Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2020 10:00

“Hərbçilərimizi görəndə qürurlanıram”

Bəzən insanın övladının gələcək taleyini kiçik bir təsadüf həll edir. Elə olur ki, həmin təsadüf zərurətə, insan həyatının mənasına çevrilir. İllərdən bəri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim işləyən Venera Biktemirovanın da tale yolu bir təsadüf nəticəsində müəyyənləşib.
1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirən Venera xanım Mirqasımov adına Respublika xəstəxanasında nevroloq işləməyə başlayıb. On il bu şəfa ocağında çalışıb. Qarabağ müharibəsi Venera Biktemirovanın da ömür yolunun axarını hərbi sahəyə yönəldib. Həkim həmin gərgin günləri belə xatırladı:
- Qarabağ müharibəsi biz həkimlərin də rahatlığını əlindən almışdı. Ümumiyyətlə, cəmiyyətdə gərginlik yaşanırdı. 1993-cü ilin son ayları idi. Qarabağda və ətraf rayonlarda ağır döyüşlər gedirdi. Mən də daxil olmaqla bir qrup həkimi yaralılara tibbi xidmət göstərmək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında çalışan həkim və tibb işçilərinə  köməyə göndərdilər. Bir müddət burada həkimlərlə çiyin-çiyinə yaralıların sağlamlığının keşiyində dayandıq. Ağır vaxtlar idi. Ön xətdə gərgin döyüşlər getdiyindən hospitala yaralılar çox gətirilirdi. Bəzən onları helikopter meydançasında qarşılamalı olurduq. Çətin günlər yaşadıq. Amma nə qədər çətin olsa da, biz həkimlər yaralıların sağlamlıqlarının keşiyində dayandıq. Həkim kimi, vətəndaş kimi üzərimizə düşən vəzifələrin öhdəsindən bacarıqla gəldik.
Hərbçilərlə ünsiyyət, Vətən uğrunda vuruşanlara, torpağı qoruyanlara tibbi xidmət göstərmək mənə bu sahəni çox sevdirdi. Bu sevginin təsirindən birdəfəlik hospitalda qalmaq qərarına gəldim. Qarabağ müharibəsi çoxları kimi mənim də ömür yolumu hərbi sahəyə yönləndirdi. Bundan çox məmnunam. Hərbi qulluqçulara, xidmət göstərməkdən zövq alıram. Aprel döyüşlərində yaralananların tez bir zamanda sağalıb ayağa qalxmaları üçün daha məsuliyyətlə çalışdıq.
Həkim hərbi formaya olan sevgisindən də söz açdı. Dedi ki, həm hərbçilər, həm də hərbi forma mənim üçün çox doğmadır. Zabitlərimizi, əsgərlərimizi görəndə qürurlanıram. Elə bilirəm ki, ən əziz, ən doğma adamımı görürəm. Ürəyimdə hərbçilərimizə olan bu istək, bu sevgi heç vaxt tükənməyəcək.
İyirmi yeddi ildir hərbçilərimizin sağlamlığı keşiyində dayanan Venera xanımdan xoş təəssüratlarla ayrıldıq. Belə bilikli və peşəkar həkimlərimizi tanıdıqca bir daha əmin olursan ki, hərbçilərimizin sağlamlığı əmin əllərdədir.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"