Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2020 15:00

Bayramın mübarək, Vətən əsgəri!

Müasir Azərbaycan Ordusu Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olsa da, o, nizami ordu kimi Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra yaradıldı, böyük tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən nizami ordu kimi formalaşdırıldı...
Həyata keçirilən irimiqyaslı islahatlar, müxtəlif təyinatlı müxtəlif miqyaslı təlimlər Azərbaycan Ordusunun döyüş hazırlığını yüksəltmişdir. Həyata keçirilən eyni mahiyyətli müxtəlif tədbirlər ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsinə əsaslı təsir göstərmişdir.
2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnütdə qazanılan qələbələr ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu, ictimaiyyətin orduya güvəncini, inamını artırdı. Aprel döyüşlərinin hərbi dəyərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə ifadə edib: "Aprel  döyüşləri hərbi dərsliklərə salınmalıdır...". Bu qüruru çağırışçılar da, yeniyetmələr də böyük qürurla yaşayır. O illərin yeniyetmələri indi hərbi xidmətdədir. Ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərimizin düşüncələri bu günün çağırışçılarına vətənpərvərlik tövsiyəsidir...
Dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrini Böyük Qələbəylə tamamlamağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
26 İyun Silahlı Qüvvələr Günüdür.
Nümunəvi xidmət edən bir qrup hərbi qulluqçunun bayram ərəfəsində redaksiyamıza ünvanladığı məktubları dərc edirik...
"Azərbaycan Ordusu"
2016-cı ilin Aprel döyüşləri zamanı məktəbliydim.
Mən də digər həmyaşıdlarım kimi 2016-cı ilin Aprel döyüşləri haqqında yazılanları diqqətlə oxumuşdum, verilişlərə maraqla baxmışdım, qürurlanmışdım. Belə bir orduya malik olan Azərbaycanımızla qürurlanmışdım, indi daha böyük arzularla, istəklərlə qürurlanıram. Qazanılan qələbəyə görə onda da qürurlanmışdım, indi də qürurlanıram. Yeniyetmə kimi çağırışçılara həsəd aparanlardan biri də mən idim.
O vaxtlarda sinif yoldaşlarım kimi mən də "Biz qayıdacağıq!" bədii filmində Zakirin yaşadıqlarını yaxşı duyurduq. Yoldaşlarımdan neçəsi hərbçi olmağı qərara aldı. Yəni, biz də Zakir yaşda olanda Vətənin üzləşdiyi müharibəni yaxşı dərk edirdik. Bilirdik ki, bu yaşda bizi oralara buraxmazlar. Ona görə də döyüşləri döyüşənlərə həsəd apara-apara izlədik...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aprel döyüşləri və qazanılan qələbə haqqında dedikləri hamı kimi mənim də düşüncələrimə hopmuşdu, indi də düşüncələrimdədi. Çağırış yaşıma qədər ötüşən illəri bu qürurla yaşamışam, hərbi xidmətə bu qürurla gəlmişəm.
Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradları mən də böyük maraqla, sevgilərlə, qürurla izlədim. İzlədim və qürurlandım ki, yaxın vaxtlarda belə güclü, ən müasir döyüş texnikalarına malik olan ordunun əsgəri olacam.
Hərbi xidmətə başlayanda Hərbi Nizamnamələrin də, komandirlərimin də, təcrübəli əsgər yoldaşlarımın da dediklərini - tövsiyələrini yerinə yetirirdim. Bu, mənim hərbi biliklərimin artırılmasında mühüm rol oynadı. Bu biliklər mənim təlimlərdə də fərqlənməyimi təmin etdi. Fərqlənmək isə xidmətin uğurlu davamı üçün başlıca şərtlərdəndir. 
Döyüş növbətçiliyinə gedəndə komandirimdən eşitdiyim bir fikri xatırlayıram: Döyüş növbətçiliyinlə Vətənin təhlükəsizliyini qoruyursan. Bu fikir digər əsgər yoldaşlarım kimi mənim də hərbi xidmətimin mahiyyətidir. Yəni, Vətənimizi qorumağımla qürurlanıram.
Atamın hərbi xidmət xatirələrini dinlədikcə özümü hərbi xidmətdə hesab edirdim. Tanımadığım həmyaşıdlarımla az müddətdə dostlaşdıq, doğmalaşdıq. Hamımız inanırıq ki, atam demişkən, belə doğmalaşma son nəfəsəcəndi. Mən də əsgər yoldaşlarım, dostlarım kimi əsgər dostluğunu yaşadacağam...
Azərbaycan Ordusunun yaranması gününün sevincini yaşayanları, bu sıradan bütün hərbçiləri ürəkdən təbrik edirəm, hər birinə xidmətində uğurlar arzulayıram. İctimaiyyət əmin olsun ki, Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq, torpaqlarımız işğaldan azad ediləcək.
Əsgər Məhəmmədəli VERDİYEV, "N" hərbi hissəsi 
Silahlı Qüvvələr Günü Vətənini sevən hər bir vətəndaşın qürurla, fəxarətlə, sevinclə bayram etdiyi bir gündür. Müstəqil dövlətimizin 102 illik ordusunun sıralarında xidmət edərək Vətən qarşısında müqəddəs borcu yerinə yetirmək qürurvericidir. Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş hərbi paradı böyük sevinc, heyranlıq hissi ilə izləmişdim. Bu gün mən güclü, qüdrətli ordumuzun əsgəriyəm. Ön xətdə torpaqlarımızı inamla müdafiə edirəm, mən də əmrləri məsuliyyətlə  yerinə yetirirəm.
Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Ordumuzu  nizami ordu kimi formalaşdıran ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda hərbi təhsilə böyük diqqət yetirirdi. Çətinliklə də olsa Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış ibtidai hərbi məktəbin yaradılmasına nail oldu.  Ordumuzun güclənməsində bu məktəbin məzunlarının da böyük xidmətləri olub. Biz əsgərlərdə bu hərbi təhsil ocağında formalaşan bilikli, hazırlıqlı komandirlərimizin sayəsində hərbi biliklərimizi artırırıq. Düşmənin təxribat cəhdlərinin qarşısını qətiyyətlə alırıq.  Səngərləri sərhədlərimizə köçürəcəyimiz günün həsrəti ilə xidmət edirik.
Xalqımızın orduya inamı bizim döyüş əzmimizi, qələbə ruhumuzu daha da artırır. Bu əzm, bu ruh 2016-cı ilin Aprel zəfərinin davamına, Böyük Qələbəyə səsləyir...
Azərbaycan əsgəri olaraq üzərimizə düşən məsuliyyəti dərk edir, komandirlərimizin tövsiyələrini dinləyir, keçirilən dərsləri dərindən mənimsəyirik. Vətəni qoruyanları, Vətəni qoruyanlara güvənənləri bu bayram günü münasibətilə təbrik edirəm.
Əsgər Rüstəm RƏHİMOV, "N" hərbi hissəsi
Hərbi xidmətdə olduğum günlər ömür kitabıma böyük hərflərlə yazılıb. Bilirəm ki, bu cür yazılar, bu cür anlar heç vaxt yaddaşlardan silinməyəcək, yada düşəcək, xatırlanacaq.
Mənim üçün də əsgər olmaq böyük şərəfdir. Qoynunda dünyaya göz açdığın torpağın keşiyini çəkmək, onu qorumaq çox müqəddəs bir vəzifədir.
Bu gün əsgərəm, Vətənin keşiyindəyəm, onu qoruyuram. Qoruyuram ki, onun torpağına, daşına düşmən ayağı dəyməsin, xalqımız əmin-amanlıq içində yaşasın.
Ordu sıralarına böyük ovqat və həvəslə gəlmişəm. Bu həvəs, bu ovqat məni hərbi bilikləri daha da dərindən öyrənməyə ruhlandırıb. Xidmətimin ilk günlərindən başlayaraq, həm nəzəri, həm də əməli məşğələlərdə fəal iştirak etməyə çalışıram. Bu fəallığım, bu çalışqanlığım həmişə uğurlar gətirib. Məşğələ prosesində silahların sirlərini öyrəndim, döyüş vərdişlərinə yiyələnirəm. İlk atış çalışması zamanı hədəfləri dəqiq vurub fərqlənənlərdən biri də mən oldum. Qazandığım uğurlar mənə böyük sevinc verdi. Uğurlarımız bizə məşğələ keçən zabitləri də sevindirdi.
Xidmət günlərim arxada qaldıqca daha böyük uğurlar qazanıram. Buna görə də döyüş  hazırlığım yüksək səviyyədədir.
Azərbaycan əsgəri olaraq Ali Baş Komandanın əmr və göstərişlərini biz də böyük məsuliyyətlə yerinə yetiririk. Hərbçilərin xidməti vəzifəsi Ali Baş Komandanın döyüş əmrini də yerinə yetirəcək, torpaqlarımızı işğaldan azad edəcəkdir. Əminliklə deyə bilərəm ki, döyüş hazırlığımız yüksək olduğuna görə biz bu tapşırığın, bu vəzifənin öhdəsindən bacarıqla gələcəyik. Valideynlərimizin, doğmalarımızın yanına zəfərlərlə, qələbələrlə qayıdacağıq. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməsə, biz onu Ali Baş Komandanın əmriylə müharibə yolu ilə azad edəcəyik.
Azərbaycan əsgəri sinəsinə sıxdığı silahı ilə işğalçıları məhv edəcək, düşmən üzərində tarixi  qələbə qazanacaq.
Azərbaycan Ordusunun 102-ci ildönümünün sevincini yaşayırıq. Biz də cəsarəti və hünərimizlə  ordumuzun qəhrəmanlıq tarixinə yeni-yeni şanlı səhifələr yazacaq əsgərlərin sırasında olmaq istəyirik. Bu əlamətdar gün münasibətilə mən ordumuzun bütün şəxsi heyətini ürəkdən təbrik edir və xidmətlərində uğurlar arzulayıram.
Əsgər Bahadur  ƏMİRASLANOV, "N" hərbi hissəsi
Hər yaşın özünəməxsus xüsusiyyətləri olur. Yeniyetmə olanda daha tez böyüməyi, daha tez cavanlaşmağı arzulayırdıq. Müharibə bizim də düşüncələrimizi bürümüşdü. 2016-cı ilin aprelində bütün yeniyetmələrin bir təəssüfü eyni çılğınlıqla yaşadığına zərrəcə şübhəm yoxdu. Bunu hərbi xidmətin ilk günlərində əsgər yoldaşlarımla söhbətlərdən də eşitmişdim. Onda qürurla dedik ki, biz Aprel döyüşlərinin iştirakçılarının qazandığı qələbəni Böyük Qələbəylə tamamlayacağıq. Döyüşlərdə, qələbə paradında biz də iştirak etmək istəyirik.
Çağırışçı yaşına çatdıq. Gün gəldi, hərbi xidmətə çağırıldıq...
İndi əsgərəm, ön xətdə xidmət edirəm, döyüş növbətçiliyi aparıram. Gənc əsgər kimi hərbi bilikləri böyük həvəslə, böyük məsuliyyətlə öyrənmişəm. Nizamnamələrin tələblərinə ciddi əməl etmişəm, indi də edirəm. Digər əsgər yoldaşlarım kimi, mən də Hərbi anda sədaqətlə xidmət  edirəm. Komandirlərimin və təcrübəli əsgər yoldaşlarımın tövsiyələri də mənim formalaşmağımda əhəmiyyətli oldu...
Asudə vaxtlarımızda bütün söhbətlərimiz Vətəndən olur, qələbədən olur, torpaqlarımızın işğaldan azad edilməsindən olur. Komandirlərimiz deyir ki, bu söhbətlər də döyüş əzmi, qələbə ruhu deməkdi. Biz də Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazırıq. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Mən bütün hərbi qulluqçuları Silahlı Qüvvələr Günü münasibətilə əsgər yoldaşlarım adından təbrik edirəm. Onları əmin edirəm ki, bundan sonra da məsuliyyətlə xidmət edəcəyik.
Əsgər Vüsal QULİYEV, "N" hərbi hissəsi