Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2020 09:20

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:
1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən II Dünya müharibəsi haqqında tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması.

2. Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları.

3. Azərbaycan II Dünya müharibəsi illərində.

 

Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması


9 May - faşizm üzərində qələbə günüdür. Ümummilli liderimiz Heydər Əliyev bu qələbəni belə qiymətləndirmişdir: "Zaman keçdikcə, illər ötdükcə, bu qələbənin mənası, mahiyyət və tarixi əhəmiyyəti daha da aydın olur, bütün dünya üçün daha da açılır".
1933-cü ildə Almaniyada, Adolf Hitler başda olmaqla, faşistlər hakimiyyətə gəldilər. Həmin dövrdən öz hərbi qüdrətini artıraraq Avropanın işğalına hazırlaşan Almaniya 1939-cu il sentyabrın 1-də Polşaya hücum etdi. Beləliklə, II Dünya müharibəsi başlandı. Qısa müddət ərzində Avropanın əksər dövlətlərini işğal edən və ya öz təsiri altına alan Almaniya keçmiş SSRİ-yə hücum ərəfəsində böyük hərbi potensiala malik idi.
Almaniya 1941-ci il iyunun 22-də qəflətən SSRİ üzərinə hücum etdi. 190 alman diviziyası SSRİ-nin bütünlükdə qərb sərhədləri boyunca hərəkətə gəldi. SSRİ-də yaşayan bütün xalqların, o cümlədən Azərbaycan xalqının həyatında ağır iz buraxmış Böyük Vətən müharibəsi başlandı. Müharibə başlanan gün Bakı şəhərində izdihamlı mitinq keçirildi. Mitinqlərdən sonra insanlar hərbi komissarlıqlara gedir, ordu sıralarına yazılırdılar. Müharibənin ilk 3 günündə Azərbaycandan 25.984 nəfər könüllü müharibəyə yola düşdü. Artıq 4 iyul 1941-ci il tarixdə Bakı şəhərində 75 min, Naxçıvan Muxtar Respublikasında 7 min, Gəncədə 10 min azərbaycanlı ordu sırasına yazılmışdı. Bütövlükdə Azərbaycan üzrə 1941-ci ildə 186,7 min nəfər belə dəstələrin sırasına qoşulmuşdu. 1943-cü il yanvarın 1-dək Azərbaycandan döyüşən hərbi hissələrə göndərilənlərin sayı 464.468 nəfər olmuşdur. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan müharibəyə 600 mindən çox insan getmiş, onların yarıdan çoxu cəbhədə həlak olmuşdur. Respublikada 87 atıcı taboru və 1124 ərazi özünümüdafiə dəstəsi yaradılmışdı. On minlərlə fəhlə, kəndli və ziyalı Azərbaycanda formalaşdırılmış diviziyalara səfərbər edilmişdi.
Qısa müddət ərzində döyüşən hissələr üçün respublikada 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü hazırlanıb cəbhəyə göndərilmişdi.
Azərbaycan döyüşçüləri 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaların tərkibində Qafqaz dağlarında, Ukraynada, Pribaltikada və Şərqi Avropa ölkələrində vuruşaraq, faşizm üzərində qələbənin qazanılmasına öz layiqli töhfələrini verdilər. 77-ci diviziya Kerç, Krım uğrunda döyüşlərdə iştirak edərək, 1500 yaşayış məntəqəsini düşməndən azad etmişdir. 416-cı diviziyaya Taqanroq şəhərini düşməndən azad etdiyinə görə 1943-cü il avqustun 30-da "Taqanroq diviziyası" adı verilmişdir. 416-cı diviziya Melitopol, Odessa, Kişinyov şəhərlərinin, Polşa torpaqlarının azad olunmasında iştirak etmiş, Almaniyanın paytaxtı Berlinə daxil olan, Reyxstaqın binasına hücum edən diviziyalar sırasında olmuşdur. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına, 14.369 nəfəri isə müxtəlif orden və medallara layiq görülmüşdür.
223-cü atıcı diviziya Qafqazın 50-dən çox yaşayış məntəqəsini düşməndən azad etmiş, Yuqoslaviyanın paytaxtı Belqrad şəhərinin azad olunmasında fərqlənmişdir.

 

Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları


Azərbaycan xalqının qəhrəman oğulları Həzi Aslanov, Ziya Bünyadov, Məlik Məhərrəmov, Qafur Məmmədov, Hüseynbala Əliyev, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Akim Abbasov və başqaları II Dünya müharibəsi illərində unudulmaz qəhrəmanlıqlar göstərmişlər. Onlar Moskva və Stalinqrad, Krım və Qafqaz, Kiyev və Smolensk ətrafında gedən döyüşlərdə vuruşaraq respublikamızın şərəfini qorumuşlar.
Hələ müharibənin ilk ilində Moskva ətrafında gedən döyüşlər zamanı fədakar Azərbaycan oğlu İsrafil Məmmədov Novqorod vilayətinin Nustinko kəndi yaxınlığında kiçik bir dəstə ilə hitlerçilərin bir taborunun hücumunun qarşısını almış, 300 nəfərdən artıq faşisti məhv etmişdi. Stalinqrad döyüşlərində Həzi Aslanovun tank alayı düşmənin 45 tankını, 26 topunu, 50 avtomobilini və eyni zamanda, 2 min nəfərədək zabit və əsgərini məhv etmiş, 13 tankını və 175 avtomaşınını ələ keçirmiş, 700 nəfəri əsir götürmüşdü. 1942-ci ilin dekabr döyüşlərinə görə alayın 100-dən artıq döyüşçüsü orden və medallarla təltif olunmuşdur. Həzi Aslanova isə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Tank qoşunları general-mayoru Həzi Aslanov yeganə azərbaycanlıdır ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
1944-cü ildə gedən döyüşlər zamanı Gəray Əsədov xalqımızın adını bir daha yüksəltdi. O öz sinəsi ilə düşmən pulemyotunu susduraraq yoldaşlarının hücumunu təmin etmişdi.
Müharibənin ilk günlərindən Azərbaycanın şahinləri faşistlərə qarşı mərdliklə vuruşurdular. 13 iyul 1941-ci ildə Leninqrad səmasının keşiyində leytenant Hüseynbala Əliyev dörd faşist təyyarəsini vurduqdan sonra özü 17 yara alsa da, təyyarəsini yerə endirə bilmişdi. Təyyarəçi Yusif Quliyev özünü qorxmaz səma döyüşçüsü kimi göstərmiş, dörd faşist təyyarəsi ilə döyüşə girərək, ikisini məhv etmiş, qalan ikisini isə qaçmağa məcbur etmişdi.
Azərbaycanlı döyüşçülər Avropa ölkələrində antifaşist azadlıq hərəkatında da qəhrəmancasına vuruşurdular. Adriatik dənizi sahillərində "Mixaylo" ləqəbli qorxmaz, fədakar azərbaycanlı balası Mehdi Hüseynzadənin partizanlar arasında göstərdiyi qəhrəmanlıqların sorağı hər yerə yayılmışdı. Qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadəyə müharibədən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
II Dünya müharibəsi illərində 123 nəfər Azərbaycan vətəndaşı göstərdikləri şəxsi igidliklərə və şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 34 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur.
Sovet İttifaqı Qəhrəmanlarından 43 nəfəri milliyyətcə azərbaycanlıdır. Onlardan biri olan Məlik Məlik oğlu Məhərrəmov 1943-cü ildə öz bölüyü ilə Dnepr çayını birinci keçərək qarşıya qoyulmuş döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Onun həyat yolu və cəbhə qəhrəmanlıqları haqqında Abdulla Qurbaninin "Fırtınalar qoynunda" sənədli povestində ətraflı məlumat verilmişdir.
1941-1945-ci illərdə bütün SSRİ-dən cəmi 44 tibb işçisi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onların da 2-si Azərbaycan xalqının nümayəndəsidir. Müharibə illərində Azərbaycanın paytaxtı Bakı da düşmənin hava hücumlarına məruz qalmışdır. 1942-ci ildə alman təyyarələri Bakı səmasına 71 dəfə, 1943-cü ildə isə 3 dəfə hücum etmişlər. Bu hücumlar zamanı 96 düşmən təyyarəsi vurulmuşdur.

 

Azərbaycan II Dünya müharibəsi illərində


Cəbhəni silah və sursatla, ərzaqla, geyimlə təmin etmək üçün müharibə illərində bütün Azərbaycan iqtisadiyyatı səfərbər olunmuşdu. Sovetlər birliyinin əsas neft bazası olan Azərbaycan müharibənin əvvəllərində SSRİ-də istehsal olunan neftin 70 faizindən çoxunu verirdi. Müharibə illərində neftçilərimiz cəbhəyə 75 milyon tona qədər neft, 22 milyon ton benzin, digər neft məhsulları göndərmişlər. Cəbhəyə göndərilən yüksək oktanlı təyyarə benzininin 85-90 faizi Bakıda istehsal olunurdu.
Neftayırma, neft-kimya və kimya sənayesində 1941-ci ilin axırında respublika üzrə bütün işçilərin 31 faizini, 1942-ci ildə 38 faizini, 1943-cü ildə 50 faizini, 1944-cü ildə isə 60 faizini qadınlar təşkil edirdilər. Beləliklə, xalq təsərrüfatının ayrı-ayrı sahələrində ən mürəkkəb məsələ - cəbhəyə getmiş kişilərin əvəz edilməsi məsələsi vaxtında həll edildi.
Səfərbərlik nəticəsində orduya çağırılmış yüksək ixtisaslı kadrların, ümumiyyətlə, işçi qüvvəsinin az olması qoyulan vəzifələrin yerinə yetirilməsini daha da çətinləşdirirdi. 1942-ci ilin fevral-mart aylarında neftayırma və kimya sənayesi üçün cəbhədən 5175 nəfər ixtisaslı fəhlə və mütəxəssis geriyə, respublikaya çağırılmışdı. Eyni zamanda, müharibədə əlil olanlar istehsalata, öz köhnə iş yerlərinə qayıdırdılar. 1941-42-ci illərdə 6304 nəfər, ümumiyyətlə, müharibə dövründə isə 36000 nəfər döyüşlərdə əlil olduqdan sonra istehsalata qayıtmışdı. Respublika zəhmətkeşləri qələbə naminə gündəlik normativləri yerinə yetirmədən evlərinə getmirdilər.
1942-ci ilin ikinci yarısında Azərbaycanda, əsasən Bakıda 130 növ silah, sursat və hərbi texnika buraxılırdı. Bakı zavodlarında "Katyuşa" reaktiv artilleriya qurğusu yığılırdı. Yerli sənaye müəssisələri az bir vaxtda müdafiə sənayesi profilində işləməyə keçmişdi. Müharibənin ilk iki ilində yüngül sənaye işçiləri döyüşçülər üçün artıq 30 növ məhsul buraxmağa başlamışdı.
Azərbaycanda 70-dən çox hərbi hospital təşkil olunmuşdu və bu hospitallarda 441.017 nəfər yaralı müalicə olunmuşdu. Azərbaycan dəmiryolçuları müharibə illərində cəbhəyə 1 milyon 300 min vaqon və 600 min sistern, Xəzər dənizçiləri isə 20 milyon ton hərbi və xalq təsərrüfatı yükləri daşımışlar.
Alimlərin, mühəndis-texniki, kənd təsərrüfatı mütəxəssislərinin yaradıcı gücü ordunun silah və sursatla təmin olunması, yerli resurslar hesabına sənaye və kənd təsərrüfatı məhsullarının artırılması işinə yönəldilmişdi. Görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin başçılığı altında kimyaçı alimlər 28 gün fasiləsiz işləyərək, yüksək keyfiyyətli aviasiya benzininin texnologiyasını hazırladılar. Ümumiyyətlə, Azərbaycan kimyaçıları müharibə illərində 100 növ kimya məhsulu, o cümlədən 38 növ sürtgü yağı, 9 adda təyyarə benzini, 8 adda dizel yağı istehsal etmişlər.
Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplamış, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi.
Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan dövləti tərəfindən həmişə böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasından olan Böyük Vətən müharibəsi iştirakçılarının "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 fevral 2015-ci il tarixli Sərəncamı buna əyani sübutdur.
Hazırkı dövrdə Azərbaycan xalqı yeni bir düşmənlə Ermənistan Respublikasının işğalçılıq siyasəti ilə üzbəüzdür. Azərbaycan xalqı artıq dördüncü dəfədir ki, ermənilərin işğalçı siyasəti ilə üzləşir. 1905-1911, 1918-1924, 1948-1954, 1988-1994-cü illərdə öz tarixi dədə-baba yurdlarından qovulan azərbaycanlılar erməni daşnaklarının vəhşiliklərindən nicat yolunu Azərbaycan Respublikasında tapdılar.
XX əsrdə erməni daşnaklarının törətdikləri vəhşiliklər öz miqyasına və qəddarlığına görə heç də Böyük Vətən müharibəsində faşistlərin törətdikləri vəhşiliklərdən geri qalmır. Növbəti dəfə 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünə göz dikən Ermənistan havadarları ilə öz istəyinə qismən nail oldu, Azərbaycan Respublikasının Qarabağ Muxtar Vilayəti və ona bitişik 7 inzibati rayon işğal edildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dünya miqyasında apardığı məqsədyönlü siyasət və qayğı nəticəsində Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksək səviyyəyə çatdırılıb, ordumuz yeni müasir döyüş texnikası və silah-sursatla daim təchiz edilir. Artıq Azərbaycan Ordusu döyüş mövqeyində öz sözünü düşmənə diktə edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" hərbi hissəsində hərbçilərlə keçirdiyi görüşdə demişdir: "Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir".
Dövlət başçısı onu da vurğulayıb ki, Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. "Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir".
Azərbaycan Ordusunun cəsur əsgərləri təlimlərdə, döyüş hazırlığı və ictimai-siyasi hazırlıq dərslərində hərb işini daha da vicdanla öyrənməlidir. Babalarımızın Böyük Vətən müharibəsində, atalarımızın Qarabağ savaşında, qardaşlarımızın Aprel döyüşlərində və Naxçıvan əməliyyatında göstərdikləri qəhrəmanlıqları özlərinə örnək bilməlidirlər. Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması üçün aparılacaq döyüşlərdə onların bu igidliklərini təkrar etməyə hər an hazır olmalıyıq, çünki biz Koroğlu, Babək, Cavanşir, Şah İsmail Xətai, Həzi Aslanov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov, Murad Mirzəyev və Çingiz Qurbanov kimi Azərbaycan qəhrəmanlarının həmvətənləriyik.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi