Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2020 09:33

Ordumuz qələbə qazanmağa qadir ordudur

Bu gün torpaqlarımızın keşiyində dayanan, komandirlərin əmr və tapşırıqlarını layiqincə yerinə yetirən, xalqımızın iradəsinə, dəyərlərinə hörmətlə yanaşan, şəhidlərimizin ruhu qarşısında özünü borclu hesab edən, dövlətimizə və dövlətçiliyimizə layiqli xidmət edən əsgərlərimiz çoxdur. Belə əsgərlərdən biri də Ağalar Abdulrəhmanovdur.
Təmas xəttində yerləşən "N" hərbi hissəsində xidmət edən Ağalar qar-yağış, soyuq-isti demədən düşmən mövqeyini hər an nəzarət altında saxlayan əsgərlərimizdəndir. Onu yaxından tanımaq üçün həmsöhbət olduq.
“Döyüş növbətçiliyində səngərdən qarşı tərəfə baxarkən nə düşünürsən?” - deyə əsgərə sual verdik.
Əsgər A.Abdulrəhmanov gözlərini nişangahdan ayırmadan sualımızı cavablandırdı: "Heç zaman güman etməzdik ki, torpaqlarımızda yer verdiyimiz, süfrəmizi bölüşdüyümüz, qonşu hesab etdiyimiz ermənilər Azərbaycan torpaqlarına qəsd edəcək. Şuşanın, Xankəndinin, Ağdamın, Xocalının küçələrində silahlar işə düşəcək, analarımız, bacılarımız gözüyaşlı qalacaq. Bu əməlin bir adı var - xəyanət! Xəyanət isə bağışlanmır, bağışlanmamalıdır! Biz xalqımıza qarşı törədilən xəyanəti bağışlamayacaq, torpaqlarımıza uzanan əlləri kəsib atacağıq. Əminliklə deyə bilərəm ki, ordumuzda torpaqlarımızın azadlığı uğrunda canı və qanı bahasına mübarizə aparmağa hazır olan, şəhidlərimizin ruhunu hər zaman uca tutan, Vətənin bütövlüyü uğrunda mübarizədə əvəzsiz rol oynayan qəhrəman Azərbaycan oğulları çoxdu. Mübarizlərin, Fəridlərin, Çingizlərin davamçıları kimi imkan vermərik ki, torpaqlarımız işğal altında qalsın."
Əsgər danışdıqca gözləri alovlanır, düşmənə olan nifrəti açıq-aydın hiss olunurdu. Nə qədər ki, qorxmaz, cəsarətli, ürəyi Vətən sevgisiylə döyünən əsgərlərimiz var, əminliklə deyə bilərik ki, müharibə tezliklə arzusunda olduğumuz Qələbə ilə sona çatacaq. Yalnız onda biz şəhidlərimizin ruhu qarşısında borcumuzu yerinə yetirmiş olacağıq. Bu gün Azərbaycan əsgərinin bir istəyi, bir amalı var - Böyük Qələbənin tezləşməsi, xalqımıza qələbə sevincini yaşadan əsgər olmaq! Ordumuz qələbə qazanmağa qadir ordudur. Bu gün ordumuzun maddi-texniki təminatı ilə yanaşı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədədir. Əsgərlərimizdə olan döyüş ruhu onu deməyə əsas verir ki, qələbə heç də uzaqda deyil. Aprel döyüşlərində və Günnüt zəfərində bunun bir daha şahidi olduq. Bu gün hər bir Azərbaycan əsgəri Ali Baş Komandanın “İrəli” əmrini səbirsizliklə gözləyir.
 
Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"