Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2020 11:50

“Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır”

1973-cü ildə Qərbi Azərbaycanda dünyaya göz açmışam. 1988-ci ildə erməni quldurları minlərlə azərbaycanlı kimi bizi də doğma ocaqlarımızdan vəhşicəsinə qovdular. Evlərimizi yandırıb darmadağın etdilər. Daşnaklar neçə-neçə azərbaycanlını amansızcasına öldürdülər. Böyük çətinlik və əzab-əziyyətlə Bakı şəhərinə gəlib çıxdıq. Gənclik illərim əzablar içində keçdi. Orta məktəbi bitirdikdən sonra 2 nömrəli tibb texnikumuna qəbul oldum. 1997-ci ildən bu tibb ocağını uğurla başa vurduqdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tibb bacısı kimi fəaliyyətə başladım. 2000-ci ilin noyabr ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçib hərbi biliklərə yiyələndim, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başladım. Hərbçi kimi ordu sıralarında xidmət etmək mənim üçün olduqca şərəflidir.
22 ildir ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçularına tibbi xidmət göstərirəm. Şöbədə işlərimiz nə qədər çox olsa da, hamıya diqqətlə yanaşır, qayğı göstəririk. Bilirik ki, diqqət və qayğı özü də xəstə üçün məlhəmdir. Biz tibb işçiləri bu məlhəmi heç kəsdən əsirgəmirik. Şöbəyə müraciət edənləri diqqətlə dinləyir, həkimlərin təyin etdiyi dərmanları xəstələrə vaxtında veririk. Çalışırıq ki, xəstələrimiz tez bir zamanda sağalıb xidmət etdikləri hərbi hissələrinə qayıtsınlar. Hərbi qulluqçularımız sağalıb ayağa qalxanda biz çox sevinirik. Çünki bu, bizim əməyimizin, zəhmətimizin bəhrəsidir. Xidmətimə böyük məsuliyyətlə yanaşır, hərbi qulluqçulara sevgilə qulluq edirəm.
Son vaxtlar ölkəmizdə koronavirus pandemiyasının yayılması tibb işçisi kimi məni də çox narahat edir. Dövlətimiz pandemiyanın yayılmasının qarşısını almaq üçün çox zəruri, təxirəsalınmaz və qabaqlayıcı tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu Qərargahda çox mühüm işlər həyata keçirilir. Virusun yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilib. Hər yerdə geniş maarifləndirmə işləri aparılır. Gündəlik olaraq görülmüş işlər barədə əhaliyə ətraflı məlumat verilir. Görülən bütün bu işlər ümid verir ki, biz bir xalq olaraq bu çətinliyin də öhdəsindən bacarıqla gələcəyik.
Virusa yoluxmuş xəstələrin müalicə olunmasının ağırlığı həkimlərin üzərinə düşür. Həkimlər isə xəstələrin müalicə olunması üçün səylə çalışır, üzərlərinə düşən mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Hər bir xəstənin sağalıb həyata qayıtması üçün gərgin mübarizə aparılır. İctimaiyyət həkimlərin fəaliyyətini çox yüksək qiymətləndirir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakıda "Yeni klinika"nın açılışı zamanı bir çox məsələlərlə yanaşı, həkimlərin koronaviruslu xəstələri müalicə edərkən göstərdikləri fədakarlığı yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti çıxışı zamanı həkimlərin fəaliyyətinə yüksək dəyər verərək demişdir: "...Bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 mislində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürdür. Ancaq mən bilirəm və əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə də hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır."
Göründüyü kimi, koronavirus xəstələrinin sağalmasında həkimlərin, tibb işçilərinin üzərinə böyük vəzifələr düşür. İnanırıq ki, bacarıqlı həkimlərimiz üzərlərinə düşən bu vəzifələrin öhdəsindən layiqincə gələcək, virusa yoluxmuş xəstələrimizi sağaldacaqlar.
Virusa yoluxmamanın vacib şərtlərindən biri də karantin rejiminə əməl olunmasıdır. Vaxtlı-vaxtında dizenfeksiya işlərinin aparılmasıdır. Bütün bunlara ciddi əməl etməklə virusa qalib gəlmək olar. İndi hər yerdə "Evdə qal" çağırışları eşidilir. Mən də bu çağırışlara qoşularaq  yaxınlarıma, xalqıma demək istəyirəm ki, zərurət olmadan küçəyə çıxmayın, "Siz evdə qalın, narahat olmayın, biz sizə xidmət edirik!" Vətənimizin müstəqilliyi, torpaqlarımızın əbədiliyi naminə həmrəy olaq, bir olaq. Çünki biz bir olanda, həmrəy olanda güclü, məğlubedilməz oluruq!

Rüxsarə TAĞIYEVA