Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2020 14:00

“Böyük Qələbəni də qazanacağıq”

Vətən anlayışı geniş mənaya malik məfhumdur. Doğulduğumuz yer, üzərində böyüyüb boya-başa çatdığımız torpaq, yaşadığımız və ən əsası ata-babalarımızdan bizə miras qalan müqəddəs ünvandır Vətən. Uğrunda qan tökdüyün, can verdiyin müqəddəs məkandır Vətən. Əbəs yerə Vətənə olan sevgi Ana sevgisinə bərabər tutulmur. Vətən - Ana qucağıtək, bir milləti və eyni bayraq altında birləşən hər bir vətəndaşı bağrına basan qollardır. Vətən bizə Anamız qədər əzizdir. Ata-babalarımız Ana Vətənimizin hər qarışını qorumağı özlərinə müqəddəs borc bilib, onun uğrunda savaşıblar.
Əvvəlcə düşmənlə üzbəüz mövqedə, Vətəninin keşiyində gecə-gündüz, şaxta-sazaq demədən ayıq-sayıq xidmət edən "N" hərbi hissəsinin zabiti Həşim Həşimovla görüşüb, ezamiyyət planımızı onun diqqətinə çatdırırıq. Planla tanışlıq və qısa fikir mübadiləsindən sonra zabitin müşayiəti altında döyüş mövqeyinə yola düşürük. Yolüstü Aprel döyüşlərində ordumuz tərəfindən azad edilən ərazilərimizdən keçirik. Təzə yollar salınıb, şəhərcik tikilib, ətraf abadlaşdırılıb. Şəhərcikdə məktəb, məscid və digər iaşə obyektləri əhalinin istifadəsinə verilib. Yaradılan şəhərcikdə artıq vətəndaşlarımız yaşayır, evlərdə işıqlar yanır, həyətlərdə uşaqlar oynayır. Qürurlanırıq.... Sevinirik ki, uzun müddət mənfur düşmən tapdağında  olan torpaqlarımızda bu gün o torpaqların həqiqi sakinləri, həmyerlilərimiz yaşayırlar. Yollar uzandıqca yaşayış məntəqələri geridə qalır. Nəhayət, bölməyə çatırıq. Baş leytenant Ramil Siraclı ilə tanış oluruq. Özü haqqında qısa məlumat verən gənc zabit bildirir ki, 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Gənc zabit, həmçinin şəxsi heyətin döyüş ruhundan və bölmədə yaradılan şəraitdən ağızdolusu danışır. Söhbət zamanı şəxsi heyət yataqxananın qarşısında düzülür. Leytenant Nurlan Bənnayev növbəni dəyişən heyətə günün tapşırıqlarını çatdırır. Baş leytenant Ramil Siraclı qeyd edir ki, yaradılan sosial-məişət şəraiti əsgərlərin xidmətini yüksək səviyyədə təşkil etməsində birbaşa rol oynayır. Əsgərlər postlarda ayıq-sayıq dayanır, vəzifə borclarını bilir və məsuliyyətlərini aydın dərk edirlər. Şəxsi heyət həm fiziki, həm də mənəvi cəhətdən vəzifəsinin öhdəsindən gəlməyi bacarır və verilən tapşırıqları layiqincə icra edir.
Öyrənirəm ki, leytenant Nurlan Bənnayevin atası Aqif Bənnayev birinci Qarabağ müharibəsində könüllülərin sırasında düşmənə qarşı vuruşub. "Hər zaman bölməmizin şəxsi heyətinə Vətəni qorumağın vacibliyindən danışıram. Ön xətdə xidmət etmək çətindir, lakin şərəflidir. Vətənpərvərlik hissi yüksək olan hər bir kəsin qəlbində bir nisgil var - Qarabağ. Bölməmizin əsgərləri Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyir və düşməni döyüş meydanında darmadağın etmək əzmindədirlər. Tarix boyu yalnız ikiüzlü və fitnəkar siyasət yürüdən düşmənə ordumuz layiqli cavab vermək gücündədir. Məkrli düşmən öz pis niyyətindən  əl çəkməyərək təxribatlara əl atsa da, igid əsgərlərimiz onların cavabını verəcəklər. Azərbaycan əsgərinin mübarizliyinə düşmən yaxşı bələddir".
Zabitlə söhbət zamanı divardan asılmış bir şəkil diqqətimi cəlb edir. Aprel döyüşlərində şəhid olmuş hərbi qulluqçularımızın şəkilləri... Şəhid mayorlarımız Elnur Əliyev, Rasim Məmmədov və digər şəhid hərbçilərimiz... Bu döyüşlərdə Azərbaycan Ordusu igid oğulları sayəsində tarix yazdı, tarixə yazıldı. Şübhəsiz ki, onların hər birinin göstərdiyi vətənpərvərlik şücaəti və keçdiyi döyüş yolu gənclərimiz üçün ən vacib örnəklərdəndir. "Vətəni sevən, Vətən yolunda canını fəda edən qəhrəmanlar heç zaman unudulmurlar, əksinə, öz xalqının qəlbində həmişə yaşayırlar", - leytenant Nurlan Bənnayev sanki düşündüklərimi oxuyub fikirlərimə şərik olur. Tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərini tarixləşdirən igid oğullarımızın yüksək əzmkarlığı, döyüş ruhu sayəsində bu gün üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalanır.
Gənc zabitlə birgə müşahidə mövqelərində dayanan əsgərlərlə kəlmələşirik. Əslən Şamaxı rayonundan olan əsgər Yusif Əliyev müşahidə vaxtı baş verə biləcək istənilən gözlənilməz vəziyyətə hazır olduqlarını bildirir və qeyd edir ki, komandirlərin verdiyi təlimatlara əsasən atəşkəs rejimi pozulduqda düşmən cavab atəşi ilə susdurulur, hər hansı təxribat törətmək cəhdinin qarşısı qısa vaxt ərzində alınır. “Xidmətimiz bir şüar altında qurulub - Vətənə məhəbbət, düşmənə nifrət! Xalqımız bizə inanır, güvənir. Ona görə də çalışırıq ki, bu inama layiq olaq, bizə olan etimadı boşa çıxarmayaq. Komandirlərimizin təcrübələrindən yararlanırıq. Özümüzü daim təkmilləşdirir, hərbi biliklərimizi artırırıq.”
Əsgər Əmral Nəzərli də Vətəni qorumağın vacibliyini qeyd edir. "Hər bir vətəndaş böyüyüb boya-başa çatdığı Vətənini qorumalı və ölkəsinin uğurları üçün əlindən gələni əsirgəməməlidir. Artıq neçə aydır ki, ordu sıralarındayam və xidmətimi səngərdə keçirirəm. Sabah “Vətən üçün nə etmisən?”  sualı veriləcəyi halda, tam rahatlıqla cavablandıracam ki, çətin mövqelərimizdən birində xidmətim keçib. Xidmət etdiyim hərbi hissə Aprel döyüşlərindən üzüağ çıxıb. Bu gün düşmənlə üzbəüz mövqedə torpaqlarımızı müdafiə etdiyim üçün qürurluyam. Bu, şərəfli vəzifədir. Hər birimiz bu şərəfli vəzifəni dərk edir, üzərimizə düşən öhdəliyi layiqincə yerinə yetiririk.”
Əsgər İlham Şəfiyev Aprel döyüşlərində fərqlənən hərbi hissədə xidmət etdiyi üçün keçirdiyi fəxarət hissindən söz açır. O, həmçinin qeyd edir ki, həmin döyüşlərdə iştirak edən və şəhid olan hərbçilərimizin göstərdiyi şücaətlər barədə komandirlərindən çox eşidib. "Aprel döyüşlərində iştirak etməsəm də, komandirlərimin danışdıqları o səhnələri gözlərimin önündə canlandırıram. Vətənimizin varlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən döyüşçülərimiz hər birimiz üçün qəhrəmanlıq nümunəsidir. Bizə əmanət olan bu torpaqları göz bəbəyimiz kimi qorumalı və çalışmalıyıq ki, xalqımız firavan, Vətənimiz isə hər zaman var olsun.”
Əsgər Araz Abdullazadə də fikirlərini bizimlə bölüşür. "Böyüklərdən müharibənin çətinlikləri barədə çox eşitmişəm. Əvvəlki illərdə ordumuzun hazırlıqsız olması, nizami ordumuzun olmaması torpaqlarımızı itirməyimizin əsas səbəbləri kimi göstərilirdi. Lakin bu gün ordu sıralarında xidmət edən əsgər kimi demək istərdim ki, təminatımız yüksək səviyyədədir, silah-sursatımız müasir standartlara uyğundur. Hər birimizin ən böyük arzusu Qarabağı azad etmək, onu azad görməkdir. Böyük Qələbəni qazanacağımız günün iştirakçısı olmaq arzusundayam. Ümid edirəm ki, tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə işğalda olan torpaqlarımızı azad edib, yurdlarından didərgin düşən həmyerlilərimizin yenidən ata-baba ocaqlarına qayıdışlarında vasitəçi olacağıq".

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"