Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2020 09:33

Ali Baş Komandan İlham ƏLİYEV: Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik

Bu gün Azərbaycanda ordu quruculuğuna dair bütün tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən başladılan proses və 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün ordumuzun dünyanın ən güclü orduları sırasına daxil olmasına imkan yaradıb.
Danılmaz faktdır ki, ordu quruculuğu prosesi müasir dönəmdə Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Onun nəticəsidir ki, son illər ərzində Azərbaycan Ordusunun maddi-texniki təminatı yüksək dərəcədə inkişaf edib. Təminat və təchizat baxımından yüksək səviyyəyə malik olan ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında qeyd etdiyi kimi, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə qadirdir. "Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi". Prezident İlham Əliyev onu da vurğuladı ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. "Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi".
Son illər ordumuzun ən müasir silah və sursatla təminatı, müxtəlif ölkələrdən alınmış tanklar, zirehli maşınlar, düşmənin istənilən hədəfini yüksək dəqiqliklə vurmağa qadir olan artilleriya qurğuları, pilotsuz uçuş aparatları ölkə başçısının fikirlərinin təsdiqi, həmçinin dövlətimizin gücünün göstəricisidir. Ordusunun gücünə inanan dövlət başçısı onu da bildirdi ki, bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.
Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələr işğal altındakı torpaqlarımızın azad edilərək ərazi bütövlüyümüzün bərpa olunması, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, qoşunların operativ idarə olunması, silahlanmaya yeni qəbul edilmiş hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrənilməsi və tətbiqi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsindən ibarətdir.
Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında Azərbaycanın münaqişənin həllində sülh danışıqlarına üstünlük verdiyini, eyni zamanda, işğal faktının aradan qaldırılması üçün hərb variantının da gündəmdə olduğunu dilə gətirib. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması üçün hər bir addım atılır. Heç təsadüfi deyil ki, ölkəmiz dünyanın ən güclü orduya malik ölkələri sırasındadır. Azərbaycan Ordusunun gücü, qüdrəti, hazırlığı, döyüş qabiliyyəti gündən-günə artır. Bu baxımdan da Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 30-da Mərkəzi Komanda Məntəqəsində son xidməti müşavirədə bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin gücünə, qüdrətinə arxalanaraq, müəyyən fikirləri qətiyyətli və birmənalı şəkildə bəyan edib.
Müdafiə naziri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan Ordusunun hərbi-texniki potensialı xeyli yüksəlib. Bölmələrimizin Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən müasir silah və hərbi texnikalar ilə mütəmadi olaraq təchiz edilməsi ordumuzun maddi-texniki təminat baxımından düşməndən xeyli üstün olduğunu nümayiş etdirir.
Müdafiə naziri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulaması Azərbaycan Ordusunun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb.
Nazir bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq.

"Azərbaycan Ordusu"