Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2020 11:45

Aprel zəfəri - əsgərlərimizin hünəri

2016-cı ilin uğurlu Aprel döyüşlərindən bizi dörd illik zaman məsafəsi ayırır. Tariximizə qızıl hərflərlə yazılan uğurlu Aprel döyüşləri hər birimizi ürəkdən fərəhləndirdi, ordumuzun döyüş hazırlığının yüksək olduğunu bir daha dünyaya göstərdi.
Həmin günlər bütün dünyanın diqqəti bu döyüşlərə yönəlmişdi. Aprel döyüşlərinin uğurla başa çatması ordumuzun gücünün, qüdrətinin göstəricisidir. Azərbaycan Ordusunun şəxsi heyəti bu döyüşlər zamanı böyük hünər və rəşadət nümayiş etdirərək yurdumuza sahib çıxmaq istəyən erməni işğalçılarına ağır zərbə endirdi. Ordumuzun əks-hücum əməliyyatı qarşısında duruş gətirə bilməyən erməni qəsbkarları geri çəkilməyə məcbur oldular. Gücsüz olduqlarını özləri də gördü, dünya da.
Elə hadisələr var ki, tez bir zamanda unudulub yaddan çıxır. Amma elə hadisələr də var ki, heç zaman unudulmur. 2016-cı ilin Aprel döyüşləri də yaddaşlarda dərin iz salan hadisələrdəndi. Həmin döyüşlərdə iştirak edən cəsur Azərbaycan əsgəri qanı və canı bahasına olsa da, bizə Qələbə sevincini yaşatdı. Xalqımız ordusunun gücünə, qüdrətinə inanırdı. İnanırdı ki, gündən-günə gücünü artıran ordumuz erməni qəsbkarları üzərində qələbə qazanmağa, işğal olunan torpaqlarımızı azad etməyə qadirdir. Ordumuz xalqımızın ona bəslədiyi ümidləri bir daha doğrultdu.
Aprel döyüşlərinin qəhrəmanları ilə öyünməyə, fəxr etməyə hamımızın haqqı var. Axı, bu uğurla, bu qəhrəmanlıqla niyə öyünməyəsən, niyə fəxr etməyəsən! Aprel döyüşlərində Azərbaycan Ordusu erməni işğalçılarına bir-birinin ardınca sarsıdıcı zərbələr vurdu. Dəqiq və güclü zərbələr qarşısında dayana biməyən işğalçılar ağır itkilər verərək geri çəkildi, böyük strateji əhəmiyyətli Lələtəpə, həmçinin Talış kəndi istiqamətindəki yüksəkliklər azad olundu. Bu zirvələrin düşməndən azad edilməsi ordumuza minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazandırdı. Aprel zəfəri Azərbaycan xalqının Qələbəyə, düşməni məhv etməyə olan inamını artırdı.
Aprel zəfəri bizim üçün o qədər doğma, o qədər əzizdir ki, sanki bu uğurlu döyüşlər dörd il əvvəl deyil, dünən baş verib. Nəticədə erməni işğalçılarından azad olunan ərazilərdə böyük abadlıq işləri aparılmağa başlandı. Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin doğma ocaqlarına qayıtmaları üçün şərait yarandı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu kəndin bərpası ilə bağlı Sərəncam imzaladı. Kənd sakinlərinin illərdən bəri uzanan torpaq həsrətinə son qoyuldu. Bu gün insanlar uzun çəkən ayrılıq və intizardan sonra ürəklərində sevinc hissi ilə doğma ocaqlarına dönərək ata-baba yurdlarında yaşayırlar. Neçə ildir ki, kənd sakinlərini doğma qoynuna alıb. Həmişə olduğu kimi, Azərbaycan əsgəri yenə də həm xalqının, həm də Vətəninin keşiyini çəkir.
Aprel zəfərindən dörd il ötür. Dörd il əvvəl yaşadığımız sevinc dolu günləri bu gün hamımız xatırlayırıq. Ordumuz geridə qalan dörd il ərzində böyük inkişaf yolu keçib. İndi Azərbaycan Ordusu əvvəlkindən qat-qat güclü və qüdrətlidir. Zabit və əsgərlərimiz müntəzəm olaraq keçirilən təlimlərdə döyüş hazırlıqlarını artırırlar. Belə yüksək hazırlıq isə təbiidir ki, gələcək uğur və qələbələrdən xəbər verir. İnanırıq ki, gün gələcək daim gücünü, qüdrətini artıran, ən müasir silahlara sahib olan Azərbaycan Ordusu işğal altında qalan torpaqlarımızı erməni işğalçılarından azad edəcək. İllərdən bəri yurd-yuvasından didərgin düşmüş qaçqınlar sevinc içində ata-baba ocaqlarına dönəcəklər. O gün mütləq gələcək! Biz o xoşbəxt günləri yaşayacağıq. Bunu bizə gündən-günə döyüş hazırlığını artıran ordumuzun gücü, qüdrəti deyir. Azərbaycan Ordusunun 2016-cı ilin aprelində düşmən üzərindəki qələbəsindən sonra doğma ocaqlarından didərgin düşmüş bütün qaçqınların geriyə dönəcəklərinə inamları daha da artıb. Aprel döyüşləri həm də onu göstərdi ki, güclü əks-hücumlarla erməni qəsbkarlarını asanlıqla məğlub etmək olar. Düşmən məğlub olmağa məhkumdur, çünki o işğalçıdır, qəsbkardır. İşğalçılar və qəsbkarlar isə tarix boyu sonda məğlub olublar, diz çöküblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin ərəfədə cəbhə bölgəsinə səfəri zamanı zabit və əsgərlərlə görüşərkən Aprel döyüşlərindən ətraflı söz açaraq demişdir: "Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın zabit və əsgərləri bu təxribata layiqli cavab vermişdir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik."
Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına qədər mübarizə aparılacağını dəfələrlə bəyan edib. Gündən-günə gücünü, qüdrətini artıran, müasir silahlarla təchiz olunan ordumuz buna hər an hazırdır. Azərbaycan əsgəri, Azərbaycan zabiti 2016-cı ilin aprelində göstərdiyi igidlik, qəhrəmanlıqlarla dolu ənənələrini davam etdirməyə qadirdir. Təbiidir ki, Aprel zəfərinin davam etdirilməsi hamımızın ürəyindən xəbər verir. Hamımız bir nəfər kimi yurdumuzun azadlığı uğrunda mübarizədə hərbçilərimizə dəstək olmağa, silaha sarılmağa hazırıq. Qoy zəfərlərimiz davamlı olsun!
Orduda keçirilən genişmiqyaslı təlimləri hamımız böyük sevinclə, hədsiz fərəhlə izləyirik. Ordumuzun zabit və əsgərləri bu təlimlərdə fəal iştirak edərək daim döyüş hazırlıqlarını artırırlar, döyüş vərdişlərini təkmilləşdirirlər. Təbiidir ki, döyüş hazırlığı yüksək olan hərbçilərimizi gələcək savaşlarda yalnız uğurlar gözləyir. Aprel döyüşləri bizi böyük Qələbəyə aparan yolun başlanğıcıdır. Bu yolda bizi yalnız və yalnız uğurlar gözləyir. Çünki biz güclüyük, biz haqlıyıq, biz qələbə qazanmağa qadirik!
Aprel zəfəri Azərbaycan əsgərinin böyük hünəri idi. İnanırıq ki, bu hünər, bu qəhrəmanlıq davamlı olacaq. Getdikcə güclənən ordumuzun zabit və əsgərləri igidlik və qəhrəmanlıqları ilə bu uğurların, bu zəfərlərin sayını və miqyasını daha da artırıb genişləndirəcək. Sevincimiz və uğurlarımız daha da çox olacaq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"