Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2020 10:00

Biz Vətənin xidmətindəyik, siz də Vətən üçün evdə qalın!

Tarixdə zaman-zaman neçə-neçə dövləti, minlərlə insanı məhv edən vəba, taun kimi bir çox epidemiyalar olub. Belə epidemiyalarla mübarizə bəzən kortəbii, bəzən türkəçarə yollarla aparılıb. Təbabət inkişaf etdikcə epidemiyalara qarşı mübarizə də nisbətən asanlaşıb. Mənşəyi məlum olan epidemiyalarla mübarizə bir qədər asan olub. Bəşəriyyət belə bir bəla ilə 2020-ci ildə də üzləşdi. Çindən başlayan, martın sonlarında dünyanın 190-dan çox dövlətinə yayılan koronavirus pandemiyası həm dünyəvi, həm də olduqca qorxulu problemdir. 1 milyona yaxın insanı yoluxduran, 30 mindən artıq insanın həyatına son qoyan bu amansız bəla ilə təkcə dövlət deyil, hər bir vətəndaş da mübarizə aparmalıdır. Məhz hər bir vətəndaş. İri dövlətlərdə pandemiya başlayanda birgə mübarizə aparılmadığından, əhali bu bəlanın mahiyyətinə ciddi əhəmiyyət vermədiyindən ölənlərin sayı çox oldu. Bu qorxulu bəlaya insan ünsiyyətlə yoluxur. Koronavirusun daşıyıcıları  onunla qısa müddətdə təmasda olan neçə-neçə insanı yoluxdurur. Hər yoluxan daha neçə nəfəri yoluxdurur. Bu səbəbdən yayılmanın qarşısını almağın yeganə yolu vətəndaş məsuliyyətidir, yəni, bütün vətəndaşlar dövlətin bu bəlaya qarşı apardığı mübarizənin iştirakçısı olmalıdır, dövlətin qəbul etdiyi hər bir qərara böyük məsuliyyətlə əməl etməlidir. Televiziyalarda bu haqda geniş maarifləndirici söhbətlər aparılır. Bütün verilişlər eyni müraciətlə hazırlanır: “Evdə qal”.
Dünyəvi dövlət olan Azərbaycanda bu qorxulu virusun yayılmaması üçün bütün zəruri tədbirlər görülüb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, xüsusi karantin rejimi tətbiq olunub. Martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətəndaşlara xitabən deyib: "...xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük". Bu kəlamlar hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının yerinə yetirməli olduğu mənəvi borcun istiqamətini müəyyənləşdirir. Yeni laboratoriyaların alındığını, testlərin gətirildiyini, 10-dan çox xəstəxananın həm karantin rejimi, həm də xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldığını bildirən ölkə başçısı inamla deyib: "Biz dövlətimizi, xalqımızı, insanları qorumalıyıq". Bu fikir bu günümüz üçün başlıca vəzifədir. Bu vəzifəni dəqiqliklə yerinə yetirməklə həm özümüzü, həm əzizlərimizi, həm də ətrafımızdakıları ölümdən qoruya bilərik. Hər birimiz bu vəzifənin icraçısı olmalıyıq.  Unutmayaq ki, bu, həm dövlətə, həm də dövlətçiliyə, azərbaycançılığa sədaqətdir.
Biz hərbi xidmətdəyik. Torpaqlarımızı qoruyuruq. Torpaqlarımızı qorumaq vətəndaşları qorumaqdır. Hər birimiz ata-anamızı, əzizlərimizi, tanımadığımız həmvətənləri qoruyuruq. Bu, bizim vəzifə borcumuzdur. İndi, belə bir gərgin şəraitdə hər bir kəsin vətəndaşlıq borcu müəyyən edilmiş rejimə ciddi əməl etməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tətbiq edilən xüsusi rejimin mahiyyətini dərk etmək də vətəndaşlıq borcudur, ona əməl etmək də.
Mən Azərbaycan Ordusunun əsgəri kimi bütün əsgər atalarına, analarına, ümumən həmişə orduya inanan, güvənən ictimaiyyətə müraciət edirəm: Torpaqlarımızı qorumaq bizim vəzifəmizdir, xüsusi karantin rejiminə ciddi əməl etmək sizin. Biz dövlətimizi, xalqımızı döyüş növbətçiliyimizlə qoruyuruq, siz də bu rejimə ciddi əməl etməklə qoruyun. Biz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Koronavirusla mübarizədə elə bilin ki, sizin xidməti borcunuz evdə qalmaqdır. Azərbaycan Ordusunun şəxsi heyəti inanır ki, hər bir Azərbaycan vətəndaşı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edəcəkdir.
Mən ata-anamdan, digər əzizlərimdən, Azərbaycan Ordusuna güvənənlərdən xahiş edirəm: Biz Vətənin  xidmətindəyik, siz həm özünüz üçün, həm də Vətən üçün evdə qalın!
 
Tacir CƏFƏROV, "N" hərbi hissəsi