Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2020 11:10

“Qələbədə bizim də töhfəmiz olacaq”

Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının yaradılmasından 26 il keçir.
Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatı fəaliyyətə 1994-cü il iyunun 16-da başlayıb.  Müasir ordu quruculuğunun ideoloji sahələrindən biri olan Hərbi Nəşriyyat sovet ordusundan milli orduya təhvil verilən "Xəzərin keşiyində" qəzetinə məxsus mətbəənin bazasında yaradıldı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətə başladı.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan geniş işlər Hərbi Nəşriyyatın  da fəaliyyətinin nizama salınmasına şərait yaratdı. Xidməti nəşrlərin buraxılışı üzrə nəşriyyat fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Nəşriyyat işi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunları və nəşriyyat fəaliyyəti sahəsində digər normativ hüquqi aktlar təşkil edir.
Azərbaycan Ordusunda xidməti nəşrlərin buraxılışı üzrə nəşriyyatın fəaliyyətinin əsas tapşırığı Azərbaycan Ordusunun hərbi idarəetmə orqanları, müəssisə, hərbi hissə və təşkilatların keyfiyyətli və müasir tələblərə cavab verən nəşriyyat məhsullarına olan ehtiyacını vaxtında və tam şəkildə ödəməkdir.
Hərbi Nəşriyyatın ordumuzun şəxsi heyətinin maariflənməsində, zəruri ədəbiyyatlarla, əyani təbliğat vasitələri ilə təmin olunmasında mühüm xidmətləri vardır.
Xidməti nəşrlərin - dərs vəsaitlərinin, təlimatların, jurnalların, qəzetlərin, blankların yüksək poliqrafik səviyyədə çap olunub, ordumuzun şəxsi heyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. 13 ildir bu cür peşəkar və mehriban kollektivdə çalışan mülki işçi Səadət Cəfərova hərbçilərlə birlikdə çalışmaqdan məmnunluğunu bildirdi. "Bu gün ofset sexinin çapçı köməkçisi vəzifəsində çalışıram. Müharibə şəraitində biz də üzərimizə düşən vəzifələrin öhdəsindən layiqli şəkildə gəlməliyik. Hərbi Nəşriyyatda çap olunan tədris vəsaitlərinin Vətənimizin keşiyində dayanan oğullarımızın döyüş qabiliyyətinin artırılmasında müstəsna rolu vardır. İnanıram ki, yüksək döyüş hazırlığına malik olan əsgərlərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcəkdir."
Ehtiyatda olan baş gizir Əliəhməd Şirvanov bildirdi ki, Qarabağ müharibəsi veteranıdır. Öyrəndim ki, işlədiyi müddətdə peşəkarlığı ilə yuxarı rəhbərliyin hörmət və rəğbətini qazanıb. 15 ildir Hərbi Nəşriyyatda işləyir. "İllər ərzində nəşr olunan sənədlərin yüksək səviyyədə hazırlanmasında kollektivimizin rolu böyükdür. Bundan sonra da vəzifə borcumuzu layiqincə yerinə yetirəcək, ordumuzun şəxsi heyətinin zəruri çap məhsulları ilə təmin olunmasında səylərimizi artıracağıq. Bu, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın azad olunmasına bizim töhfəmiz olacaq."
 
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"