Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 May 2020 10:50

Böyük Qələbə günü uzaqda deyil!

Baş leytenant Elgün İsmayılovla "N" hərbi hissəsində tanış olduq. Elgün Gəncə Aqrar Universitetində ali təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Uşaqlıqdan Vətən sevgisi ilə böyüyən gənc zabit hərbi xidmət müddətində öz arzusu ilə “Ehtiyat zabit hazırlığı” kursuna müraciət edərək kursa qəbul olunur.
"Bu gün qürur duyuram ki, müstəqil dövlətimizin qüdrətli ordusunun zabitiyəm", - deyə zabit söhbətə başladı. - Harada təhsil almağımızdan asılı olmayaraq ordumuzun inkişafına xidmət etmək vəzifə borcumuzdur. Ordumuzun gücü bütün dünyaya və mənfur qonşumuza da bəllidir. Vətənə xidmət etmək hamımızın vətəndaşlıq borcudur.  Torpaqlarımızın bir hissəsinin düşmən tapdağında olduğu vaxtda Vətən bizdən daha böyük hünər gözləyir. Bu gün mən də qanım və canım bahasına olsa belə, Vətənimi qorumağa, onun ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram.
Gənc zabit bildirdi ki, tabeliyindəki şəxsi heyətə qarşı son dərəcə tələbkar və qayğıkeşdir. Onların təlim-tərbiyəsi ilə məşğul olur, vaxtaşırı fərdi söhbət aparır, problemləri ilə maraqlanır. Əsgərlərin heç bir probleminin olmaması üçün onlara lazımi diqqət və qayğı göstərir. “İlk növbədə, komandir mövcud olduğu kollektivdə dost olmağı bacarmalıdır. Əsgərlərinə bərabər şəkildə qayğı göstərməli, sevgi aşılamalıdır ki, onun hər bir tapşırığı səylə yerinə yetirilsin. Əsgərə qayğı göstərsən, düz yönləndirsən, onun hərbi təlim-tərbiyəsi ilə məşğul olsan, o əsgər tam hazırlıqlı əsgər olacaq. Tabeliyimdə xidmət edən bütün əsgərlər xidmətə həvəslə yanaşır, yüksək bacarıq nümayiş etdirir, verilən tapşırıqların öhdəsindən uğurla gəlirlər. Mən də onların bu çalışqanlığını görəndə seçdiyim peşəmlə fərəhlənirəm.  Bu gün tabeliyimdə olan əsgərin əldə etdiyi uğur mənim, o cümlədən ordumuzun əldə etdiyi uğurdur. Bu uğurun nəticəsidir ki, Azərbaycan Ordusu Aprel zəfərini qazandı. Aprel döyüşləri ordumuzun tarixinə qızıl hərflərlə yazıldı. Həmin döyüşlər xalq-ordu münasibətlərini bir qədər də yaxınlaşdırdı, orduya olan inamı daha da artırdı. Bu gün Azərbaycan Ordusunun şəxsi heyəti istənilən şəraitdə, istənilən relyefdə düşmənlə mübarizə aparmaq gücündədir. Bir hərbçi kimi mən də həmişə çalışıram ki, qüdrətli dövlətimizə layiqli zabit olum. Arzumdur ki, Qarabağımızı düşmən tapdağından azad edənlərin sırasında mən də olum."
Ordumuzun gücünü, döyüş qabiliyyətini görmək, ordu sıralarında xidmət edən bu cür savadlı, cəsur, şücaəti və qorxmazlığı ilə seçilən komandirlərimizi tanımaq hər birimizi qürurlandırır. Onların vətənpərvərliyi və peşəkarlığı bizləri əmin edir ki, ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Ordumuzun bizə Böyük Qələbəni bəxş edəcəyi gün uzaqda deyil!..
 
Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"