Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2020 11:10

“Müstəqil Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!”

Azadlıq və müstəqillik həm hər bir ölkə vətəndaşı, həm də xalqlar, millətlər üçün ən müqəddəs və şirin nemət hesab olunur. Dövlət müstəqilliyimiz 70 ildən sonra bərpa olundu. Ulu Öndərin dediyi kimi, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onları əbədi, dönməz, sarsılmaz etmək bir o qədər də mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlığı və müstəqilliyi qazanmaq mümkünsüzdür.
1993-cü ilin 15 iyun günü xalqımız üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan Azərbaycanın inkişafında, müstəqilliyinin qazanılmasında, xoş, firavan gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan - ümummilli liderimiz Heydər Əliyevdir. Həmin tarixi hadisələrdən bizi 27 illik zaman kəsiyi ayırır...
Ulu Öndərin apardığı daxili və xarici siyasət Azərbaycan xalqının ümidlərini artırırdı. Yalnız dahi rəhbər Heydər Əliyevin siyasi təcrübəsi, dövləti idarəetmə bacarığı, iradəsi ölkəni və xalqı xaosdan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edə bilərdi. Azərbaycan xalqı bu mürəkkəb geosiyasi şəraitdə böyük siyasi xadimin hakimiyyətə gəlməsini qətiyyətlə tələb edərək öz tarixi seçimini etdi. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra hər şeydən öncə ölkədə əmin-amanlığın inkişafı üçün geniş imkanlar yarandı. Qısa zamanda cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv edildi. Yaranan ictimai sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etməyə imkan verdi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Ulu Öndərin siyasi təcrübəsi suverenliyimizin qorunub saxlanılmasında, müstəqil dövlət təsisatlarının yaranmasında və dövlət quruculuğu prosesində böyük rol oynadı. Müstəqil Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun ilk Konstitusiyası referendum  yolu ilə qəbul edildi. Bir sözlə, yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı  dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Müstəqil dövlətimizin keçdiyi inkişaf yolu göstərdi ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günü 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazıldı. Ulu öndər Heydər Əliyevin müdrikliyi, böyük siyasi təcrübəsi sayəsində Azərbaycan dövləti məhv olmaq, siyasi xəritədən silinmək təhlükəsindən, xalqımız vətəndaş müharibəsindən, yenidən hansısa xarici qüvvələrin təsiri altına düşməkdən xilas edildi. Ölkəmizin tarixi inkişafı tamamilə yeni, işıqlı və perspektivli gələcəyə istiqamətləndi.
Böyük siyasi xadim Heydər Əliyevin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. İndi regionda heç bir layihə Azərbaycanın razılığı və ya iştirakı olmadan həyata keçə bilməz. Azərbaycan bu illərdə dünyanın aparıcı dövlətləri ilə sıx münasibətlər qurdu,  ölkəmiz Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatlarda dalğalandı. Bu, bir xalqın, bir dövlətin məhz ulu öndər Heydər Əliyev zəhməti ilə başa gələn qələbəsi idi. Bu qələbənin əsası məhz 15 iyunda qoyuldu.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda da əsaslı dönüş yarandı. Azərbaycan Ordusunda baş alıb gedən neqativ halların, fərariliyin aradan qaldırılması, vahid komandanlıq prinsipinin bərqərar edilməsi, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, maddi-texniki təminatın gücləndirilməsi, bir sözlə, dünya standartlarına cavab verən müasir ordunun formalaşdırılması istiqamətində köklü tədbirlər həyata keçirilməyə başlandı.
Azərbaycan əsgərinin xoş sorağı bu gün beynəlxalq sülhməramlı əməliyyatlardan gəlir. İraq və Kosovoda əmin-amanlıq yaradılması üçün vaxtilə həmin bölgələrə ezam olunan bölmələrimiz üzərlərinə düşən missiyanı ləyaqətlə və məharətlə yerinə yetirirdilər. Hazırda Azərbaycan Ordusunun bölmələri Əfqanıstanda sülhməramlı əməliyyatlarda uğurla iştirak edir. Azərbaycan Ordusunun qazandığı bütün nailiyyət və qələbələr Ümummilli Liderin vaxtilə ordu quruculuğu sahəsində apardığı köklü islahatların nəticəsidir.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın "ölüm, ya olum" məsələsidir. Ümummilli lider Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması və qurtuluş deməkdir. Dəfələrlə söylənildiyi kimi, ulu öndər Heydər Əliyev sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.  
Ümummilli Liderimiz dünyaya onu da sübut etməyi bacardı ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün uğurla davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Ulu Öndərin əsasını qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası özünün parlaq bəhrəsini verməkdədir.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti, dövlətçiliyi inkişaf etdirən dəyərli və işıqlı gələcəyə ünvanlanan səmərəli islahatlara başlanıldı, ordu quruculuğu istiqamətində böyük uğurlara gətirib çıxaran çox inamlı və qətiyyətli addımlar atıldı.
1993-cü il noyabrın 2-də Ulu Öndər radio və televiziya ilə çıxış edərək ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına müraciət etdi. Bu tarixi müraciətində Ümummilli Lider Vətən təəssübü çəkənləri dövlətçiliyin müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc ordu sıralarına axışdı. Onlar qısa müddət ərzində təlim keçərək torpaqlarımızın müdafiəsində dayandılar. Formalaşmaqda olan Azərbaycan Ordusunun bölmələri bir sıra bölgələrdə uğurlu döyüş əməliyyatları həyata keçirərək düşməni dayandırdı və geri otuzdurdu. İşğalda olan neçə-neçə kənd və qəsəbələrimiz ermənilərdən azad olundu. Müharibədə nəzərəçarpacaq ciddi dönüş yarandı, zabit və əsgərlərin qələbə ovqatı, döyüş əzmi daha da artdı.
Ulu öndər Heydər Əliyev dövlətimizin imicini beynəlxalq aləmdə yuksəltdikdən sonra Silahlı Qüvvələrimizin də dünya ölkələrinin ordularına inteqrasiya etməsinə şərait yarandı. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri qısa vaxt ərzində möhkəmləndi və sevindirici haldır ki, bu proses indi də sürətlə davam etməkdədir. Ümummilli Liderimizin təşəbbüsü ilə Azərbaycan Ordusunun tərkibində yaranan və formalaşan sülhməramlı taborun şəxsi heyəti Kosovoda, Əfqanıstanda və İraqda sülhün qorunmasında fəal iştirak edib. Bu gün Azərbaycanın əsgər və zabitləri yenə də Əfqanıstan torpağında sülhyaratma əməliyyatlarında xidmətlərini uğurla davam etdirirlər.
Ümummilli Liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında son illərdə ordu quruculuğunda irimiqyaslı uğurlu islahatlar həyata keçirilir. Ordumuzun döyüş hazırlığının daha da artırılması məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır, yüksək səviyyədə icra olunur. Gündən-günə gücünü, qüdrətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə hər an hazır və qadirdir. Müntəzəm olaraq keçirilən təlimlər ordumuzun gücünü, qüdrətini, zabit və əsgərlərin döyüş hazırlığını, ustalıq dərəcəsini daim artırır. Bütün bunlar isə sabahkı böyük qələbələrimizdən, uğurlarımızdan xəbər verir. 
Azərbaycanda ordu quruculuğu prosesi bu gün də dövlət səviyyəsində, dövlətin qayğısı ilə davam etməkdədir. Bu mühümdən-mühüm iş şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir və gündən-günə orduya yeni-yeni uğurlar qazandırır. Dünyanın inkişaf etmiş ölkələrinin hərbi quruculuq təcrübəsi dərindən öyrənilir və müasir tələblərə cavab verən ordu yaratmaq istiqamətində səmərəli islahatlar uğurla davam etdirilir. Belə səmərəli islahatlar ordu quruculuğunun artan xətlə və sürətli inkişafına zəmin yaradır. Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək hərbi nizam-intizamın saxlanılması və möhkəmləndirilməsi istiqamətində çox mühüm, zəruri tədbirlər həyata keçirilir. Demək olar ki, bütün dünya dövlətləri Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu etiraf edir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin gündən-günə yaxşılaşdırılması, müasir silahlarla təminatı istiqamətində aparılan müsbət nəticə verən islahatlar sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı bir daha sübut etdi ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsinə və peşəkarlığının artmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarında və görüşlərində dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirərək, hər an öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməyə hazır olmalıyıq.
Hər bir xalqın xilaskar ordusu ilə öyünməyə, qürur duymağa mənəvi haqqı var. Xalqımız da öz doğma ordusu ilə öyünüb fəxr edr. Əminliklə qeyd etməliyik ki, zabit və əsgərlərimiz döyüşlərdə böyük hünər və rəşadət göstərərək, işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad edəcəkdir.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"