Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2020 09:19

Ümummilli lider Heydər ƏLİYEV: Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yarandığı vaxtdan 49 il keçir. Yarım əsrə yaxındır ki, ömrünü hərbçi peşəsinə bağlayan Azərbaycanın vətənpərvər oğulları bu tədris ocağına üz tuturlar. Ordumuz üçün zabit kadrlarının hazırlanmasında önəmli yer tutan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazılıb.
Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Nəticədə hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. Bu gün ulu öndər Heydər Əliyevin yaratdığı Hərbi liseydə yüzlərlə gənc hərbi təhsil almaqda davam edir. Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ümummilli lider Heydər Əliyevi düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi olub. Ulu Öndər taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşıb və həmişə onların xidmətlərini yüksək qiymətləndirib.
Əsası 1971-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri var. Məhz buna görə də 1998 və 2003-cü illərdə ölkə başçısının müvafiq fərmanları ilə Hərbi liseyin 25 və 30 illik yubileyləri dövlət səviyyəsində böyük təntənə ilə qeyd olundu. 2003-cü il aprelin 21-də Ulu Öndər indiki Heydər Əliyev adına sarayda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə hərbi təhsil ocağına olan sevgi və məhəbbətini bu sözlərlə ifadə etmişdir: "Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax bu cür baxacağam."
Hər birimiz Ulu Öndəri daim minnətdarlıq hissi ilə yad edirik. Bu gün həm Silahlı Qüvvələrin, həm də Hərbi liseyin şəxsi heyəti ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını hər addımda hiss edir.
2018-2019-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma və əsaslı təmir işləri aparıldı. Aparılan yenidənqurma işlərindən sonra Hərbi liseydə kursantların təhsil alması üçün hərtərəfli şərait yaradıldı. Ötən il iyunun 26-da - Silahlı Qüvvələr Günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yenidənqurma və əsaslı təmirdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə getdi, görülən işlərlə yaxından tanış oldu.
Rəsmi tədbirdə Ali Baş Komandan İlham Əliyev Hərbi liseyin təməlinin Ümummilli Lider tərəfindən qoyulduğunu diqqətə çatdırdı: "Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbi kadrlar lazım olacaq və belə də oldu. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclülər sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir. Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir."
Yenidənqurma və əsaslı təmirdən sonra Hərbi liseydə təlim və tədris prosesi günü-gündən təkmilləşir, kursantların bilik səviyyəsi artır. Tam inamla deyə bilərik ki, ordumuzun gələcək zabitlərinin təhsil aldığı Hərbi liseyin maddi-texniki tədris bazası günümüzün müasir tələbləri səviyyəsindədir. Təhsil ocağında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə peşəkar, vətənpərvər kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Pedaqoji kollektiv yaradılan şəraitdən lazımınca bəhrələnərək kursantlara hərbi bilikləri daha da keyfiyyətlə aşılayır. Hərbi liseydə təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində işlər müntəzəm olaraq davam etdirilir. Tədris bazası zənginləşdikcə dərsin keyfiyyəti də artır, kursantların hazırlıq səviyyəsi də yüksəlir. Bütün bunlar isə gələcək uğurlardan, qüdrətli və güclü ordudan xəbər verir.
Bu günə qədər Hərbi liseyi minlərlə gənc bitirərək keçmiş İttifaqın müxtəlif şəhərlərində ali hərbi məktəblərdə oxuyub və xidmət ediblər. Erməni qəsbkarları Qarabağa, Azərbaycan torpaqlarına hücum çəkəndə onlar Vətənimizin harayına səs verərək geri dönüblər. Hərbi liseyin məzunları həm torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə, həm də ordu quruculuğu prosesində fəal iştirak ediblər. Onlar daim Azərbaycan Respublikasına sədaqətlə xidmət edərək, Vətən torpağı uğrunda cəsarətlə vuruşub, böyük hünər və qəhrəmanlıqlar göstəriblər.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi, dövlətçiliyi naminə canlarını belə əsirgəməyiblər. Onlardan 10 nəfərdən çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb, yüzlərlə  məzun müxtəlif orden və medallarla təltif olunub. Bu qəhrəmanların adları Azərbaycanın hərbi tarixinə əbədi həkk olunub. Böyük hörmət və ehtiramla yad etdiyimiz şəhid Milli qəhrəmanlarımız Rasim İbrahimovun, Əfqan Hüseynovun, Elşad Əhədovun, Mətləb Quliyevin, Eldar Məmmədovun, Çingiz Babayevin, Cəlil Səfərovun və başqalarının adı o cəsur oğulların sırasındadır. Qeyd edək ki, təhsil ocağında tez-tez Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunan müxtəlif turnirlər keçirilir, onların xatirəsi həmişə əziz tutulur.
2016-cı ilin Aprel döyüşləri zamanı erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərənlərin arasında Hərbi liseyin məzunları olan zabitlər də var. Onlar komandir kimi üzərlərinə düşən tapşırıqları bacarıqla, peşəkarlıqla yerinə yetirərək cəsarət göstəriblər. İgidlik və hünərləri ilə adlarını qəhrəmanlıq tariximizə yazıblar. Yazıblar ki, sonrakı nəsillər qəhrəmanlığı, igidliyi onlardan öyrənsinlər.
Ali Baş Komandan İlham Əliyevin müvafiq fərmanı ilə 2016-cı ilin Aprel döyüşləri zamanı göstərdikləri igidliklərə görə məktəbin məzunu olan polkovnik-leytenant Murad Mirzəyevə (ölümündən sonra) və polkovnik Şükür Həmidova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu gün də Azərbaycan Ordusu üçün peşəkar hərbi kadrların hazırlanmasında müstəsna xidmətlər göstərərək fəaliyyətini uğurla davam etdirməkdədir. Hazırda Silahlı Qüvvələrimizin elə bir sahəsi yoxdur ki, orada Hərbi liseyin məzunları xidmət etməsin. Eyni zamanda, respublikamızın bütün güc strukturlarında Hərbi liseyin məzunları zabit kimi Vətən qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Böyük inamla demək olar ki, Silahlı Qüvvələrimizin gələcək təcrübəli zabitləri, generalları və admiralları işıqlı sabahlara hamımızın böyük rəğbət bəslədiyimiz bu təhsil ocağından pərvazlanacaqlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi təhsil sistemi günü-gündən təkmilləşir, müasirləşir, yenilənir və durmadan inkişaf edir. Hərbi liseydə təhsil sisteminin təkmilləşdirilməsi üçün aparılan uğurlu islahatlar müsbət nəticələr verməkdədir. 

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"