Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2020 12:59

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi.

Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu.
2. Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu



Azərbaycanda ordu quruculuğunun əsasının qoyulması 1918-ci ilə təsadüf edir. Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra təşkil olunan ilk hökumət kabinetinin tərkibində Hərbi Nazirlik də var idi. Azərbaycanın tanınmış ictimai-siyasi xadimi olmuş Xosrov bəy Sultanov isə hərbi nazir vəzifəsinə təyin olundu. Həmin dövrdə Azərbaycan son dərəcə mürəkkəb hərbi-siyasi şəraitdə qərar tutduğundan və qısa müddət ərzində Azərbaycan xalqının müstəqilliyi ilə barışmayan bolşevik-daşnak qüvvələrinin qarşısını almağa qadir olacaq hərbi qüvvələrin yetişdirilməsi mümkün olmadığından Azərbaycan hökuməti hərbi kömək üçün Osmanlı Türkiyəsinə müraciət etdi. 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı Türkiyəsi arasında imzalanmış müqaviləyə uyğun olaraq Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərmək qərarına gəldi və Azərbaycana hərbi qüvvələr göndərdi. Həmin dövrdə Azərbaycanda mövcud olan milli hərbi qüvvələrin və Azərbaycana göndərilmiş olan Osmanlı hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Azərbaycanda ordu quruculuğuna və ordu hissələrinin fəaliyyətinə rəhbərlik Azərbaycan hökumətinin razılığı ilə Qafqaz İslam Ordusu komandanına həvalə edildi. Ona görə Azərbaycan hökumətinin ilk kabinetinin tərkibinə daxil edilmiş Hərbi Nazirliyin təşkili müvəqqəti olaraq təxirə salındı. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olundu və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edildi.
Azərbaycanın milli ordu qüvvələrinin əsasını hələ Cümhuriyyətin elan edilməsindən əvvəl yaradılan və general-leytenant Əlağa Şıxlinski tərəfindən rəhbərlik edilən Müsəlman Korpusu təşkil edirdi. 1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin gün hazırda Azərbaycan Ordusunun yaradılması günü kimi qeyd edilməkdədir.
Qafqaz İslam Ordusunun mövcudluğu dövrü Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun birinci mərhələsini təşkil edir. 1918-ci il noyabr ayının 1-dən isə Cümhuriyyətin ordu quruculuğunun ikinci mərhələsi başlayır. Həmin gün Azərbaycan hökuməti Hərbi Nazirliyin bərpa edilməsi haqqında qərar qəbul etdi. Nazirlər Şurasının qərarına əsasən, Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski hərbi nazir vəzifəsini öz üzərinə götürdü. Rusiya ordusu sıralarında tam artilleriya generalı rütbəsinə qədər şərəfli xidmət yolu keçmiş Səməd bəy Mehmandarov isə hərbi nazirin müavini təyin edildi və Hərbi Nazirliyin formalaşdırılması ona həvalə olundu.
Birinci Dünya müharibəsinin nəticələrinə görə qalib elan edilmiş Müttəfiq dövlətlərin Bakıya gəlmiş hərbi qüvvələri komandanlığının tələbi ilə Hərbi Nazirlik 1918-ci il noyabrın 22-də Gəncəyə köçmək məcburiyyətində qaldı. Yəni, Hərbi Nazirlik 1919-cu il iyun ayının sonlarına kimi paytaxtdan və hökumət orqanlarından uzaqda fəaliyyət göstərməli oldu. 1919-cu il iyun ayının sonlarında Bakıya köçürülən Hərbi Nazirlik Krasnovodsk və Merkuri küçələrinin (indiki Zərifə Əliyeva və Səməd Vurğun küçələri) kəsişməsindəki binada yerləşdirildi və Cümhuriyyətin süqutuna qədər burada fəaliyyət göstərdi.
1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov Azərbaycan hökumətinin qərarı ilə hərbi nazir, dekabr ayının 29-da isə general-leytenant Əlağa Şıxlinski (28 iyun 1919-cu ildən etibarən tam artilleriya generalı) hərbi nazirin müavini vəzifəsinə təyin edildilər.
Azərbaycan hökuməti Hərbi Nazirliyin qarşısında ölkənin ərazi bütövlüyünü müdafiə etməyə qadir olan ordunun yaradılması vəzifəsini qoymuşdu. Hərbi Nazirliyin rəhbərləri fədakar xidmətlərinin sayəsində bu vəzifənin öhdəsindən uğurla gəldilər. Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan Ordusunda hər biri səkkiz alaydan  ibarət olan iki piyada diviziyası, iki əlahiddə piyada diviziyası, üç alaydan ibarət olan süvari diviziyası, iki artilleriya briqadası və digər hissə və bölmələr mövcud idi.
1920-ci il aprelin 28-də 70 mindən artıq olan bolşevik hərbi qüvvələrinin hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanda hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra Hərbi Nazirliyin bazasında Azərbaycanın Hərbiyyə və Bəhriyyə Komissarlığı yaradıldı.
1922-ci ilin sonlarına, yəni, SSRİ təşkil edilənə kimi Azərbaycan və onun Hərbiyyə və Bəhriyyə Komissarlığı formal müstəqilliyini saxladı. Azərbaycan SSRİ tərkibinə daxil edildikdən sonra Hərbiyyə və Bəhriyyə Komissarlığı nazirlik statusunu itirmiş oldu. Azərbaycanda hərbi işlərə rəhbərlik SSRİ mərkəzi orqanlarının səlahiyyətinə keçdi.

 

Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri



XX əsrin sonlarında ölkədə siyasi hakimiyyətin böhranlı hala düşməsi və müttəfiq respublikalarda milli-azadlıq hərəkatının genişlənməsi Azərbaycanda Müdafiə Nazirliyinin bərpası üçün real imkanlar açdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti "Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərar qəbul etdi. Həmin qərarın əsasında respublika prezidentinin 5 sentyabr 1991-ci il tarixli Fərmanına əsasən Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabr ayının 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun qəbul edildi.
1993-cü ilin ortalarına kimi ölkədə hərbi-siyasi vəziyyətin gərgin olması nəticəsində ordu quruculuğu vahid komandanlıq və bir mərkəzdən idarəolunma prinsipindən tamamilə məhrum edilmişdi. Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı müharibə aparmalı olduğu halda, daha çox özünü qoruyub saxlamaq uğrunda mübarizə aparırdı. Ordu siyasiləşmiş, hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. Nəticədə, Şuşa və Laçın işğal edildi, Dağlıq Qarabağla Ermənistan arasında strateji "dəhliz" açıldı və Azərbaycanın neçə-neçə rayonunun sonrakı işğalı üçün zəmin yaradıldı.
Azərbaycanda Müdafiə Nazirliyinin və ordunun real şəkildə formalaşdırılması ulu öndər Heydər Əliyevin 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə xalqa müraciətindən sonra başladı. Ordu və Müdafiə Nazirliyi qeyri-sağlam qüvvələrdən təmizləndi, orduya yeni qüvvələr cəlb edildi, ordu quruculuğunda köklü dəyişikliklər həyata keçirildi.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunun bu mərhələsində apardığı işlərin hərbi-siyasi nəticəsi olaraq ordu daxilində dərinləşməkdə olan böhranın qarşısı alındı və bu sahədə keyfiyyət dəyişikliyi yarandı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının nəticəsində vahid komandanlıq prinsipi bərqərar edildi, ordunun maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi hissə və birləşmələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Azərbaycan Ordusuna tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin Azərbaycan Respublikasının sənaye müəssisələrində istehsal edilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
1993-cü il dekabr ayının 10-da Beyləqan istiqamətində hücuma keçən Ermənistan silahlı qüvvələri ilk dəfə ordumuzun mütəşəkkil müqaviməti ilə qarşılaşdı. Dekabr ayının sonlarında Goranboy, Tərtər və Ağdam istiqamətlərində düşmənin hücumlarının qarşısı alındı, onun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən qoşunlarımız işğal olunmuş torpaqlarımızın bir hissəsini azad edərək, düşmənin bu istiqamətdə yerləşən hərbi qruplaşmasını darmadağın etdilər. Belə bir şəraitdə ermənilər danışıqlar stolu arxasına gələrək 1994-cü il mayın 12-də atəşkəs haqqında sənədə qol çəkməyə məcbur oldular və bununla da Azərbaycan Ordusunun yenidən qurulmasına şərait yarandı.
Dövlətçilikdə varislik anlayışına önəm verən ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.
Ulu öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı Fərmana əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyası fəaliyyətə başlamış, 2001-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi yaradılmışdır. Mərkəzdə zabit heyətinin təkmilləşdirmə, ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursları fəaliyyət göstərir.
Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə və birləşmələrdə komanda-qərargah və taktiki təlimlər, döyüş hazırlığı dərsləri keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Əldə olunan nəticələr bir daha sübut edir ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsi və peşəkarlığına xidmət edir.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də od-alovundan keçərək mətinləşdi, müasir inkişaf səviyyəsinə gəlib çatdı. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır.
2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.
Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində  Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini (beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 52 ordu sırasında) tutub. 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında iki min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırmışdır. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də dövlət başçısı ölkəmizin və ordumuzun inkişaf tendensiyasını, onun gücləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğuladı.
"Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərin həlli bizim hərbi gücümüzü daha da artırmışdır" - deyə ölkə başçısı ordunun inkişaf məsələsinə toxunmuşdur.
Ordumuzun döyüş hazırlığının daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsində qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi, nəhayət şəxsi heyətin sosial-məişət şəraitinin müasir dünya standartlarına uyğun qurulması nəticəsində qarşıya qoyulmuş hədəflərə nail olunmuş və bu istiqamətdə tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son illər ərzində maddi-texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir".

 İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi