Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2020 09:33

“Topçu kimi istənilən tapşırığı uğurla yerinə yetirmək əzmindəyik”

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun bu gün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin hər addımda şahidi oluruq. Ordu quruculuğunda atılan hər addım döyüş qabiliyyətinin artırılmasına istiqamətlənir. Son illərdə aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. Keçirilən genişmiqyaslı təlimlərdə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərir. Bunlarla yanaşı, Aprel və Günnüt döyüşlərində təxribata əl atan düşmən üzərində qazanılan inamlı qələbə də ordumuzun gücünün və qüdrətinin bariz sübutudur.
Ordumuzun bütün bölmələrində döyüş hazırlığının artırılması istiqamətində işlər bu gün də sürətlə davam etdirilir, səmərəli məşğələlər təşkil olunur. Əsgəri xidmətə gələn gənclər bacarıqlı və hər an döyüşə hazır olan əsgərlər kimi hazırlanırlar.
Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsinin artilleriya bölməsində keçirilən məşğələ zamanı apardığım müşahidələrə əsaslanaraq bir daha deyə bilərəm ki, bölmələrdə plana uyğun olaraq keçirilən kompleks  dərslər zamanı şəxsi heyətin döyüş qabiliyyəti və bacarığı durmadan artırılır. Dərsə rəhbərlik edən təcrübəli zabit İlham Qəribovla söhbət zamanı öyrənirik ki, hazırda batareya müdafiədə tapşırıqları icra edir. Zabit şəxsi heyətin döyüşə və səfərə getmə, hədəfləri tuşlama normativlərini yerinə yetirdiyini bildirdi. "Batareyanın baş zabiti rabitə vasitəsindən tapşırığı alaraq, hesabatlar aparır və top  komandirlərinə məlumatları ötürür, top heyəti hədəfi tuşladıqdan sonra batareyanın döyüşə hazır olduğu məruzə olunur. Tapşırıqların icrası zamanı bütün heyətlər yüksək hazırlıq nümayiş etdirirlər".
Söhbət əsnasında mayor İ.Qəribovun Cəmşid Naxçıvanski adına Hərbi Liseyi birinciliklə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini isə qırmızı diplomla bitirdiyini öyrənirik. Həmsöhbətim uşaq vaxtlarından televiziyadan izlədiyi hərbi vətənpərvərlik proqramlarından sonra hərb peşəsinə marağının yarandığını bildirdi. Ailəsində vətənpərvərlik və Vətənə sevgi ruhunda tərbiyə olunması da onu müqəddəs peşə sahiblərindən edir. Artilleriya ixtisasını seçməsinin də riyazi elmlərə olan həvəsindən irəli gəldiyini deyən zabit düşüncələrini bölüşdü.
"Artilleriya ixtisası riyaziyyat və həndəsə elmləri ilə sıx bağlıdır.  Mənim orta məktəbdən bu fənlərə xüsusi marağım var idi. Oxuduğum sinifdə  ən çətin və məntiqi misalları hamıdan birinci həll edirdim. Ona görə də bu sahədə daha yararlı olacağıma inanırdım. Müasir dövrdə döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir zabit, gizir və əsgərdən yüksək nəzəri-hərbi biliklə yanaşı, fiziki-psixoloji hazırlıq da tələb edir. Odur ki, döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaq hələ tam yetərli deyil. Əsas bu silahlardan istifadə qaydalarını peşəkarcasına öyrənmək, fiziki cəhətdən hazırlıqlı olmaq, qazanılan nəzəri-təcrübi biliklərdən düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün maksimum səmərəli istifadə etməkdir. Hücuma hazırlıq zamanı toplardan açılan sərrast atəş döyüşün taleyini həll edir. Təsadüfi deyil ki, hələ orta əsrlərdən müharibələrdə düşmənə qarşı toplardan geniş istifadə edilib. Artilleriya imkanlarına malik ordular möhtəşəmliyi və məğlubedilməzliyi ilə seçilib. Torpaqlarımızın işğalçılardan təmizlənməsində üzərimizə böyük məsuliyyət düşür. Biz digər qoşun növlərinin səmərəli hücum strategiyasını təmin etməli, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularını, artilleriya batareyalarını, sığınacaqlarını, eləcə də digər strateji hərbi obyekt və məntəqələrini, canlı qüvvəsini məhv etməliyik. Əminliklə deyə bilərəm ki, ordumuzun artilleriya bölmələri yüksək döyüş hazırlığına sahibdir və bu gün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə hər an hazır və qadirik."
İzlədiyimiz dərs prosesi təcrübəli zabitin dediklərinin bir daha təsdiqi oldu. Şəxsi heyətin verilən tapşırıqların öhdəsindən bacarıqla gəldiyini gördük. Hiss olunurdu ki, artilleriya bölməsinin şəxsi heyəti gündəlik olaraq taktiki təlimləri davam etdirir, bu sahədə nəzəri-təcrübi hazırlığını mütəmadi olaraq artırır.
- Bu ixtisasın hər incəliyinə yaxşı bələdəm, çünki illər öncə ömrümün əsgərlik çağında divizionda olmuşam, - deyə baş çavuş Təbriz Gözəlov bildirdi. “Hərbi xidmət dövrünü bir həyat nümunəsi hesab edənlər  haqlıdır. Məncə, bu dövr insanı müstəqil həyat üçün hazırlayan əsas məktəbdir. Təcrübəli komandirlərim, cəfakeş silahdaşlarım olub, hamısından öyrənməyə, görüb-götürməyə çalışmışam. Tabeliyimdə olan gənclərə asudə vaxtlarda əsgərlik həyatımdan, o dövrün çətinliklərindən söhbət açıram. İzah edirəm ki, belə nümunəvi, əlverişli şərait indi yaranıb, indi əsgərlərin yataqxanası müasir istilik sistemi ilə təchiz edilib, əşya-ərzaq təminatı xeyli yaxşılaşıb. Əsgərlər ev xörəklərinin həsrətini çəkmir, çünki təcrübəli qadın aşpazlar milli xörəklərimizi bişirirlər. Biz də dövlətimizin, ordu rəhbərliyinin diqqət və qayğısına cavab olaraq daim döyüş vərdişlərimizi artırmağa, hərbi xidmətdə nümunəvi olmağa borcluyuq. Bütün silahdaşlarım kimi, mən də bir hərbçi olaraq Vətənimizin xidmətində dayandığım üçün qürurluyam.”
Söhbətinə davam edən baş çavuş müharibə zamanı artilleriyanın rolunun böyük olduğunu bildirdi. "Tələblərə görə artilleriya qüvvələri - toplar cəbhə xəttindən bir neçə kilometr arxada yerləşdirilir. Bu, hərbi əməliyyatların artilleriya dəstəyi ilə uğurla başa çatdırılması məqsədinə hesablanıb. Bölməmizin şəxsi heyətinin həm mənəvi-psixoloji durumu, həm də döyüş təcrübəsi yüksək səviyyədədir. Peşəkar zabitlərimiz bizə toplardan necə istifadə etməyin sirlərini öyrədir, lazımi təlimatlar, əmrlər verirlər. Ali Baş Komandan tərəfindən döyüş əmri verilən anda biz topçular öz bacarıq və peşəkarlığımızı göstərəcəyik", - baş çavuş T.Gözəlov dedi.
Tapşırıqların icrası zamanı çeviklik və bacarıq nümayiş etdirən gənc topçulara yaxınlaşıb onlarla söhbət etdik.  Əsgər Zakir Eyyubov ön cəbhədə xidmət etməsindən qürur hissi keçirdiyini vurğulamaqla yanaşı, döyüşə də tam hazır olduqlarını bildirdi. "Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir. Piyada qüvvələrinə yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Əsgər kimi hərbi texnika ilə necə davranmağın sirlərini yaxından öyrənir, özümüzü döyüşə hazırlayırıq. Komandirlərimiz tərəfindən mütəmadi olaraq keçirilən məşğələlər bilavasitə atəş mövqeyində aparılır. Hər  birimiz koordinatlar əsasında istənilən hədəfi dəqiq top zərbələri  endirməklə məhv etməyi bacarırıq".
Digər heyət nəfəri əsgər Rüfət Yaxşıyev  qısa müddətdə bacarıqlı topçu kimi formalaşdığını qeyd etdi. Üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn Rüfət artilleriya sahəsində geniş bilgilərə də malikdir: "Topçu kimi lazımi istiqamətlərə atəş açaraq istənilən tapşırığı uğurla yerinə yetirmək əzmindəyik. Topçu olmaq böyük məsuliyyət tələb edir. Artilleriya döyüşün gedişinə əsas təsir göstərən hərbi qüvvədir. Burada olduğum müddətdə müxtəlif artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərinə yiyələnmişəm. Müharibə başlayarsa, sözsüz ki, əsas yük bizim üzərimizə düşəcək. Sərrast atəşlərimizlə düşməni məhv edəcəyimizə əminik", - əsgər Rüfət Yaxşıyev dedi.
Əsgərlər Səxavət Hüseynli, İbrahim Əliyev, Məhərrəm Heydərli də silahdaşlarının söhbətinə qüvvət olaraq hərbi xidmətləri dövründə hazırlıqlı əsgərlər kimi formalaşdıqlarını və istənilən anda döyüş tapşırığını icra etməyə hazır olduqlarını bildirdilər. Xidmətləri dövründə yetərincə təcrübə qazandıqlarını və döyüş texnikasının sirlərinə alışdıqlarını deyən əsgərlər, nəzəri və praktik dərslərlə yanaşı, müntəzəm keçirilən təlimlərdə səriştəli topçular kimi formalaşdıqlarını bildirdilər. "Biz çalışırıq ki, təkcə öz vəzifələrimizi bilməklə kifayətlənməyək, həm də digər silahdaşlarımızı döyüş meydanında lazım gələn anda əvəz etməyi bacaraq. Top heyətimizin döyüş tapşırıqlarını uğurla yerinə yetirməsində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bacarıqlı komandirlərimizdən bilmədiklərimizi öyrənməyə daim səy göstəririk. Keçirilən bütün dərslərdə, təlimlərdə həvəslə iştirak edirik, çünki hər təlim döyüş hazırlığımızı üzə çıxaran əsas vasitədir.  Qarşımızda dayanan əsas vəzifəni yerinə yetirməyə - torpaqlarımızı işğaldan azad etməyə qadirik", - əsgərlər dedilər.
Döyüş hazırlığının artırılmasında  əsas meyar olan təlim və məşğələlər şəxsi heyətə hərbi vərdişlər aşılamaqla bərabər, həm də qələbəyə əminlik hisslərini artırır. Əminliklə deyə bilərik ki, bu gün ordu sıralarında döyüş sirlərinə yiyələnən gənclərimiz Vətənin çağırışına səs verməyə hər an hazırdırlar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR