Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2020 10:00

Müasir Azərbaycan Ordusunun qurucusu

Tarixin taleyüklü məqamlarında Vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma Vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir.
Ümummilli lider Heydər Əliyev zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə xalqımızın yaddaşında əbədilik qazanıb. Ulu Öndər sadəcə xalqımızın deyil, eyni zamanda, bütün dünyanın şəxsiyyətinə böyük hörmət bəslədiyi siyasi lider idi. Tarixin xalqlara verdiyi şansları nadir sərkərdələr reallaşdırmağa qadir olurlar. Ulu öndər Heydər Əliyev bu mənada xalqı, dövləti qarşısında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmiş bir şəxsiyyətdir. Xalqımızın Ümummilli Lideri Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verdi, yalnız bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etdi.
Ordu hər bir müstəqil dövlətin suverenliyinin təminatçısıdır. Son illər ölkəmizdə ordu quruculuğunda böyük nailiyyətlər əldə edilib. Silahlı Qüvvələrimizin formalaşması müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik   Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verəcək bir səviyyədə formalaşıb. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə  güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşan modern bir ordusunun olması ilə də diqqəti cəlb edir.
Ulu öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra  müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılması o vaxtkı SSRİ rəhbərliyini narahat etməyə bilməzdi. Həmin dövrdə ard-arda Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını aldı.  Məhz bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.
1993-cü ilin yayında ümummilli lider  Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də  mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra  Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndirildi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət gücləndirildi.
Dahi sərkərdə cəbhə xəttində atəşkəsə nail olduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapdı. Dövlətçiliyi və Hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Ümummilli Lider demişdir: "Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır".
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər - Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı...
Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım oldu. Belə ki, əbədiyaşar Ali Baş Komandan milli ordu quruculuğu, Silahlı Qüvvələrin modernləşməsi prosesində beynəlxalq təcrübəyə istinad etməklə güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini formalaşdırdı. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açdı.
Bu gün tam əminliklə deyə bilərik ki, regionun ən qüdrətli ordusu - Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini uğurla yerinə yetirməyə hazır və qadirdir.

"Azərbaycan Ordusu"