Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2020 14:00

Güclü, çevik, hazırlıqlı...

Hərbi hissəyə gəlişimiz şəxsi heyətin fiziki hazırlıq saatına təsadüf etmişdi. Vətənin müdafiəçiləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Samid Ağayevin rəhbərliyi altında qurğularda müxtəlif idman elementlərini yerinə yetirirdilər. Hiss olunurdu ki, əsgərlər fiziki cəhətdən hazırlıqlıdırlar. Onlar ardıcıl olaraq müxtəlif alətlərdə məşq edirdilər. Məşğələ bitdikdən sonra Vətənin keşiyində mətinliklə dayanan oğullarımızla həmsöhbət olduq.
Çavuş Samid Ağayev əsgərlərimizin sağlamlığının möhkəmləndirilməsində fiziki hazırlığın müstəsna rolu olduğunu qeyd etdi. "Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində ordumuzun arsenalına mütəmadi olaraq müasir silah və texnikalar daxil edilir. O da unudulmur ki, bu silah və texnikaların səmərəliliyi onu idarə edən hazırlıqlı əsgərdən asılıdır. 2016-cı ilin Aprel döyüşləri bunu təsdiqlədi. Həmin döyüşlərin iştirakçısı olaraq deyə bilərəm ki, yetərincə bilikli və fiziki cəhətdən hazırlıqlı əsgərlərimiz qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəldilər. Müharibə hələ bitməyib. Bu səbəbdən ordu sıralarında xidmət edənlərin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzindədir".
- Atam Qarabağ müharibəsi veteranıdır, - deyə əsgər Sənan Həsənov söhbətə başladı. - O deyirdi ki, hər birimiz gələcəyin əsgəri olacağıq. Bunun üçün kiçik yaşlarımızdan fiziki cəhətdən güclü olmağımızı istəyirdi. Yaşadığımız evin yaxınlığında idman zalı vardı. Həmin zalda idmanın boks növü ilə məşğul olmağa başladım. Çalışırdım ki, məşğələlərdə fəal iştirak edim. Çempionatlarda, turnirlərdə qazanılan qələbə idmançının zəngin təcrübəsindən xəbər verir. 2011-ci ildə gücümü və təcrübəmi sübut etmək imkanı qazandım. Həmin il keçirilən respublika çempionatının qalibi oldum. Qalib kimi üçrəngli bayrağımızın başımın üstündə dalğalanmasını görəndə idmançıların hansı hisslər keçirdiyini anladım.
Hərbçi yoldaşının fikirlərini davam etdirən əsgər Rzaxan Talıbov bildirdi ki, ali məktəbi bitirdikdən sonra Vətənə mənəvi borcumuzu yerinə yetirmək qürurvericidir. "Bu gün Vətənimizə istər ordu sıralarında, istərsə də mülki həyatda savadlı kadrlar gərəklidir. Bu gün hərbi mundir geyinmişik. Çalışmalıyıq ki, hərbin sirlərini dərindən mənimsəyək. Fiziki cəhətdən güclü və hər an döyüşə hazır olmalıyıq. Hərbi hissəmizdə bunun üçün hər cür şərait yaradılıb. Döyüş qabiliyyətimizin yüksəldilməsi üçün fiziki çalışmaların bütün forma və vasitələrindən istifadə edir, səhər və axşam kompleks məşğələlər yerinə yetiririk. Hər birimizi bir amal birləşdirir - işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək. Bu müqəddəs vəzifənin öhdəsindən gəlmək üçün əlimizdən gələni əsirgəmirik. Tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə xalqımıza qələbə sevincini yaşadacağıq.”
Əsgərlər Seyfəddin Rzayev, Sərxan Mirzəbəyov, Müşfiq Əliyev, Emil Valehli və digərləri bildirdilər ki, hər an Ali Baş Komandanımızın əmriylə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. "Sevinirik ki, qalib və güclü ordunun əsgəriyik. Ordumuzun daha da güclü olması naminə döyüş hazırlığımız və hərbi biliklərlə yanaşı, fiziki hazırlığımızın da yüksəldilməsi üçün mühüm tədbirlər görülür. Ordu sıralarında xidmət edən hər kəs yuxarı komandanlığın diqqət və qayğısı ilə əhatə olunub. Bunun sayəsində Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır".
Gördüklərimiz onu deməyə əsas verir ki, əsgərlərimiz yüksək döyüş hazırlığına malikdirlər. Bu, Böyük Qələbə uğrunda gedəcək döyüşlərə az qaldığını, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamımızı daha da artırır...

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"