Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2020 14:00

“Azərbaycan əsgəri hərtərəfli hazırlıqlı olmalıdır”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsini artırmaq məqsədilə keçirilən ictimai-siyasi hazırlıq məşğələsinin gedişatı ilə yaxından tanış olduq. Dərs üçün nəzərdə tutulan ideoloji otağın səliqə-sahmanı göz oxşayırdı. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ön xətdə şəxsi heyətlə görüşünü əks etdirən şəkillər, dövlət atributlarımız, tarixi qəhrəmanlarımız, sərkərdələrimiz, qan yaddaşımızı əks etdirən foto-stendlər bizdə xoş təəssürat yaratdı.
İctimai-siyasi hazırlıq məşğələsinin məqsədindən söz açan qrup rəhbəri kapitan Xalid İbişov bildirdi ki, hərbi qulluqçular Vətənin tarixini bilməlidir. “Biz şəxsi heyətə ictimai-siyasi hazırlıq dərslərini keçməklə, onlara keçmişimizi, tariximizi öyrədirik. Əsgərlərin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti danılmazdır. Keçirilən məşğələlər sayəsində şəxsi heyətdə ruh yüksəkliyi yaradır, onları gələcək döyüşlərə hazırlıqlı əsgər kimi yetişdirməyə çalışırıq. Bu gün torpaqlarının bir qismi işğal altında olan, düşmənlə üz-üzə dayanan, Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirən Azərbaycan əsgəri hərtərəfli hazırlıqlı olmalıdır. Bunun üçün də biz komandir heyəti hər zaman əlimizdən gələni edirik. Keçirilən dərslərin əhəmiyyəti ondan ibarətdir ki, şəxsi heyət tarixi məlumatları öyrənərək zəngin bilgilər əldə edir. Bunun nəticəsidir ki, əsgərlərimiz Vətənə, tarixi köklərimizə, zəngin mədəniyyətimizə və milli irsimizə bağlılıq ruhunda tərbiyə olunur, ulu babalarımızın igidlik və rəşadət rəmzini özlərinə örnək bilirlər".
Zabit qeyd etdi ki, ictimai-siyasi hazırlıq məşğələsinin bugünkü mövzusu "Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir" mövzusudur.
- Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Bu böyük şəxsiyyətin Azərbaycana 30 ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Ulu Öndər bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edib. Ümummilli Lider bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və firavanlıq içində yaşaması üçün çox işlər görüb, - deyə zabit bildirdi.
Kapitan X.İbişov onu da əlavə etdi ki, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. "Ümummilli lider Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xətdə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Bu gün ölkəmizdə davam edən geniş quruculuq, abadlıq və yenidənqurma işləri qüdrətli şəxsiyyət  Heydər Əliyev zəkasının bəhrəsidir. Müstəqil dövlətimizin tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətləri olmuşdur".
Əsgər İlkin Abbasov söhbət zamanı bildirdi ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən, şəhid olanların qisasını almağa hər zaman hazırdır: "İşğalda olan torpaqlarımızı ermənilərdən azad etmək, şəhidlərimizin qisasını almaq hər bir hərbi qulluqçunun borcudur. Döyüş hazırlığımız yüksək səviyyədə olmalıdır ki, qisasımızı alaq, torpaqlarımızı işğaldan azad edək. Komandirlərimizin rəhbərliyi altında öyrədilən bütün dərsləri, təlimləri mükəmməl dərəcədə mənimsəməyə çalışırıq. Hər an Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik".
Əsgərlər Sabir Bayramov, Emin Bədəlov, Rəşad Məbudlu və digərləri bildirdilər ki, Vətənimizin azadlığı yolunda vuruşmaq hər birimiz üçün şərəfdir. “Ön cəbhədə xidmət keçmək, düşməni daima qorxu altında saxlamaq bizim üçün xüsusilə qürurvericidir. Biz əsgər yoldaşlarımızla birlikdə Vətən qarşısındakı müqəddəs borcumuzu layiqincə yerinə yetiririk. İstəyirik ki, Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edib, xidmətimizi Laçında, Kəlbəcərdə, Şuşada... davam etdirək.”

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"