Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2020 11:47

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan xanlıqları. Rus İmperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirmək tövsiyə olunur.

Suallar:
1. Azərbaycan xanlıqları.
2. Rus İmperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri.

Azərbaycan xanlıqları


1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda İran əsarəti sona çatdı və Şimali Azərbaycan ərazisində Naxçıvan, İrəvan, Qarabağ, Gəncə, Bakı, Cavad, Şamaxı, Şirvan, Şəki, Dərbənd, Quba və Talış xanlıqları, Cənubi Azərbaycan ərazisində Ərdəbil, Marağa, Maku, Sərab, Urmiya, Təbriz, Zəncan, Xalxal və Xoy xanlıqları yarandı. Bunlardan əlavə, Azərbaycanda daha kiçik feodal qurumları - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultanlıqları, Qarabağda isə Vərəndə, Crabert, Gülüstan, Dizaq və Xaçın məliklikləri var idi. Sultanlıqlar və məlikliklər, adətən, xanlıqlardan asılı idilər. Qəbələ, Ərəş və İlisu sultanlıqları Şəki xanlığından, məlikliklər isə Qarabağ xanlığından asılı idilər.
Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq - Qarabağ və Gəncə xanlıqları yarandı.
Qarabağda Cavanşir, İyirmi dörd, Otuz iki, Kəbirli, Baharlı və başqa türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI yüzilin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyadoğlu nəslinin əlində idi. Nadirin "şah seçkisindən" sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.
Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu.
Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu. Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Şahın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.
İrəvan xanlığı XVIII əsrin ortalarında yaranmış feodal dövləti idi. Xanlığın əsasını Mir Mehdi xan qoymuşdu. Bu xanlıq Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi. 1828-ci ildə martın 21-də Naxçıvan və İrəvan xanlıqları ləğv edildi.
Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747-1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.
Quba xanlığının əsasını Hüseynəli xan (1726-1758) qoymuşdu. Xanlığın mərkəzi əvvəlcə Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın dövründə 1756-cı ildə Salyan xanlığı Quba xanlığının tərkibinə qatıldı. Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) Quba xanlığı daha da gücləndi. Onun fəaliyyətində pərakəndə Azərbaycan torpaqlarını birləşdirmək cəhdi özünü aydın şəkildə göstərirdi. İlk olaraq Fətəli xan mühüm strateji əhəmiyyəti olan Dərbənd xanlığını  1759-cu ildə Quba xanlığına birləşdirdi. Dərbənd xanlığından sonra Fətəli xan öz diqqətini Bakı xanlığını birləşdirməyə yönəltdi. O, 1766-cı ildə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd xana ərə verdi. Zəif iradəli Məlik Məhəmməd xan bütünlüklə Quba xanlığının təsiri altına düşdü.
Fətəli xanın Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasətində Şamaxı xanlığı mühüm yer tuturdu. Bəzi məlumatlara görə Fətəli xan bu xanlığı ələ keçirməklə keçmiş Şirvanşahlar dövlətini bərpa etmək, Şamaxı şəhərini isə özünün paytaxtına çevirmək istəyirdi. 1768-ci ildə Fətəli xanın ordusu Şamaxı xanlığına qarşı yürüşə başladı. Bu yürüşdə şəkili Hüseyn xan da iştirak edirdi. Qəfıl yaxalanan Şamaxı xanları təslim oldular. Xanlıq Quba xanlığının tərkibinə qatıldı. Elə həmin il kiçik Cavad xanlığı da Quba xanlığına birləşdirildi. Beləliklə, Fətəli xan bütün Şimal-şərqi Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə nail oldu.
Azərbaycanın şimal xanlıqları arasında Şəki xanlığı xüsusilə fərqlənirdi. Xanlığın banisi Hacı Çələbi öz hakimiyyətini bütün Azərbaycan torpaqlarına yaymağa çalışırdı. Onun 1748-ci ildə Təbrizə və Qarabağa yürüşü uğursuzluqla nəticələnsə də o, bu uğursuzluqların əvəzini Ərəş və Qəbələ sultanlıqlarını özünə birləşdirməklə çıxa bildi. Hacı Çələbinin güclənməsi həm qonşu Azərbaycan xanlıqlarını, həm də Kartli-Kaxetiya çarlığını ciddi narahat edirdi. 1751-ci ildə gürcü qoşunları Car torpağına hücum etsələr də ağır məğlubiyyətə uğrayıb geri çəkilməyə məcbur oldular. Gürcü çarları bunun əvəzini Gəncəni tutmaqla çıxmağa çalışırdılar. Onlar bu dəfə Azərbaycan xanları arasında ziddiyyətlərdən faydalanmaq qərarına gəldilər. II İrakli Hacı Çələbiyə qarşı Gəncə, Qaradağ, İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarından ibarət güclü ittifaq yaratmağa nail oldu. 1752-ci il martın 21-də danışıqlar bəhanəsi ilə müttəfiqləri Gəncə yaxınlığına toplayan II İrakli qəflətən onların hamısını əsir götürdü. Bu hadisə tarixə "Qızılqaya xəyanəti" kimi daxil olub. Bu xəbəri eşidən Hacı Çələbi öz ordusu ilə düşmən üzərinə hərəkət etdi və onu ağır məğlubiyyətə uğratdı. Əsir götürülmüş Azərbaycan xanları azad edildi. Düşmən ordusunu təqib edən Hacı Çələbi Qazax və Borçalı sultanlıqlarını ələ keçirdi. Gürcü çarlarının bu məğlubiyyətin əvəzini Car-Balakəni ələ keçirməklə çıxmaq cəhdləri də onların ağır məğlubiyyəti ilə nəticələndi.
1755-ci ildə Hacı Çələbinin ölümündən sonra Şəki xanlığında başlamış hakimiyyət uğrunda mübarizə nəticəsində xanlıq özünün əvvəlki qüdrətini itirdi. Bundan istifadə edən qubalı Fətəli xan 1785-ci ildə Şəki xanlığını özündən asılı vəziyyətə saldı.
Cənubi Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.
XVII əsrin II yarısı-XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan xanlıqlarında daxili siyasi həyat olduqca mürəkkəb və gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öz torpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar. Bu xanlıqlardan yalnız bəzilərinin hakimləri bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirməyi öz qarşılarına məqsəd qoymuşdular.

Rus İmperiyasının Qafqaz istilası Gülüstan və Türkmənçay müqavilələri


Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman ərazilərimiz işğal olunmuş, insanlarımız qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi, dini və milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses güclənmişdir.
Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, tarixi sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər Rus-İran müharibəsi ilə başlayır.
1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır.
Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur Gülüstan müqaviləsi imzalanır. Bu müqavilə Çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya ilhaq edilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq İranla sülh müqaviləsi ona Fransadan daha vacib idi. Bu hadisə tariximizdə çox faciəvi rol oynamışdır.
1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur.
Qalibiyyətdən sonra Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti yaradıldı.
1828-ci il fevralın 10-da İngiltərənin səfiri Mak Donaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Müqavilənin bağlanması münasibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün "xoş xəbər"i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi.
Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi nəticəsində Araz çayı sərhəd olmaqla Azərbaycan şimal və cənub hissələrə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi.
Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki qədim İrəvan torpaqları qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub olmuşdu.
İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkitməyə çalışan Rusiya İmperiyası, ərazilərə Qacar İranından və Osmanlı Türkiyəsindən köçən xristian erməniləri yerləşdirməyə başlamışdır. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilədək təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.
Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".
O vaxtdan bəri Azərbaycan tarixinin hər səhifəsində erməni qanının izi var. Erməni terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan tökmüş, torpaqlarımızı zəbt etmişlər. Adı "sülh müqaviləsi" olsa da, Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi