Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2020 10:43

“Harada olmağımızdan asılı olmayaraq Vətənimizin əsgəriyik”

Hər bir valideyn övladını sülh və əmin-amanlıq şəraitində böyütmək istəyir. Buna nail olmaq üçün isə güclü ordun, bugünkü münaqişədə dönüş yarada biləcək nizam-intizamlı, təcrübəli, savadlı şəxsi heyətin olmalıdır. Bu gün böyüdüb boya-başa çatdırdığımız övladlarımız sabah həmin ordunun əsgəri, Vətənimizin müdafiəçiləri olurlar. Beləliklə, hərbi xidmət hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilir. Ordunun əhəmiyyəti ondan ibarətdir ki, müstəqil həyata qədəm qoyan gənclərimiz layiqli vətəndaş kimi formalaşırlar.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Əsgərlərimizlə söhbətləşir, onların hərbi xidmət haqqında təəssüratlarını dinləyirik.
"Əsgəri xidmət sizə nə öyrətdi?" sualımızı ilk olaraq əsgər Qorxmaz Zeynalov cavablandırdı:
- Burada hərbi xidmətin nə qədər önəmli olduğunu anladım. Xidmət zamanı bir sıra insani keyfiyyətlərə yiyələndim. Ən əsası komandirlərimizin səyi nəticəsində hər birimiz hazırlıqlı döyüşçü kimi formalaşdıq. Hamımız üzərimizə düşən vəzifəni - Vətən torpaqlarının bizə əmanət olduğunu dərk edirik. Hər qarış torpağımızı qorumaq üçün əlimizdən gələni əsirgəmirik. Artıq xidmətimin xeyli hissəsi geridə qalıb. Hərbi xidmətə təzə başlayanda bir çox çətinliklərlə üzləşdik. Ancaq keçirilən məşğələlərdə hərbin sirlərini, təhkim olunan silah və texnikalar ilə davranış qaydalarını öyrəndik. Ordu sıralarına yeni qatılan silahdaşlarımıza intizamlı olmalarını, daim düşmənin bütün fəaliyyətlərini nəzarət altında saxlamalarını, hər an döyüşə hazır olmalarını tövsiyə edirəm. Düşünməsinlər ki, tərxis olduqsa, bir dəfəlik gedirik. Biz harada olmağımızdan asılı olmayaraq Vətənimizin əsgəriyik. Vətənimiz çağırdığı an onun müdafiəsinə qalxmağa, Azərbaycan əsgərinin yanında olmağa hazırıq. İnanırıq ki, Ali Baş Komandanımızın döyüş əmri ilə işğalda olan torpaqlarımızı azad edəcəyik.
Əsgər Bəhman Xudaverdiyev hərbi xidmətdə qazandığı dostlarından danışaraq dedi ki, silah dostu ömür dostudur. "Xidmətimi tezliklə başa vuracağıma həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ki, tezliklə ailəmin yanına qayıdacağam, təsərrüfat işlərində valideynlərimə kömək edəcəyəm. Kədərlənirəm ki, burada olan dostlarımdan, komandirlərimdən ayrı düşəcəyəm. Ancaq bu ayrılıq müvəqqətidir. Mütəmadi onlarla əlaqə saxlayacam. Çalışacam ki, hər zaman onların yanlarında olum. İnanıram ki, bizim dostluğumuz  illərin sınaqlarında daha da möhkəmlənəcək. İnşallah, bizim dostluğumuz övladlarımızın dostluğuna çevrilər. Əsgəri xidmətə gəlməzdən əvvəl bir yuxu görmüşdüm. Yuxuda gördüm ki, dostlarımla Şuşanın qala divarlarının yanında oturub söhbət edirik. Həmin yerlərin gözəlliyini şəkillərdə, video-lentlərdə görmüşəm. İnanıram ki, yuxum tezliklə çin olacaq, evlərindən didərgin düşən soydaşlarımız doğma el-obalarına geri dönəcəklər.
- Hərbi xidmət cəsur olmağı, dostluğa sadiq qalmağı, üzərimizə düşən vəzifəyə məsuliyyətlə yanaşmağı aşılayır, - deyə əsgər Cavidan Qəmbərov söhbətə başladı. - Komandirlərimizin diqqət və qayğısı nəticəsində hərbi incəlikləri dərindən mənimsədik.  Məşğələlərdə mənimsədiyimiz nəzəri bilikləri təlim və çöl dərslərində möhkəmləndirdik. Bu gün hər birimiz döyüşə hazırıq. Hərbi hissəmizdə yaradılan şərait ürəkaçandı. Düşmənlə üzbəüz mövqedə dayanmağımıza baxmayaraq, hər cür şəraitimiz var. Heç nəyə ehtiyacımız yoxdur. Bizlərə yalnız Vətənimizə layiqli xidmət etmək qalır. Vətənimizi göz bəbəyimiz kimi qorumağa, düşmənin istənilən həmləsini dəf etməyə, Ali Baş Komandanımızın və xalqımızın bizə olan inamını doğrultmağa hər an hazırıq!

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"