Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2020 10:43

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.
Suallar:

1. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.

2. Müasir Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsəridir.

 

Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir


Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Tarix göstərir ki, xalq üçün yaşayanlar, qurub-yaradanlar, həyatlarını onun yolunda məşəl kimi yandıranlar ölmürlər, millətlə və xalqla birlikdə əbədi ömür sürürlər. Heydər Əliyevin ömrü məhz bu cür məşəl kimi yanan həyatın bariz timsalı idi. Azərbaycan xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər Əliyev də müasir Azərbaycan dövlətçiliyini yetişdirmiş, qabaqcıl, demokratik Azərbaycan Respublikası səviyyəsinə gətirmişdi. Ulu Öndərimiz həmişə deyirdi ki, milli ruhu və milli varlığı müdafiə, eyni zamanda, mühafizə etməyin, milli maraqları gerçəkləşdirməyin ən uğurlu forması müstəqil milli dövlətdir. Odur ki, Ulu Öndər milli-mənəvi dəyərlərlə yanaşı, milli dövlətçiliyin də qorunmasını, inkişafını və dünyaya inteqrasiyasını siyasi fəaliyyətinin əsas hədəfləri hesab etmiş, özünün mənalı ömrünü bütünlüklə bu məqsədlərə həsr etmişdir.
Bu gün ümummilli lider Heydər Əliyev cismən aramızda olmasa da, əbədiyyətə qovuşsa da, ruhən bizimlədir - onun yüksək amalları, qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası yaşayır və inkişaf edir. Artıq bütün dünyaya bəllidir ki, Azərbaycan xalqı - Heydər Əliyev birliyi tarixin bütün sınaqlarından keçməyə qadirdir və əbədidir.
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ulu Öndərin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə ümummilli lider Heydər Əliyevin xidmətləridir.
İqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir.
Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Ümummilli lider Heydər Əliyev torpağı şəxsi mülkiyyətə verməklə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür.
Ulu Öndərin vaxtilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.

 

Müasir Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsəridir


Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Ulu Öndərin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.
Dahi Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.
Xalqımızın Ümummilli Liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz Vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həmçinin iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir.
Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən təcrübəli siyasətçi, mahir diplomat kimi ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. Həmin dövrdə Azərbaycanın silahlı qüvvələrinin böyük bir hissəsi ayrı-ayrı cinayətkar əllərdə cəmləşərək siyasi məqsədlərə ölkə daxili çəkişmələrə, hakimiyyət uğrunda mübarizələrə cəlb edildiyi üçün, Vətən torpağı müdafiəsiz qalmış, ərazilərimiz işğal olmuşdu. İlk növbədə, bu qeyri-qanuni silahlı dəstələr buraxıldı, siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin qarşısı məharətlə alındı. Uzun sürən daxili çəkişmələrdən sonra ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan Ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün hamıya aydındır ki, o zaman müdrik dövlət başçımız tərəfindən bu taleyüklü addımlar atılmasaydı, Azərbaycan dövlətini yaratmaq da mümkün olmayacaqdı.
Bundan ötrü dünya miqyasında qəbul olunan və tətbiq olunan bütün variantları öyrənmək, onlardan bəhrələnməyi bacarmaq lazım idi. Ümummilli Liderimiz dövlətimizə fayda verə biləcək bütün mütərəqqi ideyaları Azərbaycanın reallığını nəzərə alaraq, ardıcıllıqla həyata keçirirdi. Azərbaycanı düçar olduğu bəlalardan qurtarmaq və onu dünyanın sivil ölkələri sırasına çıxarmaq üçün o, öz nadir intellektindən və tükənməz enerjisindən məharətlə istifadə edirdi. Bu bir həqiqətdir ki, millətin gücü və nüfuzu onu təmsil edən rəhbərin şəxsiyyətindən, diplomatiyasının səviyyəsindən birbaşa asılıdır. Dünyanın aparıcı dövlətlərinin respublikamıza marağı bir tərəfdən onun zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi ilə əlaqədar idisə, digər tərəfdən Ümummilli Liderimizin yürütdüyü praqmatik və iqtisadi cəhətdən perspektivli siyasətlə, bu siyasətin yaratdığı ictimai-siyasi sabitliklə bağlı idi. Artıq siyasi və iqtisadi islahatların aparılması və respublikamızın dünya birliyinə inteqrasiya olunması üçün hüquqi baza - konstitusiya yaradılmışdı. Azərbaycan ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə mütərəqqi beynəlxalq təcrübəyə əsaslanıb gələcəyə doğru inamla addımlayırdı.
Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Dahi şəxsiyyət Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.
Ümummilli lider Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.
Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. Ulu Öndərin ölkəmizin sürəkli tərəqqisini təmin edən irimiqyaslı proqramları bu gün də xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olmuş, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermişdir.
                         
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi