Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2020 11:34

Qarlı dağlar, dağ vüqarlı oğullar!

"N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsindəyik. Bu ərazilər silsilə dağları ilə seçilir. Qürur yerimiz olan Vətən keşikçilərini tanımağın sevincini yaşamaq üçün enişli-yoxuşlu yollarla dağların zirvəsinə qalxırıq. Dörd yanımız dağlarla, təpələrlə əhatə olunub. Dağların əzəmətli görünüşü kimi maraqlı təbiəti də var. Yaz fəslidir, lakin qar yağır. Ətraf ağappaqdır.  Dağların ağ örpəyinə  baxdıqca insanın  ruhu dincəlir. Ətraf, sağ-sol kəndlərdir, bütün həyətlərdə canlanma var, hər kəs ordumuzun gücünə güvənib, əmin-arxayın doğma ocağında yaşayır...
Bu düşüncələrimi bizi müşayiət edən zabit Rəşad Əliyev də təsdiqləyir: “Bu ərazilərdə hər kəs əmindir ki, mövqelərimiz inamla qorunur. Düşmən hər an nəzarətdə saxlanılır. Uzun illərdir ordu sıralarında xidmət edən bir zabit kimi, əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutur. İstər maddi-texniki təminat, istərsə də şəxsi heyətinin vətənpərvərlik hissi, qələbə ruhu baxımından ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməyə, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Keçirilən məqsədyönlü islahatlar, genişmiqyaslı təlimlər onu deməyə əsas verir ki, Azərbaycan əsgərinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti yüksəkdir. Ali Baş Komandanın diqqət və qayğısı daim bizim üzərimizdədir.”
...Təhlükəli sərt döngələrdən peşəkarlıqla keçən sürücümüz bizi mənzilə çatdırır. Baş çavuş Ramiz Vəliyev postda hər şeyin qaydasında olduğunu bildirir və bizi  ərazi ilə tanış edir. Səngərdə irəlilədikcə Ramizlə söhbətləşir, onu daha yaxından tanıyırıq. Seçdiyi peşəyə ürəkdən bağlı olduğunu bildirir. Üz-gözündən məğrurluq duyulan təcrübəli baş çavuş düşmənin mövqeyi barədə məlumat verir. Xidmət etdiyi postun ərazisinə yaxşı bələd olan Ramiz mövqelərimizin ən çox hansı tərəfdən atəşə tutulduğunu deyir. "Cavab atəşi açılan kimi susurlar. Biz bu istiqamətləri xüsusi nəzarətdə saxlayır, fasiləsiz müşahidə aparırıq. Gecə və dumanlı havalarda müşahidəni gücləndiririk. Çünki belə havadan istifadə edərək düşmən mövqelərimizə soxulmağa cəhd edir, intensiv şəkildə atəşkəsi pozaraq  təxribata əl atır. Lakin döyüş növbəsi aparan əsgərlərimizin ayıq-sayıqlığı və tutarlı cavab verməsi düşməni yerində oturdur.  Biz istənilən vaxt düşmən təxribatının qarşısını almaq gücündəyik və onlara heç zaman məqsədlərinə çatmağa imkan verməyəcəyik. Gec-tez ata-babalarımızın qisasını alıb, doğma yurd-yuvalarımızı işğaldan  azad  edəcəyik", - baş çavuş Ramiz Vəliyev deyir. Hərbçi peşəsini özünə həyat yolu seçən və  bu şərəfli yolda uğurla xidmət aparan baş çavuşu tanıdıqca onun üzərinə düşən məsuliyyətli və müqəddəs vəzifənin öhdəsindən layiqincə gəldiyini hiss edirsən.
Səngər... Neçə-neçə igidlərin oylağı olan bu müqəddəs məkan düşmənə keçilməz qaladır. Əsgərlərin mərdliyi, qorxmazlığı, vətənpərvərliyidir bu qalanı yaradan. Sözləri də duruşları kimi qətiyyətlidir. Hər biri nümunəvidir. Sinələrinə sığmayan Vətən sevgisindən ilham alırlar. Gözlərində düşmənə nifrətdən qaynaqlanan qəzəb görünür. Hər biri mərdliklə xidmət edir, onlara güvənənləri qoruyur... Bu igidlərdən biri əsgər İsmayıl Qaraşov Vətən qoruyucusu olmaqdan qürurlanır. Əsgər İ.Qaraşov səngərdə dayanmağın müqəddəs vəzifə olduğunu bildirərək düşüncələrini bölüşür: "İlk öncə bölməmizdə yaradılan şəraitdən razılığımı və heç bir çətinlik çəkmədən xidmət etdiyimi vurğulamaq istəyirəm. Bizə göstərilən diqqət və qayğı hər birimizin ürəyincədir. Azərbaycan əsgəri adını daşımağımla fəxr edirəm. Bizə tapşırılan mövqelərimizi göz bəbəyi kimi qoruyuruq. Döyüş növbətçiliyi zamanı diqqətimi bir an belə düşmən tərəfdən ayırmıram. Vətənimə olan sonsuz sevgim gücümü və iradəmi artırır. Mehriban kollektivin və qayğıkeş komandirlərimizin olması da xidmətimizi uğurla davam etdirməyə zəmin yaradır. Hamımız tək amala xidmət edirik - Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etmək".
 Xalq bu müqəddəs amal altında mübarizə aparan ordumuzun  bütün mərd oğulları ilə qürur duyur. Bu yolda qəhrəmancasına şəhid olan igidlərini heç zaman unutmur, xatirələrini daim əziz tutur. Güc və qüdrəti ilə bütün dünyaya səs salan Azərbaycan Ordusu ilə hər kəs öyünür. Hər bir vətəndaşımız ordumuza sonsuz güvənir. Bu güvənci qazananlardan biri də əsgər Mustafa Ramazanovdur. Mustafa da nümunəvi əsgərdir. O da düşmən qarşısında inamla dayanaraq gecə-gündüz torpaqlarımıza keşik çəkir. Səngərdə dayanmaqdan qürurlanır və sevinir ki, xidmətini düşmənlə təmas xəttində davam etdirir. "Hərbi xidmət hər gənc üçün vacibdir. Şanslıyam ki, xidmətimi səngərdə keçirmək qismətim olub. Burada bir çox üstün keyfiyyətlər qazandım. Hərbi bilik və bacarıqlar öyrəndim. Çətinlik çəkmədən xidmətimi davam etdirirəm. Səngər həyatının müqəddəs olduğunu hələ xidmətə gəlməzdən əvvəl də bilirdim. Səngər deyiləndə həmişə gözümdə qəhrəmanlıq ocağı, müqəddəs bir yer canlanırdı. Qismətim elə gətirdi ki, mən də səngərdə xidmət etməyin qürurunu, sevincini yaşayan gənclərdən oldum. Arzu edirəm ki, Qarabağda üçrəngli bayrağımızı dalğalandırmağın sevincini yaşamaq nəsibim olsun".
Hər bir azərbaycanlının arzusu sizin kimi mərd oğulların sayəsində reallaşacaq. Aprel döyüşlərində, Günnüt zəfərində düşmənə qan udduran ordumuzun qüdrəti gerçəkləşdirəcək bu arzunu. Həmin döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradan ordumuz göstərdi ki, münaqişə sülh yolu ilə həll olunmasa, bu qələbələrin davamı olacaq. Xalqımıza növbəti qələbə sevincini yaşatmağa daim hazır olan əsgərlərdən biri də Ağalar Abdurrəhmanovdur. Relyef şəraitinin və  təbiətin yaratdığı hər hansı bir çətinlik onu xidmətindən yayındırmır. Uğurla xidmətini davam etdirir. İradəli, dözümlü, cəsur əsgərdir. Daim zirvələrdə qıy vuran qartal kimi iti baxışlıdır. Əsgərin məğrurluğunu sözləri də təsdiqləyir. "Çalışıram  ki, nümunəvi xidmətimlə seçilim, komandirlərimin etimadını doğruldum. Biz qəhrəman bir xalqın övladlarıyıq. Tarixin  bütün səhifələrinə qəhrəman kimi iz qoyan ataların xələfləriyik. Bu gün hər birimiz Raqufların, Mübarizlərin, Samidlərin, Fəridlərin, Rasimlərin, Çingizlərin... davamçılarıyıq. Onların alovlandırdıqları qələbə məşəlini Qarabağa sancmaq üçün döyüş əmri gözləyirik".
Bu igidlərin düşməni məğlub etməyə hər an hazır olduğuna xalqımızın hər bir nümayəndəsi də ürəkdən inanır. Uca zirvələrdə məskunlaşıb, düşmənə sipər olan igidlərin dağlara sığmayan Vətən sevgisi, gücü və iradəsi bu inamı daha da artırır. Əsgərlər Oktay Xəlilov və Fərasət Sultanov da vətənpərvər gənclərdir. Söhbətləşdikcə hiss edirsən ki, digərləri kimi onların da mənəviyyatına Vətən sevgisi kimi ilahi bir qüvvə hakimdir. Bu sevgi onlara tükənməz  iradə, mərdlik, igidlik aşılayır. Bir fikri vurğulamaq yerinə düşər ki, insanı qəhrəman olmağa, fədakarlıq göstərməyə ruhlandıran vətənpərvərlikdir. Belə vətənpərvər oğullarımız var olduqca ordumuzun qarşısında heç bir düşmən tab gətirə bilməz. Oktayla Fərasət də bu düşüncədədir. "Ordu həyatı qəhrəmanlıq məktəbidir. Bu məktəbdə keçən günlərimizin dəyəri böyükdür. Burada Vətəni qorumaqla yanaşı, vətənpərvərliyin, Vətən sevgisinin nə olduğunu daha dərindən dərk edirik. Həm bacarıqlı əsgərlər, həm də vətənpərvər gənclər kimi formalaşırıq. Döyüş əmri ilə hər an hücuma keçməyə hazırıq. Düşmənə qalib gələcəyimizə tam inanırıq. Yüksək döyüş hazırlığımız və vətənpərvərlik ruhumuz bunu deməyə əsas verir. Vətənin müdafiəsində dayanan əsgərlər kimi xalqımıza səslənirik - biz buradayıq, düşmənin qarşısında dağ kimi dayanmışıq və tezliklə torpaqlarımızdan əl çəkməyən yağılar  bu dağların daşları, qayaları altında qalıb məhv olacaqlar", - əsgərlər deyirlər.
Vətənimizin uca zirvələrində xidmət edən dağ vüqarlı oğullar ilə görüşmək qürurvericidir. Bu görüşdə mərdlik, cəsarət gördük, bizə könül xoşluğu verən Vətən sevgisi gördük. Bu sevgi dağlar kimi əzəmətlidir. Bu dağlar Vətənə sipər olan oğulların vüqarının, qətiyyətinin, gücünün göstəricisidir. Belə igidləri olan ordumuz isə Böyük Qələbəmizin qarantıdır!

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR