Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2020 14:00

Şərəfli peşə, parlaq gələcək

Müasir Azərbaycan Ordusunun banisi, Əbədiyaşar Komandan Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində ordu quruculuğuna yüksək diqqət və qayğı göstərib. Ümummilli Lider gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə daim diqqət yetirərək, "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" - deyirdi. Hər kəs birmənalı şəkildə dərk edir ki, zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Çünki, bu peşənin sahibləri Vətən qoruyucularıdır.
Dörd bir yanı sıra dağlarla əhatə olunan "N" hərbi hissəsində ənənəyə sadiq qalaraq "gənc zabit" mövzusunda yazı hazırlamaq istəyimi bildirdim. Zabit Rəşad Əliyev baş leytenant Binnət Əsədzadənin adını çəkdi. Nümunəvi xidməti və şəxsi keyfiyyətləri ilə həm əsgərlərinin, həm də yuxarı komandirlərinin rəğbətini qazandığını bildirdi. Gənc zabitin xidmət yerinə yollandıq...
Zabitlə başı qarlı dağların qoynunda yerləşən səngərdə görüşdük. Baş leytenant Binnət Əsədzadə özündən yuxarı rütbəli zabiti nizamnamələr çərçivəsində qarşıladı və xidmətin günün tələbləri səviyyəsində təşkil edildiyini dedi. Bölmənin ərazisini gəzə-gəzə gənc zabitlə söhbətləşirəm. Gənc zabit hərb peşəsini seçməsindən, işinə olan sevgisindən, gündəlik fəaliyyətdən, təminatdan, əsgərlərin xidmətindən, düşmənin atəşkəsi pozmasından... söhbət açdı. Maraqlı və səmimi söhbətimiz çay süfrəsində davam etdi...
Gənc zabit haqqında xeyli məlumat öyrəndim. Əslən Beyləqan rayonundan olan Binnət Əsədzadə hərbçi ailəsində dünyaya göz açıb. Atası Yavər uzun illər gizir rütbəsində ordu sıralarında xidmət edib. Zabitin hərb peşəsinə olan sevgisi də ailədən qaynaqlanıb. Ali Hərbi Məktəbə daxil ola bilməsə də, hərbçi olmaq arzusu ürəyində sönməyib. Təfəkkür Universitetini bitirdikdən sonra "Ehtiyat zabit hazırlığı" kursunu keçib və arzusuna çatıb. “İşini sevməlisən ki, uğur da qazanasan”, - deyən Binnət atasından ilham alıb seçdiyi yolun müqəddəsliyindən danışdı. "Çox vaxt peşə seçimində oğul atasına istinad edir. Ata yolunun davamçısı olmaq istəyir. Mən də uşaqlıqdan atamı hərbi mundirdə görmüşəm. Bir çox bayramları hərbi hissədə əsgərlərlə bir arada keçirmişəm. Evdə də söhbətlərimiz ancaq ordudan, hərbçi olmaqdan, bu peşənin müqəddəsliyindən olurdu. Atamın hərbçi yoldaşları haqqında, xidməti zamanı yaddaqalan xatirələrini həvəslə dinləyirdim. Beləcə, bu peşəyə məndə sonsuz bir istək yarandı. Bu gün bir gənc kimi çox sevincliyəm ki, öz arzumla seçdiyim və sevdiyim peşənin sahibiyəm. Təbii ki, buna hamıdan çox atam sevinir. Peşəmə sonsuz sevgi ilə bağlanmışam. Yuxarı komandanlığın qarşımıza qoyduğu bütün tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daim çalışıram. Azərbaycan Ordusu dünya miqyasında sözünü demiş ən güclü ordulardandır. Belə ordunun zabiti olmaq da böyük məsuliyyət və fəxrdir. Hər addımda ordumuzun adını yüksək tutmaq və müqəddəs işimizdə bacarıqlı olmaq üçün əzmlə, qətiyyətlə xidmət edirik."
Şərəfli yolun hələ başlanğıcında olan Binnət daim nümunəvi zabit olmağı qarşısına məqsəd qoyduğunu bildirdi. Peşəsinin şərəfli olduğu qədər çətin olduğunu da qeyd etməyi unutmadı. "Hər peşənin öz çətinliyi var, asan iş yoxdur. Uğur qazanmaq üçün isə işini sevməli və mahiyyətini yaxşı dərk etməlisən. Məlum olduğu kimi, bizim əsas vəzifəmiz Vətəni qorumaqdır. Bu işin müqəddəsliyi isə hər kəsə bəllidir. Bütün həmkarlarım kimi mən də fəxr hissi keçirirəm ki, müqəddəs vəzifə yerinə yetirənlərin sırasındayam. Bu yolda, əlbəttə, Vətən sevgisindən güc alıram. Bu hiss mənə Vətənə bağlı olmağı, onu daim uca tutmağı öyrədir. Dövlət başçısının yüksək diqqəti və qayğısı da bütün çətinlikləri aradan qaldırır. Xidmətimdə "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizini rəhbər tutaraq, bu amalla yaşayır, xidmət edirəm. Daim çalışıram hərb peşəsinin incəliklərinə yaxşı bələd olan, seçdiyi yolda şərəflə, məsuliyyətlə xidmət edən bilikli, bacarıqlı zabitlərimizdən olum."

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR