Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2020 11:34

“Cənab Ali Baş Komandana minnətdarlığımızı bildiririk”

Bu yaxınlarda hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni yaşayış kompleksinin istifadəyə verilməsi Azərbaycan Ordusunun ruh yüksəkliyinin formalaşdırılmasına ən gözəl nümunədir. Həmin ərəfədə mənzillə təmin olunan bir qrup hərbi qulluqçu ilə görüşüb onların yeni yaşayış kompleksinin istifadəyə verilməsi ilə bağlı fikirlərini öyrəndik.

Polkovnik Şərif Ərəblinski:
- Ulu öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin nəticəsidir ki, dövlətçiliyimizin siyasi və iqtisadi dayaqları daha da möhkəmlənib, həmçinin dövlət və ordu quruculuğu prosesində böyük nailiyyətlər əldə olunub. Bu gün Azərbaycan Ordusunun maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf edib. Ordunun istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir bir qüvvə kimi formalaşması məhz ölkə rəhbərliyi tərəfindən orduya göstərilən diqqət və qayğının nəticəsidir. Dövlət büdcəsindən ordu quruculuğu prosesinə ayrılan xərclərin davamlı artması nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraiti mütəmadi yaxşılaşdırılır. Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksində 436 mənzilin biz hərbi qulluqçulara təqdim edilməsi buna ən yaxşı misaldır. Bu amil ordunun inkişaf perspektivlərini daha da genişləndirir və biz hərbi qulluqçularda ruh yüksəkliyi yaradır. Ən vacib şərtlərdən biri də odur ki, bu kompleksdə hərbi qulluqçuların yaşaması üçün bütün infrastrukturlar - məktəb binası, iki uşaq bağçası, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları inşa olunub. Bir sözlə, bizim və ailə üzvlərimizin rahatlığının təmin olunması üçün əlverişli şərait yaradılıb. Yaradılan şəraitə, göstərilən qayğıya görə cənab Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Polkovnik-leytenant Akif Hacıyev:

- Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Qeyd etmək lazımdır ki, güclü ordu üçün ən əsas şərtlərdən biri şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Ali Baş Komandanımız tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin və Müdafiə Nazirliyinin rəhbərliyinin məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq bu yaşayış kompleksinin istifadəyə verilməsi Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaratdı.

2-ci dərəcəli kapitan Şahin Baxışov:

- Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir.
Azərbaycan dövlətinin hərbi qulluqçulara qayğısı illərdir ki, ənənə halını alıb. Azərbaycan Ordusunun şəxsi heyəti bu hərtərəfli qayğını öz həyatlarında daim hiss edir. Ölkəmizdə bir çox kateqoriyadan olan vətəndaşlarımız kimi, hərbi qulluqçuların da mənzillə təmin olunması, dövlətin bizlərə təmənnasız mənzil verməsi olduqca nümunəvi bir haldır. Bu gün Hövsan qəsəbəsində evlə təmin olunmağımız bizim sosial-məişət qayğılarımızdan uzaqlaşaraq ordu quruculuğu prosesinə daha çox töhfə verməyimizə səbəb olacaq. Mənzili olan hərbi qulluqçular gücünü ancaq hərbi fəaliyyətə yönəldəcək, dövlətə, dövlətçiliyə daha çox fayda verməyə çalışacaqlar. Bütün bunlar biz hərbi qulluqçuların qarşısında qoyulan vəzifələrin icrasına məsuliyyətimizi daha da artırır, Vətən qarşısında borcumuzu vicdanla yerinə yetirməyə ruhlandırır. Nəticədə bizlər də öz bilik və bacarığımızdan, təcrübəmizdən istifadə edərək cənab Ali Baş Komandanımızın, Müdafiə Nazirliyinin rəhbərliyinin etimadını doğruldacaq, ordumuzun güclənməsinə öz töhfələrimizi verəcəyik.

"Azərbaycan Ordusu"