Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2020 10:00

Hospitalın aztəminatlı işçilərinə yardım göstərilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə yardım aksiyası keçirilib. Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasına (COVID-19) yoluxmanın qarşısının alınması və xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar hospitalın aztəminatlı işçilərinə ərzaq və maliyyə yardımı göstərilib.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev bu gün dünyanın ən böyük bəlasına çevrilən yeni növ koronavirus pandemiyasının ölkəmizdən də yan keçmədiyini deyib: "Bütün bu çətinliklərə baxmayaraq, COVID-19 virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ölkəmizin rəhbəri cənab İlham Əliyev tərəfindən vaxtında lazımi addımlar atıldı. Görülən işlər, Azərbaycan Prezidentinin xalqa virusdan qorunmaqla bağlı etdiyi müraciətlər hər bir ölkə vətəndaşında böyük ruh yüksəkliyi yaratdı. Ölkə başçısının bütün çıxışlarında virusa birlikdə qalib gələcəyimizə əminlik ifadə olundu. Azərbaycan Ordusu da  ilk gündən yeni tip koronavirusa qarşı mübarizədə qabaqlayıcı tədbirlər gördü, bu istiqamətdə bütün qüvvələrini səfərbər etdi."
"Biz birlikdə güclüyük" çağırışıyla koronavirusa qarşı mübarizədə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına ilk gündən ciddi əməl olunduğunu bildirən polkovnik-leytenant Bünyam Hümbətov görülən qabaqlayıcı tədbirlərin təkcə xalqımız tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayıb. "Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun Azərbaycan Prezidentinə ünvanladığı məktubda virusla mübarizədə görülən işləri nümunəvi hesab etməsi bunu bir daha təsdiqlədi."
Sonda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Həmkarlar İttifaqı Komitəsinin sədri Stepan Kropoçev Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşovanın adından çıxış edərək, ərzaq yardımını hospitalın aztəminatlı işçilərinə təqdim edib.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"