Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2020 11:34

Səngərdən salam

Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində möhkəm müdafiə potensialı yaradılıb, müşahidə məntəqələri, səngər və əlaqə yolları çətin şəraitə uyğunlaşdırılıb. Bu günlərdə belə hərbi hissələrdən birində olduq. Hərbi hissənin əsgəri-məişət kompleksində əsgər və zabit yataqxanaları, tibb məntəqəsi, növbətçi otağı, ideoloji sinif, zabitlər üçün iş otaqları, silah və digər xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları, hamam-camaşırxana və qazanxana yerləşir. Ərzaq və əşya anbarları müasir səviyyədə qurularaq soyuducu kameralar və digər zəruri avadanlıqlarla təchiz edilib. Binaların həyətində sıra meydanı və idman şəhərciyi salınıb, texnika saxlancı tikilib. Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədi ilə istirahət guşəsi istifadəyə verilib, ərazidə abadlıq işləri görülərək yeni asfalt yol salınıb. Ön xətdə xidmətin günün nizam qaydalarına uyğun təşkili, əsgərlərin normal qidalanması və sağlamlıqlarının qorunması üçün hərtərəfli şərait yaradılıb. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan əsgəri-məişət kompleksi daimi işıq, su və istilik sistemi ilə təchiz edilib.
Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə keçirilən məşğələlər zamanı şəxsi heyətə müxtəlif silah, texnika və qurğuların taktiki-texniki xüsusiyyətləri öyrədilir, ərazinin relyef və iqlimi haqqında məlumat verilir, eləcə də təhlükəsizlik qaydaları çatdırılır. Hərbi hissənin zabiti Özal Əliyev qeyd etdi ki, buradakı sinif otaqları, vətənpərvərlik mövzusundakı foto-stendlər, divar qəzetləri əsgərlərin mənəvi-psixoloji hazırlığında mühüm rol oynayır. “Eləcə də döyüş hazırlığı məşğələləri səhra şəraitində plana uyğun davam edir”. Bölmənin digər zabiti Elmar Əliyev isə idman meydançasını göstərərək dedi ki, burada fiziki hazırlıq məşğələlərini rahat şəkildə keçməyimiz üçün müxtəlif idman qurğuları quraşdırılıb. Təbii ki, bu da şəxsi heyətin fiziki sağlamlığına müsbət təsir göstərir.
Müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı  vacib amil olduğundan bölmələrin tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün profilaktik tədbirlər görülür. Bütün bunlar da döyüş növbətçiliyinin uğurlu təşkilinə müsbət təsir göstərir. Bölmənin həkim-feldşeri Ramal Abdulov şəxsi heyətin döyüş növbətçiliyinə təyin olunanda, növbəyə çıxanda və növbədən qayıdanda tibbi müayinədən keçdiyini bildirdi.
Bu gün Azərbaycan əsgəri peşəkar döyüşçü kimi Hərbi andın və nizamnamələrin tələblərinə əməl edir, dövlətin qayğısını hər zaman üzərində hiss edərək və xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Əsgərlərimizdən Nurlan Quliyev, Emil Abbaszadə, Nicat Yahyayev, Səməd Hacıyev, Rüfət Osmanov, Kənan Namazəliyev və digərləri bildirdilər ki, ön xətdə xidmət etməkləri ilə qürur duyurlar, verilən tapşırıqları vaxtında və çevik yerinə yetirməyə çalışırlar. "Keçirilən məşğələ və təlimlərdə fəal iştirak edərək bilikli, bacarıqlı, tam hazırlıqlı əsgərlər kimi gücümüzü ikiqat artırırıq ki, həmişə düşməndən güclü olaq, hər bir təxribatın qarşısını ləyaqətlə alaq."
Bölmənin əsgərlərindən Məhəmməd, Münasib, Mətin, Nihad olan gənclərimizin hər biri ölkəmizin müxtəlif bölgələrindən olsalar da, onları birləşdirən dəyər azərbaycançılıq ideologiyasıdır. Bunu hərbi qulluqçularımızın hər biri öz fikri ilə təsdiqlədi. Çünki "Bir nəfər hamı, hamı bir nəfər üçün" şüarı şəxsi heyətin nümunəvi xidmətinə təkan verir.
Digər həmsöhbətlərim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Ramazan Mehdiyev və əsgər Kənan Zeynalov oldu. Kiçik komandir kimi əsgərlərin döyüş mövqelərində ayıq-sayıq xidmət aparmaları üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını qeyd etdilər: "Müvafiq ixtisas hazırlığı kurslarından sonra bu bölmədə xidmətə başlamışıq. Ön xətdə xidmət etməyimizlə qürur duyur, verilən tapşırıqları vaxtında və çevik yerinə yetirməyə çalışırıq."
Şəxsi heyətin yüksək əhval-ruhiyyədə olması yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin nəticəsidir. Həmçinin "Bir nəfər hamı, hamı bir nəfər üçün" şüarı şəxsi heyətin xidmətinin əsasını təşkil edir. Bu şüarı əldə rəhbər tutan hərbi qulluqçularımız Vətən torpaqlarının etibarlı müdafiəsində yumruq kimi bir olduqlarını nümayiş etdirirlər. Bu gün xalqımızın ordumuzu güvənc yeri bilməsi isə qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir.

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi