Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2020 09:17

“Biz birlikdə güclüyük!”

Dünyanı cənginə alan koronavirus (COVID-19)  pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə bir əsgər atası olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür məktubu ünvanlamağı özümə vətəndaşlıq borcu bildim.
Bu gün xalqımızın mənəvi dəyərləri möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə qorunur və davam etdirilir. Dövlət başçısının apardığı məqsədyönlü siyasət, müstəqil respublikamızın iqtisadi potensialının, müdafiə qüdrətinin artması, əhalinin maddi rifahının gündən-günə yaxşılaşması deməyə əsas verir ki, ordu quruculuğu prosesi də prioritet məsələ kimi daim diqqətdədir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərməkdədir. Bu amil dövlət başçımızın diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir. Ordu quruculuğu işində aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu vacib qurumda zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynayır. Bu gün mən hər bir soydaşımız kimi dünyanın aparıcı silahlı qüvvələri sırasında layiqli yer tutan Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir, qürur hissi keçirirəm.
Bu gün mən özümü xoşbəxt insan saya bilərəm. Xoşbəxtəm ona görə ki, vaxtilə Vətənin müdafiəsində dayananların sırasında mən də olmuşam. Şəxsən ulu öndər Heydər Əliyevin xeyir-duasını, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla görüşü həyatımın ən xoş anı kimi xatırlayıram. Xoşbəxtəm ona görə ki, Vətənini, millətini, torpağını sevən oğulların sırasına qatılan bir oğul atasıyam. Fəxr edirəm ki, Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət edən, Vətənin müdafiəsində ləyaqətlə dayanan, düşmənə göz dağı olan, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda əmək sərf edən, içdiyi anda sadiqlik nümayiş etdirən bir əsgər atasıyam.
Azərbaycan Ordusunun dünəni ilə bu gününü müqayisə edəndə bir vətəndaş, bir valideyn kimi sevinməyə bilmərəm. Yaradılan şərait, əsgərlərə göstərilən diqqət və qayğı bir valideyn kimi məni həm sevindirir, həm də kövrəldir. Fürsətdən istifadə edib, Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə yaradılan şəraitə görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
İnanırıq ki, yeni növ koronavirus pandemiyasının ölkəmizə ayaq açdığı ilk dövrdən ölkə başçısı tərəfindən görülən  qabaqlayıcı tədbirlər və verilən həlledici qərarlar öz müsbət təsirini göstərəcək və görülən operativ tədbirlər nəticəsində ölkəmizdə epidemiyanın yayılmasının qarşısı alınacaq.  Tezliklə "Biz birlikdə güclüyük!" deyərək xalqımızdan ilham alan ordumuzun şəxsi heyəti, səngərlərdə sinəsini sipər etmiş, Vətən keşiyində dayanan igid oğullarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğalda qalan torpaqlarımızı azad edəcəklər və üçrəngli Azərbaycan bayrağını müqəddəs məkanlarda dalğalandıracaqlar.

Hörmətlə, Zaur RƏHMƏTOV,
Masallı rayon Boradigah qəsəbə sakini