərbi qulluqçunun vacib mənəvi-psixoloji və döyüş keyfiyyətidir. İntizamlılıq hərbi qulluqçuda komandir və rəislərin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməsi üzrə yüksək icraçılıq qabiliyyəti göstərməsini, Hərbi andın və nizamnamələrin tələblərinə daima riayət etməsini, öz davranış və hərəkətlərini hər vəziyyətdə idarə edə biləcək bacarığının olmasını ifadə edir.
Bununla yanaşı, orduda Hərbi and içən hərbi qulluqçular Vətənə sadiq olmaqla yanaşı, məhrumiyyətlərə və çətinliklərə dözməyə, intizamlı olmağa da and içirlər və andı pozarlarsa, Azərbaycan Respublikasının qanunlarına əsasən tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazır olduqlarını dərk edirlər. Azərbaycan Ordusunda hərbi intizam İntizam Nizamnaməsi ilə tənzimlənir.
Azərbaycan Ordusunda hərbi intizam hərbi qulluqçuların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə və hərbi intizamın tələblərinə şüurlu surətdə tabe olmalarına əsaslanır.
İntizam Nizamnaməsinin 2-ci maddəsi də hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsini tələb edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində hərbi intizam anlayışı aşağıdakı kimi müəyyən edilir: "Hərbi intizam - bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir."
Hərbi intizam, birinci növbədə, hüquqi kateqoriyadır. Hərbi qulluqçular dövlət tərəfindən təyin edilmiş qayda və qanunları fərmanlar, qərarlar, nizamnamələr və əmrlər vasitəsilə yerinə yetirirlər. Bu istiqamətdə alternativsiz, vaxtında və sözsüz, dəqiq və ciddi qayda və qanunlara riayət edilmə normaları təyin olunmuşdur. Hərbi intizam pozuntuları hüquq pozuntuları kateqoriyasına, nizamnamə qaydaları isə hüquq qaydasına aiddir.
Hərbi intizamın məcburiliyi hamı üçün məcburi tədbirləri şərtləndirir, hər şəraitdə təyin edilmiş qayda və qanunlara riayət olunmanın qarşısını almağı tələb edir.
İntizamın tərkibinə daxil olan, bir sıra əxlaqi prinsiplərə qanuni qüvvə verən hərbi - hüquqi aktlar hərbi intizamın tələblərini formalaşdırır. Hərbi qulluqçu şəxsiyyətinin keyfiyyət strukturunu təyin edən vacib komponentlərdən biri onun vətənpərvərlik şüuruna malik olmaqla Vətənin taleyinə biganə ola bilməməsidir. Bu, əsgərin yüksək icraçılığının və intizamlığının əsasıdır. Əsgər şəxsiyyətinin keyfiyyət strukturuna daxil olan əxlaqi məslək, daxili saflıq, düzlük, sədaqət intizamla sıx bağlıdır.
Hərbi intizam hər bir hərbi qulluqçudan aşağıda göstərilənləri tələb edir:
- Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyi, Hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyi, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağı;
- hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyi, hərbi borcunu yerinə yetirərkən öz qanını və həyatını belə əsirgəməməyi;
- dövlət sirlərini möhkəm saxlamağı;
- namuslu və dürüst olmağı, hərb işini vicdanla öyrənməyi, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağı;
- komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyi, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyi;
- hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağı, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyi, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyi.
Yüksək hərbi intizama nail olmaq üçün:
- hərbi qulluqçularda yüksək mənəvi və döyüş keyfiyyətləri və komandirlərə (rəislərə) şüurlu surətdə tabe olmaq hisslərini tərbiyə etməklə;
- hissədə (bölmədə) nizamnamə qaydalarına ciddi riayət etməklə;
- komandirlərin (rəislərin) öz tabeliyində olanlara gündəlik tələbkarlığı, onların şəxsi həyatına hörmət etməsi, hərbi qulluqçulara daim qayğı göstərməsi, inandırma və məcburiyyət tədbirlərini bacarıqla və düzgün əlaqələndirib tətbiq etməsi ilə nail olmaq mümkündür.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəninin - Azərbaycan Respublikasının müdafiəçisidir. O, öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur:
- Azərbaycanın mənafeyini qorusun;
- onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərsin;
- Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Hərbi anda müqəddəs və sarsılmaz surətdə riayət etsin;
- intizamlı, vicdanlı, dürüst və cəsarətli olsun;
- komandirlərə (rəislərə) sözsüz tabe olsun və döyüşdə onları müdafiə etsin.
Möhkəm hərbi intizam döyüşdə müvəffəqiyyətin əsas şərtidir
Döyüş - müharibə edən tərəflərin birləşmələrinin, hissə və bölmələrinin mütəşəkkil silahlı toqquşmasıdır. O, şəxsi heyətin mənəvi və fiziki qüvvələrinin hərtərəfli sınağıdır. Onun uğuru əsasən döyüşü aparmaq üçün insanların cəsarətindən, dözümlüyündən, mənəvi keyfiyyətlərindən, hazırlıq səviyyəsindən və texnikanın hazırlığından asılıdır.
Döyüşdə müvəffəqiyyətin qazanılmasında şəxsi heyətin şüurlu hərbi intizamı, komandirlərin əmrlərinin dəqiq və sözsüz yerinə yetirilməsi, intizamsızlığın qarşısının qəti alınması, yerli əhaliyə qarşı nalayiq hərəkətlərə və qarətçilik hallarına yol verilməməsi böyük əhəmiyyətə malikdir.
Müasir şəraitdə şəxsi heyətin intizamı və mütəşəkkilliyi aşağıdakılarla bağlıdır:
- hərb işinin inkişaf etməsi, hərbi hissələrin müasir silahlarla və döyüş texnikası ilə təchiz olunması, döyüş aparma üsullarının kökündən dəyişməsi ilə;
- müasir silahların bir çox növlərinin kollektiv surətdə istifadə olunması, həmin silahların müvəffəqiyyətli tətbiqi ekipaj və heyət üzvlərinin, müxtəlif ixtisaslı hərbi qulluqçuların dəqiq, birgə və bacarıqlı hərəkətlərindən asıllığı;
- hərbi hissələrin müasir silah növləri ilə təchiz edilməsi, bu silahlardan istifadə etmə üsul və qaydalarının öyrənilməsində mövcud olan çətinliklərlə bağlı gərginliyin artması, müasir müharibədə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasının zəruriliyi ilə.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın silahlı qüvvələri tərəfindən təcavüzə məruz qaldı. 1991-1993-cü illərdə Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı birləşmələri tərəfindən işğal olundu.
Həmin illərdə ictimai-siyasi vəziyyət qeyri-sabit idi. Ölkədaxili çəkişmələr, respublika rəhbərliyinin dövlət idarəetmə sahəsində səriştəsizliyi bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da öz mənfi təsirini göstərirdi. Vahid komandanlığın olmaması pərakəndə hissə və birləşmələrin həyat və fəaliyyətini tənzimləməyə və onlara nəzarət etməyə imkan vermirdi. Bu isə hərbi hissələrdə nizamnamə qaydalarının kobud surətdə pozulmasına, şəxsi heyətin hüquqlarının tapdalanmasına, fərariliyin kəskin surətdə artmasına, döyüş meydanının özbaşına tərk edilməsinə, komandirlərin əmrlərinə və göstərişlərinə tabe olmamağa gətirib çıxarırdı. Belə hərbi hissələrin bütün döyüş əməliyyatları uğursuzluqla nəticələnirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli xahişilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunu öz xüsusi diqqətinə götürdü və qısa bir müddətdə ordumuzun yüksək döyüş qabiliyyətli olması üçün təsirli tədbirlər gördü. 1993-cü ilin axırlarında, 1994-cü ilin yanvar-may aylarında Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatlarının uğurlu olmasında vahid komandanlığın, möhkəm şüurlu hərbi intizamın böyük rolu vardır.
Ulu Öndər 1993-2003-cü illərdə ordu quruculuğu ilə bağlı bütün çıxışlarında, Azərbaycan Ordusunun hissə və birləşmələrində şəxsi heyətlə bütün görüşlərində möhkəm hərbi intizamın əhəmiyyətini xüsusi vurğulamışdır. Belə görüşlərdən birində onun dediyi "Orduda, hər bir hərbi hissədə yuxarıdan aşağıyadək qanun-qayda, nizam-intizam, yüksək tələbkarlıq mövcud olmalıdır" sözləri  bu gün də bütün hərbi qulluqçuların Vətən, xalq və dövlət qarşısında məsuliyyətlərini çox dəqiq ifadə edir və onları intizamlı olmağa çağırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də dövlət başçısı ölkəmizin və ordumuzun inkişaf tendensiyasını, onun gücləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğuladı.
"Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Bizim hərbi potensialımız da möhkəmləndi. Ötən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərin həlli bizim hərbi gücümüzü daha da artırmışdır", - deyə ölkə başçısı ordunun inkişaf məsələsinə toxunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün hələ bərpa edilmədiyi, torpaqlarımızın düşmən işğalında olduğu bir vaxtda Azərbaycan Ordusunun gündəlik həyatında hərbi intizamın əhəmiyyəti gündən-günə artır. 2020-ci ilin qış tədris dövrünün yekunları bir daha göstərir ki, möhkəm hərbi intizam və qayda-qanun hərbi hissə və bölmələrdə yüksək döyüş hazırlığının əldə olunmasının əsas şərtidir. İkinci yarımillikdə isə qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün döyüş hazırlığının yüksəldilməsi, öz vəzifə borclarının şüurlu dərk edilməsi və onların vicdanla yerinə yetirilməsi hər bir hərbi qulluqçudan tələb olunur. Yalnız möhkəm hərbi intizama malik olmaqla, komandirlərin əmr və göstərişlərini dəqiq və sözsüz yerinə yetirməklə dərslərdə, təlimlərdə və gələcək döyüşlərdə yüksək nəticələr əldə etmək olar.
Aprel döyüşləri və Naxçıvan əməliyyatındakı qələbələr Azərbaycan Ordusunun düşmən üzərində böyük zəfərinin başlanğıcı oldu. Əminik ki, ordumuz belə qələbələrlə xalqımızı çox sevindirəcək və ərazi bütövlüyümüz tezliklə bərpa olunacaq!
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu gün də ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayır. O, öz çıxışlarından birində demişdir: "Azərbaycan Ordusu güclü ordudur. Biz çalışacağıq və əminəm nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".
Ordumuzun döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Azərbaycan Ordusunun yeni müasir texnika və silahlarla təchiz edilməsi, hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ordu quruculuğu dövlət üçün prioritet olduğu  üçün dövlətimizin müdafiə potensialı artır, ordumuz daha da güclənir. 
Hər bir hərbi qulluqçu ona göstərilən diqqət və qayğını, etimadı dərindən dərk etməli, hərbi xidmətində "yüksək hərbi intizam döyüşdə qələbənin təməlidir" şüarına əsaslanmalıdır, döyüş hazırlığı məşğələlərində və xidməti fəaliyyətdə öz intizamı ilə fərqlənməlidir.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi