Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2020 10:43

Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır

Səngərlərə doğru yol gedə-gedə ucsuz-bucaqsız səmanı seyr edirəm. Səhər tezdən havanın gözü tutulub. Buludlar göydə lay-lay düzülüb. Hərdən yağış da yağır. Yaz qoxulu, bahar ətirli yağış. Bu yağışdan təkcə yazın qoxusu gəlmir, ondan həm də Böyük Qələbənin odlu-alovlu qoxusu gəlir. Getdiyimiz bu yollar, gözəlliyinə tamaşa etdiyimiz bu ərazilər ordumuz üçün çox böyük uğurlarla başa çatan Aprel döyüşləri zamanı erməni işğalçılarından azad edilib. Dörd il bundan əvvəl Lələtəpə istiqamətində gərgin döyüşlər gedirdi. Qəhrəmanlıq tariximizdə xüsusi yeri və çəkisi olan bu döyüşlərdə strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi erməni işğalçılarından azad edildi. Nəticədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də düşmənin nəzarətindən çıxdı. Dörd ildir kənd sakinləri doğma ocaqlarına dönərək dədə-baba yurdlarında yaşayırlar. Getdikcə gücünü, qüdrətini artıran ordumuzun hissələri Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini göz bəbəkləri kimi qoruyurlar.
Dövlətimizin diqqət və qayğısı ilə gündən-günə gözəlləşən, böyüyüb abadlaşan yaşayış məntəqəsini keçəndən sonra yolumuz xeyli qısalır. Səngərə çatmağa az qalır. Yol bir az palçıqlı olduğundan sürücü avtomobili ehtiyatla sürür ki, bizi mənzil başına təhlükəsiz çatdırsın. 
Səngərdən gələn torpaq ətri, torpaq qoxusu bizi də döyüş ovqatına kökləyir. Görüşdüyümüz, həmsöhbət olduğumuz əsgərlərin üz-gözündən cəsarət və igidlik yağır. Bu igidlik qələbəyə ünvanlanmış, uğura susamış igidlikdir. Söhbətləşdikcə hiss edirsən ki, bu cəsur zabit və əsgərlər qəhrəmanlıq tariximizin səhifələrinə böyük hərflərlə yazılmış Aprel zəfərindəki qəhrəmanların  döyüş yollarını davam etdirməyə hazırdırlar. Yurdumuzun ayıq-sayıq keşikçiləri söhbətlərində daha çox bu mövzuya toxunurlar.
- Yurduna keşik çəkən zabitin, əsgərin ən başlıca vəzifəsi torpağı, Vətəni uğrunda vuruşmaqdır, döyüşməkdir, ölkəsinin ərazi bütövlüyünü düşmən təcavüzündən qorumaqdır. Torpağına, yurduna göz dikmiş düşməni məhv etməkdir, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müzəffər Dünyamalıyev söhbətə başlayır. - Biz hərbçilər məhz buna görə burada dayanmışıq. Dayanmışıq ki, yurdumuzu erməni işğalçılarından qoruyaq. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Daim gücünü artıran ordumuzun zabit və əsgərləri Aprel döyüşlərində böyük hünər və rəşadət göstərərək düşməni tutduqları və illərdən bəri möhkəmləndirdikləri mövqelərdən geri oturtdular. Erməni qəsbkarlarının səngərləri qısa müddət ərzində dəqiq atəş zərbələri ilə darmadağın edildi. Düşmən bu döyüşlərdə xeyli canlı qüvvəsini, zirehli texnikasını itirdi. Döyüşçülərimiz hünərlə, cəsarətlə vuruşdular. Çox böyük inamla deyə bilərik ki, Aprel döyüşləri xalqımızın qəhrəmanlıq tarixinin parlaq və şərəfli bir səhifəsidir. Biz qəhrəmanlığımızla, igidliyimizlə Ali Baş Komandanın rəhbərliyi altında Aprel zəfərini davam etdirməyə hər an hazırıq. Sələflərimizin döyüş yollarını davam etdirmək bizim üçün böyük şərəfdir.
Əsgər Saleh Şəfizadə ordu sıralarına ötən ilin yayında çağırılıb. Geridə qalan bu aylar ərzində Saleh silahların sirlərini dərindən öyrənib, döyüş vərdişlərinə yiyələnib. Artıq xeyli müddətdir sinəsinə sıxdığı silahla yurdumuzu erməni işğalçılarından qoruyur. Söhbətimiz zamanı əsgər Saleh Şəfizadə yaddaşlara zəfər tariximizin qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuş Aprel döyüşlərindən böyük həvəslə söz açır:
- Ordumuzun şəxsi heyətinin böyük hünər və rəşadət göstərdiyi Aprel döyüşləri zamanı mən orta məktəbdə oxuyurdum. Cəmiyyətdə böyük coşqu və təntənə yaradan o günləri indiki kimi xatırlayıram. Hər gün televiziyadan ordumuzun cəbhədəki uğurları barədə yeni-yeni sevindirici xəbərlər eşidirdik. O günlərdə düşünürdüm ki, bir neçə ildən sonra mən də əsgər olacam və ön xətdə torpaqlarımızın keşiyini çəkəcəm. Bu sevinc dolu anları görmək və yaşamaq xoşbəxtliyi mənə də nəsib oldu. Budur, xeyli müddətdir ön xətdə xidmətdəyəm. Xidmətə başlayandan sonra Aprel döyüşlərinin iştirakçısı olmuş hərbçilərdən Azərbaycan əsgərinin bu döyüşlər zamanı nə qədər böyük hünər və qəhrəmanlıq göstərdiklərini öyrəndim. Çox sevindim, qürur duydum. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan əsgəri daha böyük igidlik və qəhrəmanlıq göstərməyə qadir və hazırdır. Hərdən erməni qəsbkarları atəşkəs rejimini pozmağa cəhd göstərir. İşğalçıların cəhdlərinin qarşısını qətiyyətlə və dəqiq atəş zərbələri ilə alırıq. Düşmən gücümüzü, qüdrətimizi görüb, hiss edən kimi geri çəkilir.
- Aprel döyüşlərinin baş verdiyi günlərdən dörd il keçir, - deyə əsgər Fərhad Kərimov söhbətə başlayır. - 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri böyük hünər və rəşadət göstərərək erməni işğalçılarına sarsıdıcı və dəqiq zərbələr vurdular. Qanlı döyüşlər gedən günlərdə Azərbaycan Ordusunun şəxsi heyəti erməni qəsbkarlarını sıxışdırıb mövqelərindən geri qovdular. İllərdən bəri erməni qəsbkarlarının guya qüvvətli, məğlubedilməz olması haqqında dolaşan mif həmin günlər ayaqlar altında tapdalandı. Aprel zəfəri bir daha göstərdi ki, Azərbaycan Ordusu çox güclü və qüdrətlidir. Onun sıralarında mübariz ruhlu, qələbəyə, uğura köklənmiş döyüş hazırlığı yüksək olan zabit və əsgərlər xidmət edirlər. Güclü və dəqiq zərbələrdən burnu ovulan yağılardan böyük strateji əhəmiyyətə malik olan Lələtəpə, həmçinin Talış kəndi istiqamətindəki yüksəkliklər azad olundu. Aprel döyüşləri Azərbaycan xalqının Qələbəyə olan inamını artırdı. Ordumuzun beynəlxalq aləmdə nüfuzu yüksəldi. Ordumuz üçün uğurla başa çatan Aprel döyüşlərinin baş verdiyi günlərdən dörd illik zaman keçir. İndi biz daha güclü və daha qüdrətliyik. Bu qüdrətimizlə, gücümüzlə erməni qəsbkarlarını tez bir zamanda məğlub edəcəyik.
Əsgər Rəfxan Novruzov söhbət zamanı deyir ki, Vətənə əsgər olmağımdan qürur duyuram. “Bu, mənim üçün böyük şərəfdir. Torpaqlarımızı qorumağı xalqımız bizə tapşırıb. Biz əsgərlər də bu tapşırığı yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. Bu günlər Aprel zəfərinin ildönümünü yaşayırıq. Bu döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq və igidlik hər birimiz üçün nümunədir, örnək yeridir. Aprel zəfərini bütün cəmiyyət və vətəndaşlarımız yüksək dəyərləndirdilər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Aprel döyüşlərindən ətraflı söz açaraq deyib: "...Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. ...Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi." Ali Baş Komandan onu da qeyd edib ki, Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi.
“Fəxr edirəm ki, belə güclü və qüdrətli bir ordunun əsgəriyəm”, - deyə əsgər sözünə davam edir. - İstərdim ki, Aprel zəfərinin davamçılarından biri də mən olum. Təlim və məşqlərdə topladığım təcrübədən bacarıqla istifadə edərək sərrast atəşlə erməni qəsbkarlarını məhv edim.
Əsgərlərdən Rüfət Məmməd, Ağamusa Rəhimov, Samir Qasımov, Tacir Cəfərov, Fərid Nuruzadə və başqaları Aprel zəfərinin davamçılarından olmaq, igidlikləri ilə qəhrəmanlıq tariximizə yeni səhifələr yazmaq istədiklərini dedilər.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"