Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2020 11:10

“Xalqın, dövlətin adına xeyirli niyyət həmişə gerçəkləşir”

Nə müddətdi könlümün kürlüyünü kürüyə bilmirəm. Bu kürlük ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparanların əhatəsində kürünəcək; bu kürlük müharibə səbəbindən yaranmış ön xətdə, səngərdə döyüş növbətçiliyi aparanlara sevgidəndi. Bu sevgi Vətənə sevgimizin döyüş əzminə, qələbə ruhuna bələd olduğumuz əsgərlərə ehtiramdı. Bu əzmin, bu ruhun qalibiyyəti ən müasir silahlarla, qurğularla silahlanmış ordumuzun şəxsi heyətinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığına söykənib. İctimaiyyət bu əzmin dönməzliyini, bu ruhun qətiyyətini orduya inamın, güvəncin ifadəsi bilir. Bu inam, bu güvənc Ali Baş Komandanın döyüş əmrinin qələbəylə tamamlanacağına inamdı.
1993-cü ilin dekabrında Murovdağdaydım. Əsgərlərimiz “N” yüksəkliyində döyüş növbətçiliyini dəyişdirirdi. Qarda, buzda, soyuqda, sazaqda o hündürlüyə kəndirdən istifadə edilməklə çıxmaq təhlükəsini görürdüm. Büruzə verməsəm də bir qədər həyəcanlanmışdım. Mayor Qurban Qurbanov qürurla əsgərlərə baxıb demişdi:
- Azərbaycan əsgəri bilir ki, döyüş növbətçiliyi döyüş hazırlığının davamıdı, döyüş hazırlığı Ali Baş Komandanın əmrini qələbəylə tamamlamaq üçündü - Vətən üçündü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamı Azərbaycan əsgərinin yerinə yetirəcəyi müqəddəs vəzifənin mahiyyətini müəyyənləşdirir: Güclü ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Mayor Qurban Qurbanovun inamla dediklərini mayor Bəhram Ləzimovun fikri tamamlamışdı:
- Döyüş növbətçiliyinə əzmlə gedən əsgərlərimiz döyüş əmri veriləndə əzmlə, qələbə ruhuyla döyüşəcəklər də, qələbə qazanacaqlar da.
Zabitlərin əsgərlərə güvənci də, döyüş növbətçiliyinin mahiyyətinin bu səviyyədə dərki də könlümü telləndirmişdi. Bir neçə saat əvvəl digər mövqedə baş leytenant Sahib Aslanovun tavar sazda havalandırdığı "Ruhani"nin ovqatıyla döyüş növbətçiliyinə gedən əsgərlərimizə bir də baxmışdım. Əsgərlərin döyüş növbətçiliyinə gedişində bayaq "Sarıtel"in xallarına-güllərinə sarılan qoşmanın mahiyyətini görmüşdüm: Vətən, sənə qurban olum!..
Xatırlatdıqlarımı eşidincə Qurban üzü Kəlbəcərə sarı baxmışdı:
- Ali Baş Komandanın döyüş əmrinin ilk günü buraları da "Arxada Vətən durur" deyə anacağıq. Böyük Qələbə qazanacağıq və ondan sonra Azərbaycanın dövlət sərhədlərində dayanan əsgərlər Azərbaycanın sərhəd bütövlüyünü qoruyacaqlar.
Düşüncələrimdə nizama düzülən misralar əsən qanadlı yellərə qarışmışdı:
Bu ağ qarda, göy buzda

Əsgərin döyüş əzmi

Ruhumuzla tən durur.

Öndə düşməndi,

ancaq

Arxada Vətən durur...
Mahiyyəti bu söhbətin davamı olası söhbəti eşitməyin təşnəsindəyəm. O söhbət açılan səhərin yaxasına can atan mehlə süslənəcək. Salam-əleykdən sağollaşanacan əsgərlərimizin gözəl düşüncələrinin zəmanətiylə döyüş və mənəvi-psixoloji hazırlıqdan danışacağıq, zabitlərin xatirələri yenə əsgərlərin döyüş əzminin, qələbə ruhunun işığına qarışacaq. Bu düşüncələr içində əsgərlərin səngərin o üzünə yönələn baxışları baxışlarımı özünə çəkəcək. "Əsgərlərin, bu əsgərlərin timsalında Azərbaycan Ordusunun bütün əsgərlərinin döyüş növbətçiliyini Böyük Qələbəyə aparacaq yolun başlanğıcı bilirəm", - deyəcəm. Zabitlər də, əsgərlər də məmnunluqla göy üzünə baxacaq. "Belə könüləyatımlı havada belə könüləyatımlı söhbəti yaxın vaxtlarda Cıdır düzündə davam etdirərik" - zabitlərdən biri mütləq bu məzmunlu nəsə deyəcək...
Ön xətdə, səngərlərdə bütün söhbətlər döyüş əzmiylə, qələbə ruhuyla tamamlanır. Söhbətin mahiyyətində əsgərlərin düşüncələriylə düşüncələrin arasında yaranan tarazlığı, mütənasibliyi, uyğunluğu, oxşarlığı, hərdən eyniliyi məntiqi baxımdan məmləkətin inamla, əminliklə gözlədiyi bir günün dan yeri bilirsən. Və bu bənzəyiş sənin də, avtomatın qundağını sıxan əsgərlərin də, baxışları döyüş növbətçiliyinə gedənlərin keçib getdiyi cığıra sarılır. Həsəddimi, dost sevgisi olaraq baxış uğurlamasıdımı? Hər nədirsə, bu baxışların mahiyyəti döyüş növbətçiliyinin mahiyyətini nurlandırır. Bu mahiyyət döyüş növbətçiliyindən qayıtmış əsgərin də, günün nizam qaydalarına uyğun olaraq bir azdan, vaxtı çatanda döyüş növbətçiliyinə gedəcək əsgərin də könlünə yatır. Mənim könlüm bu könüllərin pərvanəsinə dönməyə meyillənir. Vətəni bunca sevdikləri üçün, Vətənə bunca sədaqətlə xidmət etdikləri üçün, döyüş növbətçiliyini səngərdən Böyük Qələbəyə aparacaq yolun başlanğıcı bildikləri üçün, ...
Ötən il Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına postda döyüş növbətçiliyndən qayıtmış əsgərlə kəlmələşirdim. Hiss edilməsi olduqca çətin olan bir duyğusallıq çökmüşdü baxışlarına. Eyni məzmunlu baxışlarım onun baxışlarında dolaşıq düşən anlarda avtomatı köksünə sıxmışdı:
- Hər dəfə döyüş növbətçiliyinə gedəndə elə bilirik ki, Çingiz də bizimlədi. Elə bilirik ki, postda yan-yana dayanmışıq və bu güc, bu qüdrət qarşı tərəfin altını-üstünə çevirməyə qadirdi. Yəni, döyüş növbətçiliyi hər əsgərin ruhunun qanadına dönür, döyüş əzminin, qələbə ruhunun yolgöstərəni olur.
Əsgərin belə bir gərəkli düşüncəsini düşüncələrimə hopdurduğum anlarda zabit Rüstəm Məmmədov Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığını müəyyənləşdirən bir mətləbə toxunmuşdu:
- Döyüş növbətçiliyinə gedən əsgərlər də, döyüş növbətçiliyindən qayıdan əsgərlər də Çingizin barelyefi qarşısında ayaq saxlayır, müəyyən mənada, onun daş baxışlarıyla kəlmələşirlər. O daş baxışlar döyüş növbətçiliyinə gedənlərə xeyir-duaya, döyüş növbətçiliyindən qayıdanlara təşəkkürə dönür. Bu səbəbdən də hər əsgər "Çingizin döyüş yolunu biz qələbəylə tamamlayacağıq!" - deyir...
"Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun obeliskdən dikələn baxışları da siz əsgərlərə ünvanlanan, xalqın, dövlətin adına xeyirli niyyətdi və belə niyyətlər həmişə gerçəkləşir" - demişdim. Əsgərlər "Elədir" demişdilər. Bu incə, tərəddüdsüz təsdiqin işığından boylanmışdım qarşı tərəfə. 
Neçə il əvvəl ön xətdən, səngərdən yazdığım bir reportajı xatırlayıram: Əsgər ürəyindən başlayır Vətən. Bu fikri bir qədər də ucadan deyəcəm, 2016-cı ilin Aprel döyüşlərini xatırlayıb da bir qədər də qürurla deyəcəm. Murovdağdan Kəlbəcərə sarı baxdığım anların kövrəkliyini silələyən inama sarılıb deyəcəm. Göy üzünün buludsuz üzünə sığal çəkən baxışların tünlüyündə şəhidlərimizin qayibanə səsini eşidəcəm: Sırada olanların özü, şəhidlərin ruhu əsgərdi. Əsgərlər duyğulanacaq, bir az əvvəl dediyim bir fikrin cazibəsində deyəcəklər: Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq, səngərləri sərhədlərə köçürəcəyik!..
Vətəndən danışanların Vətənləşən baxışlarına sığınacam...        
Neçə illər əvvəl Novruz bayramı ərəfəsində Tərtərdə səngərli günümün bir məqamını unutmamışam.
Əsgərlərdən birinin baxışlarını kövrəklik bürümüşdü. Mənim xahişimlə Pənah əsgərdən soruşmuşdu ki, niyə qayğılısan. Əsgər dillənməmişdi. Pənahın da, mənim də, əsgər yoldaşlarının da umacaqlı baxışının inadkarlığını duyunca alnını ovuşdurmuşdu:
- Novruz bayramının əlləri o yerlərə çatmır, aranı Ermənistanın elan etmədən başladığı müharibə kəsib, müharibənin nəticəsi olan işğal kəsib. Ürəyimi üzən oralarda da belə tonqallar qalaya bilmədiyimizin sıxıntısıdı, komandir, - demişdi. - Qələbədən sonra düşmənin səngərinin yaxınlığındakı o qara daşın yan-yörəsində qalayacağımız tonqalı həm Qələbə tonqalı, həm də hansı ay olursa-olsun, Novruz tonqalı adlandıracağıq...
"Əsgərin niyyətində çırpınan qələbə niyyəti bütün əsgərlərin, ümumən Azərbay-can Ordusunun niyyətidi",  - Pənah belə demişdi. Gecənin qaranlığını təkcə tonqalın şöləsi didişdirmirdi, gecəni həm də Pənahın əsgərlərə etibarınıın işığı didişdirirdi. Bu qoşa işığı bir azdan söküləcək dan yerinin əzəli bilmişdik. İki aydan sonra Azərbaycan Ordusu Ağdərəni azad etdi. Bu, Goranboy əməliyyatından sonra növbəti uğurlu hücum əməliyyatıydı. Qələbənin səhərisi gün Pənaha əsgərin niyyətini xatırlatdım. Yusif dedi ki, Pənahın təklifiylə Ağdərədə könül açan bir tonqal qaladıq. Bu haqda da danışacam. Əsgərlər bir daha əmin olacaqlar ki, xalqın, dövlətin adına xeyirli niyyət həmişə gerçəkləşir...
Hansı söz tərkibləriylə ifadə olunmasından asılı olmayaraq Tərtərdə, səngərdə əsgərdən eşitdiyim yaşarı niyyəti bu günün əsgərlərindən də eşidəcəm. O anların qüruru könlümüzü telləndirəcək. "Xalqın, dövlətin adına xeyirli niyyət həmişə gerçəkləşir" deyəcəyik. Kəlmələr sona yetər-yetməz göy üzünün buludu dağılacaq. Sağollaşma ərəfəsində əsgərlər deyəcək ki, xalqın, dövlətin adına xeyirli niyyət həmişə gerçəkləşir...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist