Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 May 2020 11:49

“Vətənimin əsgəriyəm”

Ordu sıralarında xidmət edənlərin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji vəziyyəti də yüksək səviyyədə olmalıdır. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin böyük əhəmiyyəti vardır. Məşğələlər zamanı Vətənin müdafiəçilərinə milli-mənəvi dəyərlərə sədaqət, dövlətə və dövlətçiliyə ehtiram aşılanır. Həmçinin əsgərlərimizə xalqımızın hərb tarixi, onun azadlığı uğrunda mübarizə aparan, adlarını tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazan oğul və qızlarımızın qəhrəmanlıqları barədə dolğun məlumat çatdırılır.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidmət edən əsgərlərimizlə tanışlığımız onların ictimai-siyasi hazırlıq məşğələsinə təsadüf etdi. Məşğələnin rəhbəri leytenant Peyman Əsədzadə şəxsi heyətə mövzunu çatdırır, dinləyicilərin suallarını cavablandırırdı. Məşğələ bitdikdən sonra öyrəndik ki, mənfur düşmənin törətdiyi vəhşilik Peyman Əsədzadənin də ailəsindən yan ötməyib. Zabitimizin əmisi Cocuq-Mərcanlı istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. Gənc yaşlarından Vətənə sevginin nə olduğunun şahidi olan Peymanın könlündə bir arzu cücərir - Vətənin müdafiəsində dayanan oğullarımızın sıralarına daxil olmaq. Ancaq o, anlayır ki, Vətənimizə sadəcə əldə silah tutan deyil, savadlı kadr lazımdır. Bu istək onu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu edir. İndi leytenant Peyman Əsədzadə minlərlə oğullarımız kimi düşməndən qisasını alacağı günü səbirsizliklə gözləyir.
Gənc zabit ictimai-siyasi hazırlıq dərsinin vacibliyindən danışaraq dedi: - Vətənimizin, millətimizin tarixini dərindən bilmək hər birimizin mənəvi borcudur. Azadlığımızın nəyin bahasına əldə olunduğunu bilməli, bunun üçün Vətənin mənafeyini özündən üstün tutan qəhrəmanlarımızı tanımalıyıq. Onların keçdiyi döyüş yolu bu gün ordu sıralarında xidmət edənlər üçün örnəkdir. Bu gün Vətənimizin azadlığını qorumaq, ordumuzun sıralarında xidmət edənləri hərtərəfli formalaşdırmaq biz komandirlərə tapşırılıb. Biz də çalışırıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk. Çünki hər birimizin bir amalı var - Ali Baş Komandanımızın əmri ilə işğal altında olan torpaqlarımızı düşməndən azad etmək.
Moskva şəhərində təhsil alan əsgər Elşən Məhərrəmzadə bildirdi ki, xalqımız özünəxas milli-mənəvi dəyərləri ilə digər xalqlardan seçilir. "İlk olaraq onu vurğulamaq istəyirəm ki, biz Vətənə bağlılığımız, sevgimiz ilə fərqlənirik. Vətən bizim üçün müqəddəsdir. Bir dəfə başqa millətdən olan tələbə yoldaşımın "harada yaxşı yaşayırsansa, ora Vətəndir" fikri aramızda mübahisəyə səbəb olmuşdu. Çünki biz dəyərlərimizə hörmət əsasında belə tərbiyə olunmuşuq. Hər bir azərbaycanlı övladına Vətənin bütün müqəddəs dəyərlərdən öndə gəldiyini öyrədir. İnstitutda təhsil alan hər bir azərbaycanlı Vətənə ixtisaslaşmış kadr kimi dönmək istəyirdi. Çünki ölkəmizin inkişafı, onun dünya arenasında güclülər sırasında olması vətəndaşlarının savadlı olmasından asılıdır. Çox sevinirəm ki, təhsilimi uğurla başa vurdum və bu gün Vətənimin əsgəriyəm. Ancaq ən böyük sevincim torpaqlarımızı azad etdiyimiz gün olacaq."
- Əsgəri xidmət məni qorxmaz, mərd, cəsur döyüşçü kimi yetişdirib, - deyə əsgər Məhəmməd Hacıyev söhbətə başladı. - Komandirlərimizin sayəsində günün nizam qaydasına uyğun olaraq döyüş, atəş, mühəndis hazırlıqlarımızı artırırıq. Bununla yanaşı, asudə vaxtımız da səmərəli keçir. Bir sözlə, hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşuq. Düşmənlə təmas xəttində xidmət etməyimizə baxmayaraq, sosial-məişət şəraitimiz yüksəkdir. Bizim üzərimizə yalnız şərəflə xidmət etmək düşür.
Əsgər yoldaşlarının fikirlərini tamamlayan əsgər Mirfədan Mirişli bildirdi ki, bu gün Azərbaycan əsgəri doğma torpaqlarımızı hansı yolla olursa-olsun, azad etməyə hazırdır. "Böyük Qələbənin sevincini xalqımıza yaşadacağıq. Aprel döyüşləri bu müqəddəs yolun başlanğıcıdır. Həmin gün Vətənin igid oğulları qarşısında heç bir əngəl tanımayacaq. Döyüş meydanında düşməni darmadağın edəcəyik!"

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"