Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2020 11:49

Sağlam əsgər güclü müdafiəçidir!

Cəbhə bölgəsində düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olarkən hərbi hissənin tibb məntəqəsinə də baş çəkdik. Burada olan müasir şərait, səliqə-sahman, gigiyena qaydalarının tələblərinə tam əməl olunmasını görmək bizdə xoş hisslər yaratdı. Feldşer baş gizir Mais Ağakərimov söhbət zamanı qeyd etdi ki, onların bir tibb işçisi kimi vəzifə borcu şəxsi heyətin sağlamlığının qeydinə qalmaqdır.
- Hər hansı şikayəti olan əsgər dərhal qeydiyyata alınıb gecikdirilmədən müayinəyə yönləndirilir. Əsgərlər ambulator qaydada müayinə olunduqdan sonra xidmətlərini davam etdirmək üçün bölmələrinə göndərilir. Problem olduqda müraciət etmiş əsgərlər nəzaratdə saxlanılırlar. Əsgərlərin sağlamlığını qorumaq bizim vəzifə borcumuzdur. Vəzifə borcumuzu layiqincə yerinə yetirmək üçün daima əlimizdən gələni edirik. Vətənin keşiyində duranların sağlam olması vacib amillərdən biridir. Sağlam əsgər, sağlam müdafiəçidir. Azərbaycan Ordusu inamlı addımlarla irəliyə doğru gedir. Biz hər zaman  Prezidentimiz cənab İlham Əliyevin orduya olan xüsusi qayğısını hiss edirik. Bu da bizim məsuliyyətimizi artırır və gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır.
Baş gizir söhbət zamanı onu da vurğuladı ki, işimiz təkcə xəstələri müalicə etmək deyil, həm də xəstəliklərin qarşısını profilaktik tədbirlər ilə almaqdır. Bu gün dünyada yayılmaqda olan koronavirus pandemiyasının ordumuza  daxil ola bilməməsi üçün bütün təxirəsalınmaz profilaktik tədbirlər görülür. Məntəqədə və bölmələrdə lazımi dezinfeksiya işləri həyata keçirilir, hərbi qulluqçulara bu virusa yoluxmamaq üçün görüləcək tədbirlər izah olunur.
Məntəqədə olan əsgərlər də burada yaradılan şəraitdən son dərəcə məmnun olduqlarını, bütün tibb işçilərinin onlara qayğı ilə yanaşdıqlarını bildirdilər. Əsgər Əyyub Əlizadə tibb məntəqəsinə ilk dəfə müraciət etdiyini bildirdi. O, qeyd etdi ki, həkimlər və tibbi personal müalicə və müayinə üçün müraciət edənlərə həmişə diqqət və qayğı ilə yanaşır, lazımi köməklik göstərirlər. "Ön xətdə xidmət etmək şərəflidir. Bizlər gündəlik döyüş növbətçiliyinə çıxır, torpaqlarımızı düşməndən müdafiə edirik. Tibb məntəqəsində mənə hər cür tibbi yardım göstərildi. Ümid edirəm ki, tez bir zamanda sağalıb xidmətimə davam edəcəyəm".

Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"