Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2020 10:00

“Atəş” komandasını gözləyirik!

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin döyüş hazırlığı ilə yaxından tanış olduq. Hərbi hissənin zabiti baş leytenant Şahin Orucovun nəzarəti altında keçirilən dərsin gedişatı ilə maraqlandıq. Söhbət zamanı Şahin orduda aparılan islahatlardan danışdı. O bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordu sahəsində böyük islahatların aparılması ilə yanaşı, ordumuz yeni və müasir silah növləri ilə təchiz edilir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Anar Ələsgərov müharibədə artilleriyanın rolunun böyük olduğunu dedi. - Artilleriya qüvvələri - toplar cəbhə xəttindən bir qədər arxada yerləşdirilir. Hərbi əməliyyatların artilleriya dəstəyi ilə uğurla başa çatdırılması qələbəyə hesablanır. Bölməmizin şəxsi heyətinin həm mənəvi-psixoloji durumu, həm də döyüş hazırlığı yüksək səviyyədədir. Təcrübəli zabitlərimiz əsgərlərə toplardan istifadənin sirlərini öyrədir, onlara lazımi təlimatlar verir, təhlükəsizlik qaydalarını izah edirlər. Döyüşlərdə topçularımız öz bacarıq və peşəkarlıqlarını nümayiş etdirməyə tam qadirdirlər.
Baş çavuş A.Ələsgərov şəxsi heyətin həyata keçirdiyi işlərin ardıcıllığı barədə danışdı: "Öncə qəbul olunan məlumatların  qeydiyyatı aparılır və lazım olan punktlar kağıza köçürülür. Növbəti mərhələdə hədəflərin hansı tərəfdə olmasını bilmək üçün direksiya bucaqları hesablanır. Əldə olunan məlumatlar top komandirinə ötürülür. Top komandiri, öz növbəsində, həmin məlumatları tuşlayıcıya istiqamətləndirir. Alınan koordinatlar nişangaha qoyulduqdan sonra topun lüləsi nəzərdə tutulan tuşlama nöqtəsinə istiqamətləndirilir. Şəxsi heyətin tapşırığı yerinə yetirməyə hazır olması haqqında məlumat verildikdən sonra onun sona çatdırılması üçün "Atəş" komandası gözlənilir. Atəşin həyata keçirilməsi ilə tapşırıq sona çatmış hesab olunur".
Əsgər İsrafil Mədətov bildirdi ki, bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı düşmənin açıq və qapalı yerlərdə olan canlı qüvvəsini, piyada hissələrinin atəş vasitələrini, istehkamlarını məhv etmək, minalanmış ərazilərdə və tikanlı sədlərdə yol açmaq, düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaqdır. “Piyada qüvvələrinə yardım etmək üçün düşmənin vacib hədəflərini sıradan çıxarmalıyıq. Komandirlərimiz bizlərə artilleriyanın sirlərini öyrədir, döyüş qabiliyyətimizi və qələbə əzmimizi artırırlar. Arzu edirəm ki, ordu sıralarından tərxis olmadan öncə Ali Baş Komandanımızın əmri ilə döyüş qabiliyyətimizi düşmən üzərində göstərək. Qisasımızı almaq üçün "Atəş" komandasını gözləyirik!”
Əsgər Elgün Əzimov digər əsgər yoldaşları kimi topun taktiki-texniki xüsusiyyətlərini yüksək səviyyədə mənimsəyib. "Torpaqlarımızı hərb yolu ilə işğaldan azad etmək lazım gələrsə, hər an buna yüksək səviyyədə hazır olmalıyıq. Ona görə də biz bütün silahların, xüsusən də topun taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənməliyik. Bu işdə dəqiqlik xüsusi əhəmiyyət daşıyır. Silah dəqiqliyə əməl etməklə dərinlikdə yerləşən düşmənin artilleriyasını, canlı qüvvəsini, istehkam qurğularını məhv edə bilər. Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyadaları atəş dəstəyi ilə təmin etməkdir. Piyadalara yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Bu hərbi texnika ilə necə davranmağın sirlərini yaxından öyrənirik. Komandirlərimiz mütəmadi olaraq məşğələlər keçərək, döyüş qabiliyyətimizi artırırlar. Döyüş meydanında düşmən üzərində qalib gələcəyimiz günü həsrətlə gözləyirik. O gün qisasımızı alacaq, torpaqlarımızı işğaldan azad edəcək, dədə-baba yurdlarından didərgin düşən soydaşlarımızı yenidən doğma evlərinə qaytaracağıq".
Əsgərlər Məhəmmədəli Babazadə, Zeynal Məmmədov, İlkin Mirzəquliyev və digərləri Müdafiə Nazirliyinin rəhbər heyətinin onlara göstərdiyi diqqət və qayğıdan, komandirlərinin rəhbərliyi altında döyüş hazırlıqlarını artırmaqlarından, topun taktiki-texniki xüsusiyyətlərini öyrəndiklərindən söhbət etdilər. Onların hər biri döyüş əmrilə düşməndən qisas alacaqları günün həsrəti ilə xidmət etdiklərini bildirdilər.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"