Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2020 11:49

İdman saatlarının səmərəli təşkili

Günün nizam qaydasının ayrılmaz və önəmli hissələrindən olan fiziki hazırlıq məşğələsinin səmərəli təşkilinin "N" hərbi hissəsində də şahidi olduq.  İlk olaraq hərbi hissənin müasir idman şəhərciyi diqqətimizi çəkdi. Müxtəlif idman alətləri ilə təchiz olunan şəhərciyin geniş ərazisini, səliqəli futbol və voleybol meydançalarını izləmək insanda idmana həvəs yaradır. İdman edən əsgərlərin çevik hərəkətlərini izlədikcə zövq alırsan. Hər biri idmançı görkəminə malik, güclü, zirək və cəlddir. Dərs bitdikdən sonra onlarla həmsöhbət oluruq. İlk olaraq məşğələ rəhbəri zabit Ramil Siraclı danışdı. "Şəxsi heyət hər gün təyin olunan vaxtda, müəyyən edilən qaydada idman hərəkətləri ilə nə qədər çox məşğul olsalar, o qədər fiziki cəhətdən möhkəm, güclü və sağlam olarlar. Fiziki hazırlıq zamanı əldə edilən güc döyüş qabiliyyətinə də müsbət təsir edir. Əsgərlərimizin fiziki hazırlığı yüksəkdir. İdman normativlərini bacarıqla yerinə yetirirlər. Hər biri yaxşı bilir ki, torpaqlarımızı işğaldan azad etmək üçün hər an döyüş əmri gözləyirik. Döyüş meydanında qələbə qazanmaq üçün yüksək fiziki hazırlığa malik olmalıyıq. Güclü və möhkəm olmalıyıq ki, düşməni hər şəraitdə məhv edə bilək. Ona görə də hər biri fiziki hazırlıq dərslərinə xüsusi diqqət göstərir, idman alətlərində həvəslə məşq edir."
Əsgər Elcan Kazımov bildirdi ki, mütəmadi olaraq idmanla məşğul olur, fiziki hazırlığını artırmağa daim səy göstərir. "Cüdo idman növü ilə məşğul olmuşam. İdman bazamın xidmətimin uğurlu təşkilində böyük köməyi olub. İdman saatlarında fiziki göstəricilərimizi artırırıq. Yaxşı bilirik ki, qarşımızda duran ən birinci vəzifə - torpaqlarımızın işğaldan azad olunmasıdır. Bunun üçün də Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq. Həm döyüş hazırlığımız, həm də fiziki gücümüz yüksəkdir. Komandirlərimizin istənilən tapşırığını cəld və ən tez zamanda yerinə yetirməyə qadirik."
Dərsin gedişi zamanı yüksək bacarıq nümayiş etdirən əsgərlərdən daha birini tanıyırıq. Bu əsgər  Kənan Nəsibovdur. İdmanın sərbəst güləş növü ilə məşğul olan Kənan ixtisasca idman müəllimidir. Əsgər idmanın nəinki fizioloji, eyni zamanda, psixoloji faydalarından da söz açdı. "İdmanla uşaqlıqdan məşğul olmaq lazımdır. Bu həm fizioloji inkişafımız, həm də psixoloji durumumuz üçün vacibdir. İdman fiziki gücümüzü artırdığı kimi, insana mənəvi cəhətdən də güclü olmağı öyrədir. İnsanda özgüvəni artırır, iradəni möhkəmləndirir, həmçinin onu pis vərdişlərdən də uzaqlaşdırır. Hərbi xidmətdə idman əsas şərtdir. Ona görə də hər zaman fiziki hazırlıqlı olmalıyıq ki, verilən tapşırıqların öhdəsindən bacarıqla gələk. Bunun üçün bölməmizdə hər cür şərait yaradılıb. İdmanla məşğul olmalıyıq ki, sağlam və güclü əsgərlər olaq."
Əsgər Azər Abbaszadə isə idman vərdişlərinin hərbi xidmət zamanı formalaşdığını qeyd etdi. "Əsgəri xidmət bizə bir çox müsbət keyfiyyətlər aşılayır. Bunlardan biri də idman vərdişlərinə yiyələnməkdir. Hərbi xidmətdən əvvəl idmanla az məşğul olurdum. Xidmətimin ilk günlərində idman dərslərində çətinlik çəkirdim. Dayaqdan dartınma hərəkətini demək olar ki, bacarmırdım. Komandirlərimin və əsgər yoldaşlarımın dəstəyi ilə hər gün idmanla ciddi məşğul olmağa başladım. Burada elə bir mühit var ki, ən tənbəl adam belə idmana həvəslənir. Artıq bir ildən çoxdur xidmət edirəm. Fiziki hazırlığımı kifayət qədər artırmışam. Bütün normativləri yerinə yetirməyi bacarıram. Bu da özümə inamı, mənəvi-psixoloji hazırlığımı daha da artırır. Artıq mən əminliklə deyə bilirəm ki, istənilən döyüş tapşırığını yerinə yetirə bilərəm".
İnsanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmana  hər sahədə olduğu kimi ordumuzda da böyük həvəs və maraq olduğunun bir daha şahidi oluruq. Vətənimizin müdafiəsində dayanan gənclərimizin fiziki cəhətdən sağlam və güclü olduqlarını görürük. Müşahidə etdiklərimiz də Azərbaycan Ordusunda şəxsi heyətin hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığının bariz nümunəsidir.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR