Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2020 10:30

Böyük Qələbənin paradı möhtəşəm olacaq!

Səriştəsizliyə, siyasi ambisiyalara, separatçılığa görə Azərbaycanda siyasi vəziyyət vətəndaş müharibəsi həddində idi. Onda xalq ciddi təkidlə, dönməz inamla, dünyəvi ehtiramla böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Ulu Öndər xalqın çağırışıyla hakimiyyətə qayıtdı. Bu qayıdışla separatçılığın qarşısı alındı, dövlətə, dövlətçiliyə deyil, fərdlərin siyasi mənafeyinə xidmət edən silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, başlama ərəfəsində olan vətəndaş müharibəsi aradan qaldırıldı - Azərbaycanın dövlətçiliyi xilas edildi...
1993-cü il noyabrın 2-də ulu öndər Heydər Əliyevin radio və televiziya ilə xalqa müraciət etməsi, bu müraciətin xalqı azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirməsi ordu ilə xalqın birliyini təmin etdi. Xalqın orduya inamı, ordunun xalqa güvənci artdı. Bu amil ordu quruculuğunun uğurla aparılmasında əlavə stimul oldu.
Uğurlu Horadiz əməliyyatından sonra Ermənistan rəhbərliyi atəşkəs imzala-mağa məcbur oldu. Yaranmış vəziyyət ordu quruculuğunu daha dinamik, elmi-hərbi istiqamətdə davam etdirməyə şərait yaratmışdı. Ulu Öndərin dövlətçilik təcrübəsi, siyasi, siyasi-hərbi səriştəsi, orduda irimiqyaslı islahatlar Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasının başlanğıcı oldu.
Yerli müdafiə batalyonlarının buraxılması, orduda vahid komandanlığın təmin edilməsi ilə davam etdirilən ordu quruculuğunun uğurlarına əlavə imkanlar yaratdı.
Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyev nizami ordu səviyyəsində formalaşdırdığı ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi məqsədilə dəfələrlə ön xətdə, səngərlərdə əsgər və zabitlərə dəyərli tövsiyələr verdi, nümunəvi xidmətiylə fərqlənənləri mükafatlandırdı. Bununla da özlüyündə mənəvi-psixoloji hazırlığın səviyyəsinin yüksəldilməsində gərəkli əlavə stimul oldu...
Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, silahlanmaya ən müasir silahların daxil edilməsi, hərbi hissələrin təminatının yüksəldilməsi, müxtəlif miqyaslı təlimlərlə şəxsi heyətin döyüş hazırlığının artırılması ordu quruculuğu prosesinin dönməzliyini təmin etdi.
Azərbaycanda hərbi təhsil sisteminin yüksək səviyyədə olmasını dünya döv-lətlərinin mütəxəssisləri də təqdir edir. Bunun nəticəsidir ki, MDB-yə üzv olan bir neçə dövlət ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imzalanmış sazişlərə əsasən bu ölkələrin hərbi qulluqçuları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil alırlar. Azərbaycanın ali hərbi məktəblərinin maddi-texniki bazaları dünya standartlarına, bu baxımdan NATO standartlarına uyğun olmasaydı, tərəfdaş dövlətlər gələcək hərbi qulluqçularının Azərbaycanda hərbi təhsil almasını istəməzdi.
Ötən illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri xeyli genişlənmiş və keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. 1994-cü il mayın 4-də Azərbaycan Respublikasının NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulması, hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramının hazırlanması, proqrama əsasən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin NATO-nun hərbi məktəblərində, kolleclərində və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropa təhlükəsizlik sahəsində əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirakı bu qəbildəndir...
Azərbaycanda ordu quruculuğu dövlət üçün prioritetdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin azərbaycançılıq ideologiyasını, ümumən siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirir. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Azərbaycan Ordusu dinamik inkişafdadır. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun qadirliyini göstərdi, Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlar Azərbaycan Ordusunun qüdrətinin göstəricisi kimi izlənildi. Ordunun şəxsi heyəti də, ictimaiyyət də əmindir ki, ən möhtəşəm hərbi parad Böyük  Qələbənin paradı olacaq!

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"