Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2020 11:49

“Hər cür şərait yaradılıb”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində əsgərlər üçün yaradılmış məişət şəraiti ilə tanış olduq. Kapitan Vahid Rzayev ordumuzun sosial-məişət şəraitinin inkşafından söhbət açaraq bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin orduya olan diqqət və qayğısı bütün hərbi hissələrdə öz əksini tapıb. “Təsadüfi deyil ki, ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və texnikası var. Bütün bunlarla yanaşı, hərbçilərin sosial-məişət şəraiti də yüksək səviyyədədir. Xidmətin düzgün aparılması üçün bütün şərait yaradılıb. Yaradılan şərait əsgərlərin mənəvi-psixoloji vəziyyətinə öz müsbət təsirini göstərir. Müasir və güclü ordumuzun son dövrlərdə qazandığı qələbələr aydın şəkildə göstərir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmri ilə istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.”
Əsgər yataqxanasında səliqə-sahman və təmizlik göz oxşayır. İkimərtəbəli müasir yataq dəstləri, təmiz və ağappaq mələfələr, isti yun adyallar, əl-üz dəsmalları əsgərlərimiz üçün yaradılan diqqət və qayğıdan xəbər verir. Əsgərlər Şahalı Məhərrəmov və Şənlik Əkbərov yataqxananın səliqə-sahmanı ilə məşğul olurdular. "Burada bizim üçün hər cür şərait yaradılıb. Rahatlığımız üçün yataqxanamız bizə lazım olan hər cür ləvazimatla təchiz olunub. Bizim öhdəmizə isə sadəcə bir vəzifə düşür - Vətəni qorumaq və ona layiqli xidmət etmək", - deyə əsgər Şahalı Məhərrəmov bildirdi.
Əsgər yoldaşının fikrinə dəstək olaraq Şənlik Əkbərov da yaradılan şəraitdən məmnunluqla danışdı: "Güclü və müasir Azərbaycan Ordusunun əsgəri olduğum üçün qürur duyuram. Fəxr edirəm ki, ön xətdə xidmət edirəm. Bizim üçün çox gözəl şərait yaradılıb. Komandirlərimiz də hər zaman bizə diqqət və qayğı ilə yanaşırlar. Düşünürəm ki, bizim bircə vəzifəmiz var, o da Vətəni düşməndən qorumaqdır. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün digər əsgər yoldaşlarım kimi daima öz üzərimdə çalışır, əlimdən gələni əsirgəmirəm."
Hərbi hissələrə hər səfərimizdə ölkə başçısının, ordu rəhbərliyinin diqqət və qayğısı nəticəsində əsgərlərin məişət şəraitinin tamamilə yaxşılaşdırıldığının, şəxsi heyətin sosial təminatının yüksək səviyyəyə qaldırıldığının, əsgərlərin ərzaq və geyimlə tam şəkildə təmin olunduğunun şahidi oluruq. Yaradılan belə yüksək şərait isə Vətənin müdafiəsində dayanan əsgərlərə sağlam mənəvi-psixoloji ruh aşılayaraq, onların qələbə əzmini daha da artırır. Belə şəraitdə xidmət edən gənclərimizi yalnız bir amal birləşdirir: düşmən üzərində qələbə qazanaraq, torpaqlarımızı işğaldan azad etmək! İnanırıq ki, əsgərlərimiz amallarına çatacaqlar.

Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"