Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2020 14:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: 1918-1920-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu.

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət


Azərbaycan öz müstəqilliyini elan etmə ərəfəsində Rusiya imperiyasının tərkibində idi. Rusiyanın 1914-cü ildə I Dünya müharibəsinə qoşulması nəticəsində ölkədə yaranan ağır iqtisadi vəziyyətdən, cəbhədəki uğursuzluqlardan məharətlə istifadə edən bolşeviklər xalq kütlələrini çar hakimiyyəti əleyhinə qaldırmağa müvəffəq oldular. 1917-ci il fevralın 27-də Rusiyada baş verən çevriliş nəticəsində çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu. Rusiyada hakimiyyət Müvəqqəti Hökumətin əlinə keçdi.
1917-ci il martın 9-da Müvəqqəti Hökumət tərəfindən Zaqafqaziyanın idarə edilməsi üçün Xüsusi İdarə Komitəsi yaradıldı. Komitəyə Dövlət Dumasının yerli üzvləri daxil edildi.
Fevral inqilabının siyasi həyata gətirdiyi canlanma nəticəsində Azərbaycanın müxtəlif sahələrində müsəlman milli şuraları yaradıldı. Bu şuralar öz fəaliyyətlərini milli məqsədlər istiqamətində qurmağa çalışırdılar. Onların arasında ən güclüsü və nüfuzlusu Bakı Müsəlman İctimai Təşkilatları Şurası idi. Bu şuranın tərkibinə milli-azadlıq  hərəkatının liderləri olan Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Mehdi bəy Hacınski kimi ziyalılar daxil idilər.
Milli hərəkatın fəallarının xalqın milli hüquqlarının təmin edilməsi yolunda irəli sürdükləri tələblər milli-siyasi idealların təcəssümü kimi cəmiyyətdə əməli sürətdə müdafiə olunurdu. Bu tələblər yalnız xalqın ağır yaşayışından doğan cari problemlərin həllinə deyil, eyni zamanda, ümummilli mənafeləri əks etdirən strateji vəzifələrin həllinə doğru istiqamətləndirilmişdi.
Rusiyada 1917-ci il oktyabr silahlı inqilabından sonra Zaqafqaziya Xüsusi  Komitəsi öz fəaliyyətini dayandırdı və noyabrın 11-də Zaqafqaziyada hakimiyyəti öz üzərinə götürəcək müvəqqəti orqan kimi Zaqafqaziya Komissarlığı yaradıldı. Komissarlığın tərkibinə Azərbaycandan Məhəmməd Yusif Cəfərov, Xudat bəy Məlikaslanov və Xəlil bəy Xasməmmədov təyin edildi.
1918-ci il fevralın 23-də  Tiflisdə Zaqafqaziya Seymi yaradıldı. Seymdə  Azərbaycanı 44 nümayəndə təmsil edirdi. Yaranan ilk gündən azərbaycanlı, gürcü və erməni fraksiyaları arasında fikir ixtilafları mövcud idi. 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Respublikası elan edilsə də,  ziddiyyətlər qalırdı.

 

Azərbaycanın öz  müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu


1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı və həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 27-də Tiflisdə canişin sarayında Həsən Bəy Ağayevin sədrliyi ilə keçirilən və keçmiş seymin Azərbaycan fraksiyasının 44 nümayəndəsindən 26 nəfərinin iştirak etdiyi iclasda Azərbaycan Milli Şurası yaradıldı və şura Azərbaycanın idarə edilməsini öz üzərinə götürdü. Mayın 28-də M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın ilk iclası oldu. İclasda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul edildi və "İstiqlal bəyannaməsi"nin mətni təsdiqləndi.
Milli Şurada "Müsavat", "Bitərəf Demokratlar qrupu", "Müsəlman Sosialist bloku", "Sosial-Demokratik Hümmət qrupu" və "İttihad" partiyaları təmsil olunurdu.
Milli Şuranın 28 may tarixli iclasında Azərbaycan Xalq Cümhuriyyətinin  ilk hökumətinin təşkil edilməsi Fətəli Xan Xoyskiyə tapşırıldı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibi müəyyənləşdirildi.
Mayın 30-da Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqramla məlumat verildi.
İyunun 4-də Azərbaycanın nümayəndə heyəti tərəfindən Batumidə Osmanlı dövləti ilə daimi sülh və dostluq münasibətləri haqqında müqavilə imzalandı. Azərbaycan hökumətinin xahişinə cavab olaraq Ənvər Paşa  hökuməti Azərbaycana 2 mln. türk lirəsi ayırdı.
1918-ci il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdü. Milli Şura  müvəqqəti hökuməti təşkil etməyi F.Xoyskiyə tapşırdı.
İyunun 17-də Gəncədə F.Xoyskinin rəhbərliyi ilə ikinci hökumət təşkil edildi. İyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.
Qatı millətçi Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin ixtiyarında olan əsasən erməni və ruslardan təşkil olunmuş 18 minlik hərbi qüvvə iyunun 10-da Gəncə istiqamətində yürüşə başladı. İyunun 12-də Kürdəmiri işğal edən qoşunlar iyunun 27-də Göyçaya yaxınlaşdılar. Qafqaz İslam Ordusu və Azərbaycan Ordusunun hissələri Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladılar. İyunun 20-də mühüm strateji məntəqə olan Şamaxı azad edildi. Sentyabrın 15-də Azərbaycan hərbi hissələri və türk  qoşunları Bakı şəhərinə hücum edərək şəhəri azad etdilər. Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü.
Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox I Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. Azərbaycan öz mənafeyi naminə Osmanlı qüvvələrinin qalib gəlməsini arzulayırdı. Lakin Türkiyə ilə Antanta dövlətləri (Fransa, İngiltərə və ABŞ) arasında 1918-ci ilin 30 oktyabr Mudros müqaviləsinə görə məğlub sayılan Türkiyə qoşunlarını Azərbaycandan çıxarmalı, Antanta qüvvələrinin Bakıya girməsinə mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Bakıda ingilis general-qubernatorluğu yaradıldı. İngilis qoşunlarının komandanı general Tomson Azərbaycanın müstəqilliyini tanımaq haqqında bəyanat verməkdən imtina etsə də, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə öz üzərinə öhdəliklər götürdü. Dekabrın 7-də Azərbaycan Parlamentinin ilk iclası oldu. Hökumətin təşkili F.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi.
1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu ləğv edildi, ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının istiqlaliyyətinin tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti qısa bir müddətdə normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə diplomatik əlaqələr qurmağa nail oldu.
Hökumətin Gəncədə fəaliyyəti dövründə 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan olunması haqqında fərman imzalandı. İyunun 27-də üzərində ağ rəngli aypara və səkkiz guşəli ulduz təsviri  olan qırmızı rəngli bayraq Dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət olan bayraqla əvəz olundu.
1918-ci il avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu. 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Sentyabrın 1-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. 1920-ci ilin yanvarında artıq 30 min nəfər piyada, 10 min nəfər süvaridən ibarət ordu yaradılmışdı.
Təhsil sahəsində də mühüm nailiyyətlər qazanılaraq orta məktəblərin milliləşdirilməsi işinə başlandı və 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin əsası qoyuldu.


Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri


Azərbaycan beynəlxalq aləmdə tanınmasına baxmayaraq ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Rusiyanın cənubunda Denikinin qoşunlarına qalib gələn bolşeviklər Bakı neftinə sahib olmaq üçün öz qüvvələrini Azərbaycan sərhədinə cəmləşdirərək işğala hazırlaşırdılar.
Bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətini gücləndirirdilər. 1920-ci ilin fevralında A.Mikoyanın rəhbərliyi ilə yaranmış Azərbaycan kommunist (bolşevik) partiyasının əsas məqsədi ölkədaxili vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşeviklərin hakimiyyətə gəlməsinə şərait yaratmaq idi.
1920-ci ilin martında Qarabağda kütləvi erməni hücumlarının başlanması ilə əlaqədar Azərbaycan Ordusunun əsas qüvvələri bu bölgədə yerləşdirilmişdi. Şimal sərhədlərini qoruyan qüvvələrin böyük bir hissəsi də Qarabağa göndərilmişdi. Erməni silahlı birləşmələri ilə döyüşlərdə Azərbaycan Ordusunun hissələri canlı qüvvə, silah-sursat və əmlak itkilərinə məruz qalmışdılar. Aprelin 27-də parlamentin iclasında Hərbi nazir Səməd bəy Mehmandarov ölkəni müdafiə barədə sorğuya cavab olaraq bildirdi ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə müqavimət göstərməyə qadir olsa da,  bolşeviklərin hücumunun qarşısını almaq üçün kifayət qədər qüvvəyə malik deyildir.
1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI qırmızı ordu Azərbaycanın sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan başda olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Aprelin 26-dan 27-nə keçən gecə XI qırmızı ordunun hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar.
Aprelin 27-də saat 12:00-da Azərbaycan parlamentinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. Aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
Aprel işğalı nəticəsində Azərbaycanda qovulan bolşevik rejiminin ömrü 70 il çəkdi. Lakin bu illərdə xalq özünün istiqlal arzularını unutmadı, nəsildən-nəslə ötürdü.
Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktında Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna belə qiymət verildi: "1920-ci il aprelin 27-28-də Rusiya Sovet Federativ Sosialist Respublikasının XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin".
Bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur.  Həmin dövrün dövlət rəmzləri yenidən qəbul edildi. Lakin Azərbaycan Respublikasının yarandığı ilk günlərdən Ermənistan tərəfinin ərazi iddiaları, hakimiyyət uğrunda ölkədaxili çəkişmələr dövlət quruculuğunu ləngidir, müstəqilliyimizə təhlükə yaradırdı. 1991-1993-cü illərdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyətin dövlətçiliyimizi təhlükə altına qoyduğunu dərk edən hakimiyyət xalqın təkidi ilə görkəmli dövlət xadimi Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun apardığı müdrik və uzaqgörən daxili və xarici siyasət  nəticəsində Azərbaycan Respublikasının dövlət quruculuğunda  və bu quruculuğun vacib sahələrindən biri olan ordu quruculuğunda əsaslı dönüş yarandı. Bu gün Azərbaycan nəinki öz müstəqilliyini qoruyub saxlaya bildi, hətta dünya dövlətləri arasında böyük nüfuza malik olan bir dövlət kimi öz layiqli yerini tutdu.
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar bunu aşkar şəkildə ifadə edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu qəbildəndir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaradılması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi