Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2020 11:50

Biz birlikdə güclüyük!

Hörmətli redaksiya, qəzetinizin 1 aprel tarixli sayında dərc edilmiş "Biz Vətənə xidmət edirik, siz də Vətən üçün evdə qalın" məqaləsini maraqla, əsgər Tacir Cəfərovun fikirlərini vətəndaşlıq borcunun təzahürü kimi oxuduq. Bu fikirlər hər birimizin düşüncələrini ifadə edir. Belə gərgin, həyəcanlı bir vaxtda hərbi borcunu yerinə yetirən əsgər həm də dünyanı bürüyən epidemiya ilə mübarizə haqqında da düşünür. İctimaiyyət üçün düşünür, Azərbaycan üçün düşünür, bu bəlanın sovuşması üçün karantin rejiminə ciddi əməl edilməsini istəyir. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün tədbirlər həyata keçirir, vətəndaşlar bu tədbirlərin, xüsusi karantin rejiminin tələblərini vətəndaşlıq məsuliyyəti ilə yerinə yetirməlidir.
Mən xidmət etdiyim "N" hərbi hissəsinin əsgərləri adından tərxis olunmuş əsgərlərə, çağırışçılara, ümumən ictimaiyyətə müraciət edirəm: Evdə qalın, bu, pandemiyanın qarşısının alınmasında sizin iştirakınız vacib olacaq. Bu borcu məsuliyyətlə yerinə yetirməyi vətəndaşlıq xidməti bilin.
Dünyanın böyük bir təhlükə ilə üz-üzə qaldığı bir vaxtda ermənilərin erməniliyi davam edir. Düşmən sərhəd bölgələrində dinc əhalini iriçaplı pulemyotlardan atəşə tutur. Azərbaycan Ordusu belə təxribatların qarşısını qətiyyətlə alır. Hər bir Azərbaycan vətəndaşı düşmənlə təmas xəttində xidmət edən əsgərin müraciətinə biganə qalmamalıdır, onun xahişini əzizinin xahişi bilməlidir.
Bilirik ki, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad edilməsini istəyir. Bu istəyi Azərbaycan əsgəri gerçəkləşdirəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətini gününüzün özünüzə tələbi bilir, bu tələbin təkcə özünün deyil, əzizlərinin, əzizlərinin timsalında ictimaiyyətin sağlamlığında son dərəcə gərəkli olduğunu da anlayır.
Biz döyüş növbətçiliyiylə Vətəni qoruyuruq. Hər bir Azərbaycan vətəndaşı üçün döyüş növbətçiliyi xüsusi karantin rejiminə böyük məsuliyyətlə əməl etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən, təhsilindən, sosial mövqeyindən asılı olmayaraq hər bir vətəndaşa xüsusi karantin rejiminə ciddi əməl etməyi tövsiyə edir. Vətəndaşlar belə etsə biz dünyanı silkələyən koronavirusa qalib gələcəyik!..

Əli RƏHİMOV, "N" hərbi hissəsi