Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2020 09:18

“Döyüş hazırlığımızı artırırıq”

Ön xətdə yerləşən hərbi hissələrimizdən birinin artilleriya divizionundayıq. İlk öncə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Afiq Abbasovla söhbətləşirik. O, "Ən yaxşı top komandiri" müsabiqəsində dəfələrlə birinci yeri tutub və komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. Çavuş Afiq Abbasov bu ixtisası seçməsində başlıca rol oynayan amillərdən danışdı. "Məktəbdə oxuyarkən tarix dərslərində tanınmış artilleriya generallarımız Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski haqqında əldə etdiyim məlumatlar topçu ixtisasını seçməyimdə açar rolu oynadı. Artilleriya ixtisasına yiyələnməyi qarşıma məqsəd qoydum və ata-babalarımızın adına layiqli topçu olacağıma söz verdim. Hərbi xidmətimi başa vurduqdan sonra sənədlərimi aidiyyəti quruma təqdim etdim. İmtahanlardan uğurla keçdim. Kurs müddətində də hərbi bilikləri dərindən mənimsəyərək praktiki və nəzəri vərdişlərimi artırdım, bir sözlə, özümü təkmilləşdirdim. Müəllimlərimin, komandirlərimin gərgin əməyi hədər yerə getmədi. Keçirilən "Ən yaxşı top komandiri" müsabiqəsində dəfələrlə iştirak etmişəm, nailiyyətlər qazanmışam. Qazandığım uğurlara görə müəllim və komandirlərimə borcluyam. Məhz onlardan əxz etdiyim bilikləri bu gün tabeliyimdə olan şəxsi heyətə həvəslə öyrədirəm. Tez-tez çıxışlarda olur, təlimlərdə iştirak edir, döyüş vərdişlərimizi təkmilləşdiririk. Keçirilən təlimlər şəxsi heyətə mübarizə əzmi və qələbəyə inam hissi aşılayır. Təlim meydanında daim yüksək nəticələr göstərən bölməmiz düşmənin üzərinə mərmilər yağdıracağı günü səbirsizliklə gözləyir. Artilleriya ixtisası haqqında az-çox məlumata malik olan şəxs bilir ki, bölmədə hər proses zəncirvarilik prinsipi üzərində qurulur. Təcrübəli komandirlərimiz tərəfindən təşkil olunan məşqlərdə bölməmizin topçularının hərbi biliyi və birliyi sınaqdan keçirilir".
O, həmçinin qeyd etdi ki, təcrübəli komandirləri tərəfindən keçirilən məşğələlər sayəsində döyüş hazırlığını artıran şəxsi heyət təlimlərdə yüksək nəticələr göstərir.
Şəxsi heyətin dərs prosesində iştirak etdik. "Döyüşə" və "Səfərə" komandalarını heyət normativə uyğun icra edirdi. Hesablayıcı, tuşlayıcı və digər heyət üzvləri vəzifələrinin öhdəsindən layiqincə gəlirdilər.
Dərs başa çatdıqdan sonra heyətlə tanış olduq. Əsgər İlkin Quluzadə əsgər və komandir münasibətlərinin önəmindən və yiyələndiyi ixtisasın əhəmiyyətindən danışdı. "Belə bir deyim var - əsgər komandirinin güzgüsüdür. Komandirlərimiz bizimlə istər xidmətlə bağlı, istər xidmətdən kənar hər zaman qayğılarımızla maraqlanır, çətinlik çəkdiyimiz anlarda bizə köməklik göstərirlər. Göstərilən diqqət və qayğı qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə həll edilməsində mühüm stimulverici amillərdəndir. Hər bir əsgər komandirini özünə doğma və etibarlı bilməli, verilən tapşırıqlara ciddi əməl etməlidir. Həmçinin hər birimiz nizam-intizamlı olmağa, hərbi biliklərimizi artırmağa borcluyuq. Ən böyük arzum yurdumuzu bütöv görmək, işğal altında olan torpaqlarımızın azad olunacağı döyüşlərdə iştirak etməkdir".
Əsgər Xəyyam Osmanov xidmət etdiyi bölmənin gündəlik fəaliyyəti barədə bizi  məlumatlandırdı: "Dərslərimiz təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq təşkil olunur. Praktiki məşğələlərimiz öncədən təyin edilmiş açıq ərazidə, sinif dərslərimiz sinif otaqlarında keçirilir. Bundan başqa, bizə təhkim olunan silah yüksək fiziki güc tələb etdiyindən komandirlərimiz fiziki göstəricilərimizi də diqqət mərkəzində saxlayırlar. İctimai-siyasi hazırlıq dərslərimiz mənəvi-psixoloji hazırlığımıza müsbət təsir göstərir. Daim hərbi biliklərimizi artırır, özümüzü bir döyüşçü kimi təkmilləşdirir, öz üzərimizdə çalışırıq. Komandirlərimizin bizə olan diqqəti yüksək səviyyədədir. Burada yaradılan sosial-məişət şəraiti arzuediləndir. Bu gün ordu sıralarında xidmət edən hər kəs Vətənə müqəddəs borcunu ödəyir. Xalqımız da əmin olsun ki, Vətənimizi göz bəbəyimiz kimi qoruyacaq, əsgər adını uca tutacaq, millətimizə daim başucalığı gətirəcəyik".
Döyüş bacarıqlarını əməli fəaliyyətlərində göstərən əsgərlər İbrahim Cəfərov və Eminağa Hacatov da Vətənə, xalqa sədaqətlə xidmət etməyin verdiyi qürurdan, müqəddəs yolun yolçusu olmaqlarından danışdılar. Sonda gənc Vətən müdafiəçiləri qeyd etdilər ki, güclü ordunun əsgəri adını daşımaq fəxrdir. Həqiqətən də, bu gün ordu sıralarında xidmət edən hər bir kəs yaxşı bilir ki, güclü ordunun adını daşımaq məsuliyyətli olduğu qədər də fəxarətlidir.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR