Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2020 10:00

Bakı nefti - Qələbənin təminatı

Ümummilli lider Heydər Əliyev: Müharibə illərində hər beş təyyarə, tank, avtomaşından dördü Bakı benzini ilə işləyirdi.
Müharibə həm mübarizələr meydanı, həm də xalqın mənəvi qüvvəsinin hərtərəfli sınağıdır. Onun gedişi və nəticəsi isə əhalinin ordu ilə birlikdə gərginliyə, çətinliklərə, məhrumiyyətlərə davamlılığı, dözümlülüyü və qələbəyə inamın saxlanılması ilə müəyyənləşib. Gözünü ölüm, qan, ən böyük məhrumiyyətlər qorxutmayan, yorulsa da, taqətdən düşsə də, son nəfəsinədək yenə qələbə uğrunda döyüşən, hərbi mundiri barıt qoxulu sonuncu əsgərin çoxdan gözlədiyi 9 May Qələbə Günündən 75 il ötməkdədir. Bu Böyük Qələbə tək bir ölkənin yox, bütün bəşəriyyətin qəsdinə dayanaraq, 54 milyon insanın məhvinə, 90 milyondan çoxunun əlil olmasına, onlardan qat-qat artıq talelərin şikəst edilməsinə səbəb olan faşizm üzərində bütün tərəqqipərvər dünyanın qələbəsidi.
Hər il ildönümünü təntənə ilə qeyd etdiyimiz faşizm üzərində qələbə tarixi əhəmiyyətə malik olub, bəşəriyyətin müharibədən sonrakı inkişafına - dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına öz böyük təsirini göstərib. Həmçinin insanlarda mübarizlik ruhunun daha da möhkəmlənməsində böyük rol oynayıb. O qanlı savaşda məmləkətimizin yüz minlərlə oğul və qızı silaha sarılaraq Azərbaycan naminə, Bakının, Bakı neftinin hitlerçilərin əlinə keçməməsi naminə özlərini odun, alovun içərisinə - döyüş meydanlarına atıb. Xalqımız həm ön cəbhədə, həm də arxa cəbhədə gecə-gündüz çalışıb, misilsiz fədakarlıq nümunələri göstərərək qələbənin əldə olunmasına böyük töhfələrini verib. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, müharibə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan qəhrəman xalqdır.
Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan İkinci Dünya müharibəsində  faşist Almaniyası Sovet İttifaqı üzərinə misli görünməmiş ordu qüvvəsi ilə hücum etdi. O zaman faşist ordusu 5 milyon 500 min canlı qüvvə, 4 min 300 tank, 24 min 980 hərbi təyyarə, 190 döyüş gəmisi, 44 min 200 artilleriya qurğusu ilə genişmiqyaslı əməliyyat planı həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. Xüsusilə qeyd olunmalıdır ki, faşist ordusunun silah cəbbəxanası həmin dövrün ən modern, təkmil bazası hesab olunurdu. İkinci cahan savaşının tərkib hissəsi hesab edilən Böyük Vətən müharibəsi başlayarkən Sovet İttifaqının ordu quruculuğu və müdafiə sistemi tamamilə zəif idi. Bu o dövr idi ki, qanlı repressiya dalğaları yenicə ara vermişdi. On minlərlə ziyalı, hərbçi, dünya və vətəndaş müharibələrinin təcrübəsini qazanmış zabit qırmızı terrorun qurbanına çevrilərək, antisovet damğası ilə məhv edilmişdi. Təcrübəli ordu rəhbərlərinin olmaması özünü o zaman göstərdi ki, müharibənin ilk üç ayında almanlar Moskva ətrafına qədər gəlib çıxa bildilər. Müharibənin 1 il 6 ayı ərzində Sovetlər İttifaqı 11 milyon canlı qüvvə itirdi. Bütün bunlar isə o demək idi ki, sovet ordusu müharibənin gedişində yenidən formalaşdı. Faşizm üzərində qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi.
1418 gün davam etmiş Böyük Vətən müharibəsinin ilk günlərindən 40 min soydaşımız ordu sıralarına səfərbər edilərək düşmənlə mübarizə səngərlərinə yollandı. Ümumilikdə, 700 minə yaxın həmvətənimiz faşistlərə qarşı ölüm-dirim savaşlarında  iştirak etdi. Onlardan 300 min nəfərdən çoxu odlu cəbhələrdə həlak oldu. Xalqımızın qəhrəmanlıq tarixinə yeni, şanlı səhifələr yazan soydaşlarımızın döyüş rəşadəti yüksək qiymətləndirilərək orden və medallara, ali mükafatlara layiq görüldü.
Xalqımızın qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmırdı. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıq göstərərək gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Ona görə də faşizm üzərində qələbənin qazanılmasında böyük əməyi olan xalqımızın qəhrəman övladlarının, alimlərinin və Bakı neftinin oynadığı rolu hər kəsin bilməsi zəruridir. Bakı qəhrəman şəhərlər Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Sevastopol, Brest, Kiyev və digərləri ilə eyni sırada dayanır. İnanırıq ki, tarixi ədalət bərpa olunaraq paytaxt Bakımıza da qəhrəman şəhər adı veriləcək və bu da rəsmi təsdiqini tapacaq.
Bütün bunlar xalqımızın qəhrəmanlıq ənənələrinin davamıdır. Ön cəbhədə, arxa cəbhədə ata-babalarımızın göstərdikləri hünər, igidlik nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması yolunda böyük önəm daşıyır.

"Azərbaycan Ordusu"