Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2020 11:45

Əsgər anası Zülfiyə Quliyeva: Tezliklə əsgər övladlarımıza qovuşmağın sevincini yaşayacağıq

Övladı Azərbaycan Ordusunun hərbi hissələrindən birində xidmət edən əsgər anası son vaxtlar koronavirus pandemiyasının dünyada yayılması ilə bağlı baş verənlər və bununla əlaqədar hərbi xidmətə çağırışın, eləcə də xidmətini başa vurmuş əsgərlərin ehtiyata buraxılması vaxtının uzadılması ilə bağlı Müdafiə Nazirliyinə məktub ünvanlayıb. Müraciəti ictimaiyyətə təqdim edirik:
Hörmətli Müdafiə Nazirliyinin rəhbərliyi və oğlumun xidmət etdiyi hərbi hissənin komandanlığı. Əvvəla bildirim ki, oğlum Quliyev Nicat Rəfail oğlu ali təhsillidir və bir ildir ki, döyüş bölgəsində, düşmənlə üzbəüz səngərdə xidmət edir. O, Vətənə övladlıq və vətəndaşlıq  borcunu layiqincə yerinə yetirərək xidmətini başa vurub. Ölkə Prezidentinin sərəncamı ilə aprel ayında ehtiyata buraxılacaqdır.
Onu da xüsusi qeyd edim ki, bir tibb işçisi kimi, dünyada və ölkəmizdə yayılan və ümumi bəlaya çevrilən koronavirus infeksiyasına yoluxma, onun müalicəsi və yayılmasının qarşısının alınması məqsədilə aparılan mübarizə tədbirləri barədə məlumatları da diqqətlə izləyirəm. Bu istiqamətdə ölkə Prezidentinin və dövlətimizin atdığı addımları, qəbul etdiyi qərarları və həyata keçirdiyi tədbirləri anlayışla qarşılayır və dəstəkləyirəm.
İnsanlarımızın, xüsusi ilə də övladlarımızın sağlamlığının qorunması məqsədilə atılan bu addımların düzgün, dəqiq və effektli olduğunu da demək istəyirəm. Nə qədər maddi-mənəvi sıxıntılarımız, ziyanımız olsa da, bunların heç biri cansağlığımızın dəyərini ödəyə bilməz. Bu sözlərimin hazırda xidmətini başa vuran və evə qayıtmağa hazırlaşan övladlarımıza aid edildiyini deməliyəm.
Tam səmimiyyətlə bildirirəm ki, biz həmrəy olaraq, qaydalara, tövsiyələrə əməl etməklə və Uca Allahın köməyi ilə bu bəlaya qalib gələ bilərik. Bizim gücümüz birliyimizdə, həmrəyliyimizdədir. Əminəm ki, xalqımız qaydalara düzgün əməl etməklə dünyanı bürümüş bu xəstəlikdən ən az itki və ən az ziyanla qurtula biləcək. Bu mənada çağırış müddətinin uzadılması və xidmətini bitirmiş əsgər balalarımızın karantin rejimi bitdikdən sonra evlərinə yola salınması barədə qəbul edilən qərarı düzgün qəbul edir, dəstəkləyir və bütün valideynlərdən də bunu rica edirəm.
Təbii olaraq bütün valideynlər kimi artıq 1 ildir xidmətdə olan oğluma qovuşacağım günü həsrətlə gözləyirəm. Mən də övladım üçün bərk darıxıram. Oğlumu görməyi, onu qucaqlamağı, əzizləməyi çox istəyirəm. Amma onun sağlam olmasını, bu koronavirus bəlasına yoluxmadan həyatını davam etdirməsini arzu edirəm. Bu gün ordumuzun şəxsi heyətinin yüksək diqqət və qayğı ilə əhatə olunduğunu bilirəm və övladlarımızın sağlamlığının hərbi həkimlərimiz tərəfindən etibarlı qorunduğundan əminəm. Tibbi işçisi olaraq düşünürəm ki, vaxtında qəbul edilən təcrid edilmə qərarları sayəsində bu koronavirus bəlasından qapalı ordu mühitində daha etibarlı və asan qorunmaq mümkündür. Tərxis olunacaq əsgərlərimizin xüsusi rejimli karantin müddəti bitənədək xidmət etdikləri yerdə qalmasını düzgün addım hesab edirəm. Bütün bu əminliyi, anlayışı bu günlərdə yaradılan videobağlantı vasitəsilə oğluma da dəfələrlə çatdırdım. Oğluma xüsusi karantin rejiminin sonunacan səbr və təmkin nümayiş etdirməyi tövsiyə etdim. Uca Allahdan əsgərlərimizin sağ-salamat dönməsini arzuladım.
Yeri gəlmişkən, Müdafiə Nazirliyinin rəhbərliyinə və hərbi hissənin komandanlığına əsgər ailələrinə yaratdıqları bu video əlaqələrə görə təşəkkürümü bildirirəm. Bilirəm ki, əsgərlərimizin asudə vaxtının səmərəli təşkili üçün hərbi hissələrdə bütün lazımi şərait mövcuddur və əsgərlərimiz bu günləri maraqlı keçirəcəklər.
Bir daha bütün valideynləri bu çətin gündə səbirli, təmkinli olmağa və xidmətini başa vuraraq evlərinə qayıtmağa hazırlaşan əsgər balalarımıza dəstək durmağa, dayaq olmağa çağırıram.
Allah xalqımızı, eləcə də ordumuzu bu bəladan hifz etsin. Biz də birlik nümayiş etdirərək, əlbir olaraq bütün gücümüzü bu çətinliyə qalib gəlməyə yönəldək. İnanıram ki, tezliklə bu müvəqqəti narahatlıq bitəcək və biz bütün əsgər ailələri birlikdə əsgər övladlarımıza qovuşmağın sevincini yaşayacağıq.
Hörmətlə,

Zülfiyə QULİYEVA,  əsgər anası