Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2020 10:05

“Bu parad da Azərbaycan Ordusunun hansı səviyyədə nizami ordu olduğunu təsdiqlədi”

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada hərbi parad keçirilib. Qələbə paradının vaxtı koronavirus pandemiyasına görə mayın 9-dan iyunun 24-nə dəyişilmişdi. Xatırladaq ki, 1945-ci ildə Böyük Vətən müharibəsində Qələbədən sonrakı məşhur parad da iyunun 24-də keçirilmişdi.
Paradı Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin, fəxri qonaqlar və veteranlar izləyib. Tədbirdə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə qonaq qismində Azərbaycan Respublikasının  Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.
Hərbi paradda 14 minə yaxın hərbçi, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan, Özbəkistan hərbi qulluqçuları iştirak ediblər. Qızıl meydanın üzərindən 75 təyyarə və helikopter uçub, tribuna önündən 200 müasir və müharibə dövrünə aid 18 hərbi texnika keçib.
Azərbaycan Ordusunun 75 hərbçisindən ibarət parad heyəti hərbi marşla tribuna önündən keçib. Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb. Təntənəli mərasimdə ölkəmizi layiqincə təmsil edən Azərbaycan Ordusunun parad heyəti rəsmi səfərini başa vuraraq Azərbaycana qayıdıb. Heyətin rəhbəri, Müdafiə Nazirliyi Fəxri Qarovulun rəisi mayor Samiq Məmmədov yubiley paradından söz açmazdan əvvəl Böyük Vətən müharibəsində xalqımızın iştirakından, göstərdiyi qəhrəmanlıq nümunəsindən danışıb.
- Böyük Vətən müharibəsinin ağrı-acılarını xalqımız döyüşən orduda da, arxa cəbhədə də çəkib. Azərbaycanlılar ön xətdə, döyüşlərdə də, arxa cəbhədə də tarixi əzmkarlıq göstəriblər. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi qələbə ilə başa çatdı. Azərbaycanın bu tarixi Qələbədə xidməti bütün dünyada etiraf edilib. Xalqımızın igid oğulları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədovun, Aslan Vəzirovun, Adil Quliyevin, Ziya Bünyadovun, Gəray Əsədovun, Məlik Məhərrəmovun, Mehdi Hüseynzadənin, generallar Mahmud Əbilovun, Akim Abbasovun, Tərlan Əliyarbəyovun, Hacıbaba Zeynalovun və başqalarının istər döyüşən orduda, istərsə də partizan hərəkatında iştirakı, qəhrəmanlığı, qətiyyəti, qorxmazlığı tarixdir və bu tarix zaman-zaman yaşayacaq, yaşadılacaq. Bu tarix böyük igidlik olmaqla əsl örnək vətəndaşlıq kimi yaddaşlardadır.
İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı neftinin də əvəzsiz rol oynadığını vurğulayan mayor Samiq Məmmədov qeyd edib ki, o illərdə hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib. Bir sözlə, canlı qüvvəmizlə bərabər neftimizin də faşizm üzərində qələbənin əsas amillərindən biri olduğunu bildirən zabit belə bir təntənəli və əhəmiyyətli parada iştirakçı olmağın qürurundan danışıb.
- Səmimi deyim ki, o hissləri sözlə ifadə etmək çox çətindir. Çünki ordumuzu, eyni zamanda, respublikamızı təmsil etmək böyük şərəf və yüksək qürurverici hisslərdir. On üç ölkənin hərbçilərinin iştirak etdiyi paradda Qafqazın ən güclü ordusunun nümayəndəsi kimi çıxış etmək ikiqat qürurludur. Bu qüruru və sevinci heyətimizin hər bir üzvü yaşayırdı. Hər biri yüksək hazırlıq, bacarıq və məsuliyyət nümayiş etdirdi. Hələ parada hazırlıq dövründə məşqlər edərkən keçidimiz parada komandanlıq edənlər tərəfindən yüksək qiymətləndirilir, digər ölkələrə nümunə göstərilirdi. Parad günü də keçidimiz çox möhtəşəm alındı. Mərasimi tribunadan fəxri qonaq qismində izləyən dövlət rəsmiləri arasında Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənovun olması bizi daha da ruhlandırdı. Bir sözlə, Azərbaycan Ordusunun hansı səviyyədə nizami ordu olduğunu yüksək səviyyədə nümayiş etdirdik.
Göstərilən etimada görə yuxarı komandanlığa təşəkkürünü bildirən mayor Samiq Məmmədov daha sonra deyib:
- Ali Baş Komandan İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir silah və texnikası, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı ən yüksək səviyyədədir. Bir zabit, bir vətəndaş kimi əminəm ki, ordumuz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaqdır.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"