Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2020 10:00

Bizi bir amal - Vətən sevgisi birləşdirir

Düşmənlə təmas xəttində, Vətənin keşiyində dayanan əsgərlərimizlə görüşə gedirik.
Zabit Həşim Həşimovla həmsöhbət oluruq. Yolboyu keçdiyimiz ərazilərlə bizi tanış edən zabit, bir vaxtlar bu yerlərin hər qarışı uğrunda gedən Aprel döyüşlərindən, bu döyüşlərdə hərbi qulluqçularımızın göstərdiyi rəşadətdən, yüksək qələbə əzmindən söz açır. Zabit qeyd edir ki, düşmənlə üzbəüz mövqedə xidmət edən əsgərlərimizi görmək hər bir kəsin vətəndaşlıq borcudur. Zabit Həşim Həşimov tez-tez  söz-sənət adamlarının, veteranların, qazilərin, incəsənət və digər ictimaiyyət nümayəndələrinin əsgərlərimizlə görüşə gəldiyini və bu görüşlərin şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, ruh yüksəkliyinə təsirini də qeyd edir. "Bayramlarda və digər əlamətdar günlərdə əsgərlərimizlə ictimaiyyət nümayəndələri arasında mütəmadi görüşlər təşkil olunur. Bu da öz növbəsində şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir edən aspektlərdəndir. Xalq öz ordusuna güvənir, ordu xalqının dəstəyini hər zaman hiss edir. 2016-cı ilin Aprel döyüşlərində şəhid olan hərbi qulluqçularımızın döyüş yolu hər birimiz üçün örnəkdir", - deyə mayor Həşim Həşimov fikrini tamamlayır.
Ön xətdə yerləşən bölmələrimizdən birindəyik. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüqar Babayev şəxsi heyəti təlimatlandırır. Xidməti düzgün təşkil etmək, mövqelərdə ayıq-sayıq olmaq kimi vacib tapşırıqlar əsgərlərin diqqətinə yenidən çatdırılır. Vüqar Babayev təhlükəsizlik qaydalarını izah edir və bildirir ki, düşməni daim nəzarətdə saxlamaq, onun hərəkətlərini müşahidə etmək, düşmən tərəfindən hər hansı təxribat cəhdi baş verərsə, operativ şəkildə  rabitə vasitəsilə məlumat vermək və qabaqlayıcı (təxirəsalınmaz) tədbirlərin görülməsini təmin etmək lazımdır. Təlimat başa çatdıqdan sonra döyüş növbətçiliyinin təhvil-təslim prosesində iştirak edirik. Səngərdə Vüqar Babayev ilə kəlmələşirəm. Söhbət əsnasında aydın olur ki, Vüqar bir neçə ildir ordu sıralarında xidmət edir. "Baxmayaraq Cəlilabadda dünyaya göz açmışam, həmişə Qarabağı, işğalda olan doğma yurdumuzu düşünmüşəm. Bu gün bölməmizin əsgərlərinin hər biri müxtəlif bölgələrdən hərbi xidmətə çağırılsalar da, onları bir amal birləşdirir - Vətən sevgisi. Hansı əsgərdən soruşsanız, hər biri - cəbhə bölgəsində xidmət etdiyimiz üçün fəxr edirik, - deyəcək. Budur, Vətən sevgisi, budur, xalqa olan sevgi. Vətən sevgisini sözlərlə ifadə etmək çətindir, onu gərək qəlbən hiss edəsən. Ana Torpağa canımızla, qanımızla bağlı oluruq", - deyə Vüqar bildirir.
Döyüş mövqeyində dayanan əsgər Nicat Cəfərov ən müqəddəs vəzifəni yerinə yetirməyin qürurundan danışır: "Hər birimiz Vətənin suyu, çörəyi və havası ilə qidalanırıq. Hər bir vətənpərvər şəxs üçün ən ümdə vəzifə Vətəni, torpağı qorumaqdır. Vətəni, onun ərazi bütövlüyünü, mənafeyini qorumaq bayrağını daim uca tutmaq deməkdir". Əsgər atası Ceyhun Cəfərovun da Qarabağ müharibəsi dövründə bu ərazilərdə döyüşdüyünü qeyd edir. "Atam birinci Qarabağ müharibəsi zamanı gedən ağır döyüşlərdən danışar, bizə daim vətənpərvərlik duyğuları aşılayardı. Bu gün əynimdə hərbi mundir, əlimdə silah Vətənin keşiyindəyəm. Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunacağı döyüşdə iştirak etmək, tarix yazacaq qəhrəmanlar sırasında olmaqdır."
Əsgər İntizam Kamallı qeyd edir ki, xidmətin əsasını nizam-intizam təşkil edir. "Xidmətə gəldiyim ilk gündən nizam-intizamlı olmağa, komandirlərimin tapşırıqlarını cəld və operativ yerinə yetirməyə çalışmışam. Təcrübəli zabitlərimizin təcrübələrindən və bizə keçdikləri dərslərdən faydalanır, qayda-qanuna ciddi riayət edirik. Bundan əlavə, istər xidmət vaxtı, istərsə də asudə vaxtlarında komandirlərimiz hər zaman bizlərə diqqət göstərir, qayğı və problemlərimizlə maraqlanırlar".
Əsgər Rəvan Rəsulzadə gənc əsgərlərə döyüş vərdişləri aşılamaqda komandirlərinə yardımçı olur. Əsgər adını daşımağın verdiyi qürurdan danışan əsgər Rəvan Rəsulzadə torpaqlarımızın azad olunacağı günə qədər bu ada sadiq qalacağına söz verir. "Bu gün əsgərəm. Əsgər olma, əsgər adını daşımaq şərəfdir. Düşmən tarixi torpaqlarımızdan çıxarılana, işğalda olan ərazilərimiz azad olunana qədər Vətənimin müdafiəsindəyəm. Torpağımı sevirəm, onun üçün öldürməyə, yeri gələrsə, ölməyə hazıram. Şəhidlərimizin döyüş yolu bizim üçün örnəkdir.  Düşmənlə üzbəüz mövqedə xidmət edən əsgər olaraq, mən və əsgər yoldaşlarım Ali Baş Komandanın döyüş əmrinə hər zaman hazırıq. Ali Baş Komandanımızın əmrini gözləyirik."
Əsgərlər Əyyub Mustafayev, Ramazan Məmmədli də əsgər yoldaşları kimi vətənpərvərdirlər...

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"