Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2020 11:34

“Şəxsi heyətin məişət şəraiti müasir tələblər səviyyəsində qurulub”

Azərbaycan Ordusunun maddi-texniki təminatı  gücləndikcə şəxsi heyətin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Köhnə hərbi hissələr yeni hərbi hissələrlə əvəz olunur, əsgəri məişət kompleksləri tikilib istifadəyə verilir, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün ən müasir hərbi şəhərciklər salınır. Hər dəfə cəbhə bölgəsində  bu yenilikləri görəndə qəlbimiz qürur hissi keçirir.
Qarabağ müharibəsinin odundan-alovundan keçən, bu gün təmas xəttində eyni əzmkarlıqla dayanıb, düşmənin atəş nöqtələrini susduran "N" hərbi hissəsi də yenidən qurularaq şəxsi heyətin istifadəsinə verilib. Hərbi hissədə böyük quruculuq və abadlıq işləri aparılıb. Geniş ərazini əhatə edən müasir hərbi şəhərcikdə şəxsi heyətin təminatı üçün bütün zəruri tədbirlər görülüb. Hərbi hissədə əsgər yataqxanaları, yeməkxana, camaşırxana və hamamxana kompleksi tikilib, ərzaq və əşya anbarları, tibb xidməti, ideoloji otaqlar yaradılıb, onlar müasir zəruri avadanlıqlarla təmin olunub.
Zabit Elbrus Qazıyev hərbi hissənin təminatının yüksək səviyyədə olduğunu dedi: "Ön xətdə yerləşən bölmələrimizin maddi-texniki təminatı daha da gücləndirilib. Şəxsi heyətin məişət şəraiti müasir tələblər səviyyəsində qurulub. Yaradılan şərait şəxsi heyətin  hərtərəfli təminatı üçündür. Gördüyünüz ərzaq anbarları müasir soyuducu kameralarla, zəruri avadanlıqlarla təchiz olunub. Əsgərlərimizə xidmət göstərən camaşırxanada daim iş gedir. Əlbəttə ki, bütün bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğının sayəsindədir."
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rauf Məmmədov kollektivin əsasən mülki işçilərdən təşkil edildiyini və bunun da fəaliyyətlərinə böyük səmərə verdiyini bildirdi: "Əsas iş prinsiplərimizdən biri avadanlıqların daima saz vəziyyətdə saxlanılmasıdır. Gördüyünüz bu camaşırxana avadanlıqları Avropa istehsalıdır. Dünyanın ən müasir texnologiyasına uyğun yaradılan yuyucu maşınlardır. Bu avadanlığın texnologiyasını bilmək üçün xüsusi kurslar təşkil olunub. Heç bir çətinlik çəkmədən bu yuyucu maşınları idarə edə bilirik. Camaşırxana 3 yuma, 2 qurutma, 1 ütü və 1 dərzi maşını ilə təmin olunub. Burada 4 bölmə fəaliyyət göstərir: yuma, qurutma, ütüləmə və çeşidləmə. Hər bölmədə iş bölgüsü var. Məqsədimiz şəxsi heyətin təmizliyini qorumaqdır. Bunun üçün də kollektivimizin hər bir üzvü işinə məsuliyyətlə yanaşır, verilən tapşırıqları vaxtında yerinə yetirir."
Kollektivdə səmimi və işgüzar bir şəraitin olduğunu görürük. Hər kəs iş başındadır. Doğrudanda da, elə xidmətlər var ki, oraya ancaq qadın əməyi cəlb olunmalıdır. Hərbi hissənin camaşırxanasına baş çəkəndə burada qadın səliqəsinin və təmizliyinin şahidi olduq. Operatorlar Səmayə Abdullayeva, Aynurə Atayeva, Səkinə Hətəmova, çeşidləyicilər Rəna Əsədova, Tünzalə Mehdiyeva və zəruri əşyaları ütüləyən Zahirə Rəhimova olduqca məsuliyyətlidirlər. Onlar şəxsi heyətin təmiz geyim, yatacaq və zəruri əşyalarla  təmin edilməsinə cavabdehdirlər.
Qurutma maşınlarının operatoru, mülki işçi Səkinə Hətəmova bizimlə söhbətində dedi ki, bütün yeni tikilən hərbi hissələrin camaşırxanasında belə müasir  avadanlıqlar var: "İndi əsgərlərimizin xidməti üçün gözəl şərait yaradılıb. Dövlətimizin rəhbəri ordumuza həmişə qayğı göstərir. Ordumuzla fəxr edirik. Bizim borcumuz isə bir ana kimi  Vətənimizin keşiyində dayanan əsgərlərimizə xidmət göstərmək, onların məişət qayğılarını lazımınca həll etməkdir. Arzulayıram ki, tezliklə torpaqlarımız düşmən işğalından azad olunsun, orada da belə müasir hərbi hissələr yaradılsın və biz də əsgərlərimizə qulluq edək."

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR