Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2020 10:00

Ən gözəl səhər olacaq...

Bu ilin yazı bəşəriyyətə bir ürək tutumunca könül xoşluğu verməyə macal tapmamış düzü-dünyanı olduqca qorxulu virus bürüdü. Təbabətin bu yüyrək pandemiyanın qarşısını almağa hələ ki, qüdrəti çatmır. Dünyəvi təbabət etiraf edir ki, bu qüdrətin başlanğıcı dövlətin gördüyü qabaqlayıcı tədbirlər ola bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq səərəncamları ilə pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü, xüsusi karantin rejimi, karantin rejiminə görə  müxtəlif iş sahələrində müəyyən iş məhdudiyyətləri tətbiq edildi. Ordunun şəxsi heyəti xidmətini həmişəki məsuliyyətlə, Hərbi anda, dövlətə, dövlətçiliyə həmişəki sədaqətlə davam etdirməkdədir. Hərbi hissələrdə təhlükəsizliyin təmin edilməsi, sanitariya-gigiyena şəraitinin səviyyəsini yüksəltmək məqsədilə nəzarət qrupları yaradılıb.
Bəşəri dövlətləri, başlıca dövlətçilik siyasəti insan amili olan dövlətləri pandemiya ilə mübarizə qeyri-rəsmi şəkildə birləşdirdi. İndi dünya hər açılan səhərdən ümid gözləyir. Ümid dövlətin pandemiyaya qarşı qəbul etdiyi qərarlardır, bu qərarları tam ciddiyətiylə yerinə yetirən müvafiq dövlət strukturlarıdır, əhalinin məsuliyyətidir...
Neçə gündü ümidə inam hamı kimi mənim də düşüncələrimdədi. Mən də gecəni əhalinin xüsusi karantin rejiminə tam məsuliyyəti ilə əməl edəcəyinə, dövlətin pandemiya ilə mübarizəsinə yardımçı olacağına əminliklə səhər edirəm və hər səhər oxuyanda, "Bakı, sabahın xeyir!" şeirini, hər dinləyəndə bu şeirə bəstələnmiş nəğməni xatırlayıram - bütün xatırlayanlar kimi mənim də könlüm tellənir. Könlümdən "Sabahın xeyir!" ifadəsini ön xətdə, səngərdə demək keçir. İstəyirəm ki, səhər yelləri ön xətdə yollar boyunca ağacların xırdaca budaqlarının, hələ dünya işığın düz-əməlli görməmiş yarpaqlarının titrəyişinin içindən keçib səngərə çatam, nəfəs dərib əsgərlərə salam verib, əleyk alam, salamlaşma düzü-dünyanı titrətmiş pandemiya təhlükəsi sovuşandan sonra əsgərlərlə təşnəsində olduğum başlanğıc ola, əlim əsgərlərin əlində isinə, əlim əsgər əli isidə, düşüncələrimin qırışığı açıla, yenə mətləb verib mətləb alaq, bir mətləbi digərinin davamı kimi, bir mətləbi digərinin başlanğıcı kimi dinləyək, yenə düşüncələrimiz Vətən, dövlət, dövlətçilik kəlmələrindən barınsın, əsgərlərin döyüş əzmi, qələbə ruhu yenə inamımızı bir boy da dikəldə. Döyüş növbətçiliyinə gedən əsgərləri könül xoşluğuyla, əminliklə uğurlayaq, döyüş növbətçiliyindən qayıdanlarla kəlmələşək. Səngəri müharibə yaradır. Müharibə başa çatınca Vətənin ən həssas yeri səngər olduğuna görədir ki, burada bütün söhbətləri bir mahiyyət birləşdirir: Qələbə...
Azərbaycanda karantin rejimi tətbiq edilməmişdən əvvəl - Novruz bayramı ərəfəsində ön xətdə əzamiyyətdəydim. Hərbi hissədə təhlükəsizliyin təmin edilməsi, sanitariya-gigiyena şəraitinin səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış nəzarət qrupunun fəaliyyətini biz də dövlət başçısının tövsiyələrinə, tələblərinə tam ciddiyətiylə əməl edildiyinə əminlik bildik: koronavirus xaricdən gələnlərə görə Azərbaycana yol tapa bilər, ancaq Azərbaycan Ordusuna yox!
Pandemiya Azərbaycana da əl uzatdı. Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qabaqlayıcı sərəncamları, vaxtında tətbiq edilən xüsusi karantin rejimi yoluxmanın geniş miqyasda yayılmasının qarşısını aldı.
Səngərdə verilən salam həm vəzifə borcunun icrasına başlanğıcdı, həm də mənəvi borcödəmədi. Bu iki məqamın vəhdəti könül xoşluğudu, yazılacaq (yaranacaq!) fikirlərin mübtədasıdır. O məqama uğur üstəyəm. Dost da, düşmən də bilir ki, Azərbaycan Ordusu qüdrətlidir, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlər Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq. Bu inam ictimaiyyətin inamıdır və səngərlərə bu inamın işığıyla gedirik, əsgərlərlə bu inamla kəlmələşirik və səngərdə bu kəlmələşməni əsgərlər ictimaiyyətin orduya güvəncinin ifadəsi kimi dinləyir, ictimaiyyət bu kəlmələşmənin nəticəsi olan yazılanları əsgərlərin qətiyyətinin, döyüş əzminin, qələbə ruhunun ifadəsi kimi oxuyur, bilir ki, güvəndikləri onlara arxalanır. Əsgərlərə belə ovqat yaşatmağı da, bu ovqatı yaşadıb ictimaiyyətə çatdırmağı da özümə vəzifə borcu bilirəm.   
Azərbaycan əsgəri bilir ki, Vətən təkcə sərhədlərdən, müharibədə, müharibə şəraitində səngərlərdən qorunmur, Vətən həm də dövlətçiliyin yaşamı üçün dövlətin Konstitusiyasına, qəbul etdiyi qərarların tələblərinə vətəndaş münasibətilə qorunur. Ona görə Azərbaycan əsgərinin ön xətdən, səngərdən sevə-sevə qoruduğu, qoruya-qoruya sevdiyi Azərbaycanımıza xitabən deyəcəyi "Hər bir Azərbaycan vətəndaşı üçün xüsusi karantin rejiminə böyük məsuliyyətlə əməl etmək döyüş növbətçiliyidir" kəlmələrini də eşidəcəm... 
Yaxın vaxtlarda açılan dan yeri bəşəriyyətə Azərbaycanda pandemiyanın  sovuşduğunu deyəcək.
Yaxın vaxtlarda açılan dan yeri Azərbaycan Ordusunun Böyük Qələbəsinin carçısı olacaq! Dünya səmimiyyətlə "Sabahın xeyir, Azərbaycan əsgəri!" deyəcək. O salamın veriləcəyi səhər ən gözəl səhər olacaq... 

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"