Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2020 10:00

“Arzum üç zabit atası olmaqdır”

Bir əsrlik tarixi olan Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularındandır. Qüdrəti daha da artan ordumuzun həm güclü maddi bazası, həm də müasir silah və texnikası var. Ordu sıralarında xidmət edən, Vətəni qoruyan mərd oğullarla ictimaiyyət haqlı olaraq qürurlanır. Müqəddəs vəzifələrinin öhdəsindən uğurla gəlir, hərbi sirrə sadiq, Vətəninə bağlı olmağa and içirlər. Hər birinin tək amalı nümunəvi xidmətdir, Ali Baş Komandanın döyüş əmrinə hazır olmaqdır.
Bütün hərbçilərimiz kimi, "N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsində xidmət edən baş çavuş Razim Vəliyev də vəzifələrinin öhdəsindən uğurla gəlir, xidmətini düzgün təşkil edir, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır. Komandirləri də onun nümunəvi xidmət etdiyini, kollektivin rəğbətini qazandığını bildirdi. Razim söhbət zamanı  peşə seçimindən də danışdı. Uşaqlıqdan ürəyində hərbçi olmaq istəyi yaransa da, arzusuna əsgəri xidmətdən sonra çatdığını vurğuladı.
"Həyatda hər şey insanın istədiyi kimi olmur. Qismət amili də öz təsirini göstərir. Əsas odur ki, məqsədin olsun və ona çatmaq üçün daim çalışasan. Məktəbi bitirəndə uşaq vaxtlarından arzusunda olduğum peşəyə yiyələnə bilmədim. Əsgəri xidmətə yollandım. Hərbçi olmaq sevgim ilyarımlıq xidmətimdə daha da gücləndi. Xidmətim dövründə hərb peşəsinin müqəddəsliyini daha yaxşı anladım. Komandirlərimin davranışları, bizimlə rəftarı, mənəvi-əxlaqi keyfiyyətləri, Vətənə bağlılıqları bu peşəyə olan sevgimi daha da artırdı. Əsgəri xidməti başa vurandan sonra özümdə rahatlıq tapa bilmirdim. Ordu sıralarına qayıtmaq istəyirdim. Ömrümü, gəncliyimi ordu həyatına bağlamaq arzusu köksümə sığmırdı. İnanırdım ki, istəyim gec-tez reallaşacaq. İdmanla mütəmadi məşğul olurdum. İdmana olan həvəsim də hərbçi olmaq istəyimlə əlaqəli idi. Əsgəri xidmətdən bilirdim ki, döyüş hazırlığında idmanın rolu böyükdür. Ona görə də həmişə idmanla məşğul olur, bir növ, özümü bu peşəyə hazırlayırdım. Bu gün çox sevinirəm ki, hərbçiyəm”.  Hərbi qulluqçu onu da qeyd etdi ki, vəzifəmiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edərək, dövlətimizin ərazi bütövlüyünü təmin etməkdir.
Razim daha sonra xidmətin təşkilindən, təminatlarının yüksək olmasından danışdı. İqlim şəraitinin onlardan ikiqat məsuliyyətli və diqqətli olmağı tələb etdiyini dedi. Onu da qeyd etdi ki, şəxsi heyət yüksək döyüş ruhunda xidmət edir.
"Şahidi oldunuz ki, bölməmiz relyef cəhətdən çətin təbii şəraitdə yerləşir. Ona görə də müşahidəni gücləndirir, ayıq-sayıqlığı artırırıq. Təminat cəhətdən heç bir korluq çəkmirik. Mövsümlərə uyğun olaraq istər ərzaq, istərsə də geyim cəhətdən təminat vaxtlı-vaxtında olur. Bu da uğurlu xidmətə zəmin yaradır. İqlim dəyişikliyinin xidmətimizin təşkilinə heç bir təsiri yoxdu. Azərbaycan əsgəri düşmən qarşısında hər şəraitdə inamla, qətiyyətlə dayanır."
Üç övlad atası olan Razim vətənpərvərliyin təməlinin ailədə yarandığını dedi. Üç oğul böyüdən ata övladlarına Vətəni sevməyi, onun uğrunda canlarını əsirgəməməyi aşılayır. "Oğullarıma öyüd-nəsihət verərkən doğma yurdu daim qorumağa hazır olmağı izah edirəm. Onları indidən hərbi xidmətə, Vətənimizin müdafiəsinə hazırlayıram. Onlara Vətəni varlığıyla sevməyi tövsiyə edirəm. Seçdiyimiz bu şərəfli həyat yolunda fərqli ailələrdən, fərqli bölgələrdən gələn  gənclərin hamısı Vətən naminə birləşirlər. Hamını Vətən sevgisi birləşdirir. Oğullarımın da bu müqəddəs sevginin bir zərrəsinə çevrilməsini diləyirəm. Bir zamanlar özüm üçün alovlanan bu arzu indi övladlarım üçün yenidən tumurcuqlayıb. Gələcəyin Vətən qoruyucularını böyüdürəm. Hər valideyn kimi, mən də uşaqlarımın gələcəyi ilə bağlı xəyallar qururam. Ən böyük arzum üç zabit atası olmaqdır. İnanıram ki, övladlarım məni arzuma çatdıracaqlar".
Razim arzusuna çatacaq. İnanırıq ki, belə bir atanın övladları da hərbi qulluqçu olacaq.
Baş çavuş R.Vəliyevlə söhbətimiz ordumuzda vətənpərvərlik ruhunun yüksək olduğunu təsdiqlədi. Əmin oluruq ki, əsgərlərimiz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaqlar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR