Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2020 09:33

Yüksək fiziki hazırlıq qələbəni sürətləndirir

Gənclərin sağlam olması gələcəyin uğurlu olması deməkdir. Əbəs yerə deyil ki, ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi, fiziki cəhətdən sağlam olması ən punktual məsələlərdən biridir. Dövlətimizin təməl prinsiplərindən biri olan gənclərimizin sağlam olmasında mühüm rol oynayan faktor onların gündəlik fəaliyyətində idmana xüsusi yer verməsi ilə birbaşa əlaqəlidir. Gənclərin idmana olan marağının artması fonunda ölkə rəhbərliyi təhsil müəssisələrində idman zallarının, ölkə ərazisində yüksək tələblərə cavab verən idman komplekslərinin tikilməsini xüsusi diqqətdə saxlayır. İdmançılarımız mötəbər turnirlərdə iştirak etməklə yanaşı, dünyanın aparıcı idman ustaları da ölkəmizdə keçirilən beynəlxalq yarışlarda iştirak edir. İnsan həyatının vacib tərkib hissəsi olan idmana diqqət ordumuzda da təqdirəlayiq səviyyədədir. Ordumuzun şəxsi heyətinin fiziki göstəricilərinin nəzarətdə saxlanması üçün istər hərbi hissələrdə, istərsə də digər hərbi təyinatlı müəssisələrdə yüksək tələblərə cavab verən idman şəhərcikləri və trenajor zalları tikilir, istifadəyə verilir.
Ezamiyyətdə olduğumuz hərbi hissədə şəxsi heyətin idman meydançasında səliqəli şəkildə düzüldüyünün şahidi olduq. Dərs rəhbəri şəxsi heyəti normativlərlə tanış etdikdən və isinmə-gərilmə hərəkətlərindən sonra əsgərlər alətlərin qarşısında düzüldülər. Gənc əsgərlər normativlərə uyğun olaraq çalışmaları icra etdilər. Dərs prosesi başa çatdıqdan sonra əsgərlərlə həmsöhbət olduq.
Əsgər Rza Rzazadə fiziki hazırlığın döyüş hazırlığı ilə qarşılıqlı əlaqəsindən danışdı. "Məlumdur ki, döyüş hazırlığı ilə fiziki hazırlıq qarşılıqlı vəhdət təşkil edir. Döyüşdə qələbəni sürətləndirən amillər sırasında fiziki hazırlığın xüsusi önəmi var. Yüksək fiziki göstəricilər əsgərlərin onlara verilən tapşırıqların öhdəsindən çevik və cəld şəkildə gəlməsində mühüm rol oynayır. Komandirlərimiz bölməmizdə şəxsi heyətin fiziki hazırlığını daima nəzarətdə saxlayır. Hərbi hissəmizdə şəxsi heyətin müntəzəm idmanla məşğul olması üçün müasir idman şəhərciyi var. Döyüşə hər zaman hazır olmalıyıq, qalib olmaq üçün isə hazırlığımız yüksək səviyyədə olmalıdır. Komandirlərimiz bizim əsl döyüşçü kimi formalaşmağımıza diqqət yetirirlər. Silahla döyüşməyi bacardığımız qədər, silahsız da döyüşməyi komandirlərimiz bizə öyrədir. Düşmənlə ola biləcək əlbəyaxa mübarizədə onu məğlub etmək üçün fiziki göstəricilərin gərək yüksək olsun. Bunun üçün də öz üzərimizdə daim çalışırıq.
Əsgər Murad Məmmədli də fikirlərini bizimlə bölüşdü. "Bu gün ordu sıralarında xidmət edən əsgər kimi hər birimiz müqəddəs amala xidmət edirik. Komandirlərimizin keçdiyi dərsləri maraqla öyrənir, intizamla xidmət edirik, tapşırıqların öhdəsindən vaxtlı-vaxtında gəlirik. Tapşırıqları operativ şəkildə yerinə yetirmək üçün fiziki güc vacib rol oynayır. Komandirlərimizin rəhbərliyi altında keçirilən fiziki hazırlıq dərslərində fəal iştirak edirik, öz sağlamlığımızı, immunitetimizi idman edərək daha da möhkəmləndiririk. İdman təkcə hərbi xidmətdə deyil, bizim gündəlik həyatımızda da sağlamlığımızı təşkil edən vacib amillərdən biri sayılır. Millətin sağlam olması dövlətin güclü olması deməkdir. Müharibə şəraitində olan dövlətimizin müdafiəçisi olaraq, biz əsgərlər döyüş, ixtisas hazırlığından əlavə fiziki hazırlığımızı da yüksəltməliyik. Xidməti dövrümüzdə komandirlərimizin tapşırıqlarını vaxtında və operativ yerinə yetirməyimiz birbaşa fiziki göstəricilərlə bağlıdır." 
Əsgər İlyas Qədirov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb. Müsahibim söhbəti zamanı bildirdi ki, hərbi xidmətə gəlməmişdən əvvəl idmanla məşğul olub və xidmət etdiyi hərbi hissədə yaradılan şərait onun fiziki göstəricilərini nəzarətdə saxlaması üçün çox əlverişlidir. "Hərbi xidmətə gəlməzdən əvvəl turnik, paralel qollarda  müxtəlif çalışmaları yerinə yetirməyə həvəsim var idi. Ordu sıralarına daxil olduqdan sonra da bu vərdişlərimi davam etdirirəm. İdman şəhərciyimizdə fiziki məşğələləri icra etmək üçün hər cür şərait var. Müasir avadanlıq və idman alətləri ilə təchiz olunmuş idman meydançamızda günün nizam qaydasına uyğun olaraq dərslərimiz təşkil olunur ki, bu dərslər bizim fiziki hazırlığımızın yüksəlməsində mühüm rol oynayır. Komandirlərimizin rəhbərliyi altında fiziki hazırlıq məşğələlərində həvəslə iştirak edir, bədən tərbiyəsini daim nəzarətdə saxlayırıq. Həftənin müəyyən olunmuş günlərində komandirlərimiz tərəfindən yarışlar təşkil olunur. Yarışlar yoldaşlıq mühitində keçirilsə də, hər birimiz qalib olmaq əzmi ilə mübarizə aparırıq."

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"