Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2020 10:00

Dağlarda bir qartal uçuşu gördük!..

Dağları hamı sevir. Dağlar gözəldi, ecazkardı, duruşuna, vüqarına hamı vurulur...
Dağların gözəlliyini əllərin dağın daş əllərinə toxunanda daha gözəl duyursan.
Dağlar heyranlıq ünvanıdı - qışda qar çiçəklərinə, yazda gül-çiçəklərinin lə-çəklərinə heyran olursan. Bu heyranlığın ömrü uzun olur.
Dağların göylərində qanad çalan, qanadlarıyla göy üzünün göy üzünə sığal çəkən qartallar görmüşük. Bu gün qartalın bir qədər aralıdan baxanda da yaxın görünən dağların dağ sinəsini kölgələndirən uçuşunu döyüş növbətçiliyi aparan əsgərlərdən savayı hamımız gözlərimiz heydən düşənə kimi izlədik. Vaxtın necə ötüşdüyünü də hiss etməmişdik. Bizə elə gəldi ki, bu uçuş qartalın dağ qardaşına dediyi sözdü, mətləbdi. Bu uçuş deyirdi ki, yan-yörəndən ayaq səsləri kəsilib deyə, yolçuların azalıb deyə qübarlısan. Yaz təzə gəlib, Günəş hələ torpağı doyunca isidə bilmir, səni səngər bilənlərin, sənə söykənənlərin, sənə mətərislənənlərin nəfəsiylə isinirsən. Onlar Vətənin əsgərləridi - sənin əsgərlərindi. Mən də sənin qartal əsgərinəm...
Bu bənzərsiz ecazkarlığı yaddaşlara hopdurmalıydıq. Əsgərlərə dedim ki, sizin Vətən sevginiz bu uçuşdan da ecazkardı. Siz həm döyüş, həm mənəvi-psixoloji hazırlığınızla, həm də Vətənə sevginizlə güclüsünüz. Qartalın erkən yazda dağların dağ sinəsini kölgələndirərək çılğın uçuşuna heyrətlənə bilərik. Bu heyrətin boyu sizin Vətən sevginizin, sizin timsalınızda ordumuza ehtiramımızın, sevgimizin boyundan böyük ola bilməz.
Zabitin də, əsgərlərin də baxışlarında bayaq izlədiyimiz qartal uçuşundan gələn könül xoşluğuna sarılan könül xoşluğu gördüm. Bu, bizim timsalımızda ictimaiyyətin orduya inamının yaratdığı könül xoşluğunun məmnunluğuydu.
Zabit Çingiz Mahmudov gülümsünür:
- Əsgərlərimiz Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edirlər. Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin əmr və göstərişlərini, tapşırıqlarını böyük məsuliyyətlə yerinə yetirirlər. İctimaiyyətin orduya münasibəti əsgərlərin mənəvi-psixoloji hazırlığında mühüm əhəmiyyətə malikdir. Nə qartalın dili-ağzı var danışsın, nə dağların. Bunlar sizin hərbi xidmətinizin mahiyyətini ifadə edən mətləblərdi. Bunlar mənim fikirlərimdi, siz nə deyirsiniz? Bir az əvvəl müşahidə etdiyimiz qartal uçuşunun mahiyyətini necə dərk etdiyinizi özünüz  deyin.
Əsgər Rahib Eyvazov:
- Qartalın uçuşu belə deyirsə, biz bundan qürurlanırıq. Yəni, təbiət əsgərə həsəd aparır. Qartal uçuşu deyiləndə yadıma "TurAz Qartalı" təlimi düşür.
Əsgər Dünyamin Tağızadə:
- Qartalın uçuşunun dağa müraciət kimi yozumu ürəyimizcə oldu. Hər birimiz qartalın dağa sevgisini düşüncələrimizə hopduracağıq.
Əsgər Samir İsmayılov:
- Qartalın özünü dağlara əsgər bilməsi bizim düşüncələrimizə təsir etdiyi kimi, çağırışçıların da düşüncələrinə təsir göstərəcək.
Əsgər Samir İsmayılov:
- İnsan təbiətdən çox şey öyrənir. Qartal uçuşu da onlardan biri...
Zabit İbrahim Süleymanlı əsgərlərə müraciətlə deyir ki, qartalın uçuşunun belə yozumu sizə ehtiramdı. Bu ehtiramın sizin döyüş əzminizi də, qələbə ruhunuzu da yüksəldəcəyinə inanırıq.
Zabit Çingiz Mahmudov deyir:
- Deyilənlər döyüş növbətçiliyi aparan əsgərlərimizə etimad kəlmələridi. O kəlmələr Aprel döyüşlərinin iştirakçılarına çatır. Böyük Qələbədən sonra bu kəlmələr bizə də ünvanlanacaq. İbrahimin dedikləri bir daha təsdiqləyir ki, dövlət üçün prioritet olan ordu quruculuğu prosesi kimi güclü ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığı da dönməz prosesdir. Əsgərlərin Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqəti, bu sədaqət əsasında aparılan döyüş və mənəvi-psixoloji hazırlıq Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq.
Zabitin dedikləri əsgərləri duyğulandırır...
Xatırlayıram ki, 2016-cı ilin Aprel döyüşlərindən az sonra ön xətdə yerləşən hərbi hissələrdən birində səngərdə əsgərlərlə söhbətləşmişdik. Bir fikir digər bir fikrin davamı olmuşdu. Qələbədən danışmışdıq. Əsgərlərdən biri demişdi ki, Azərbaycan əsgəri ruhumuzu yaşadır, onda bu qələbə ruhumuzun qələbəsidi.
Xatırlatma əsgərlərin düşüncələrində hiss edilməsi çətin olmayan bir tərpəniş yaradır. Hamısı qürurunun deyəcəyi kəlmələrlə qoşa yaşanılmasını istəyirdi. Dağda qartalın müşahidə etdiyimiz uçuşu, bu uçuşun mahiyyətinin dərki, bu dərketməyə görə başlayan müzakirə formatlı söhbət düşüncələrimizin nizamını Böyük Qələbəyə yönəltdi. Əsgər Cavid Alişanov qürurla xatırlayıb, qürurla xatırlatdığım o söhbətə qürur doğuracaq münasibət bildirir:
Ali Baş Komandanın əmriylə döyüş növbətçiliyindən döyüşə gedəcəyik, qələbə qazanacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik.
- Bayaq qartalın uçuşuyla bağlı dediyimiz fikirlər sizə də ünvanlanacaq, o fikirlər sizin də halalınız olacaq, - deyirəm.
- Bu müharibədə dünyanı heyrətləndirən qəhrəmanlıqlar olub. Xocalıda Tofiq Hüseynovun, Əlif Hacıyevin, Şuşada Albert Aqarunovun, Tərtərdə Vəzir Orucovun, Füzulidə Rasim İbrahimovun, onlarla başqalarının qəhrəmanlığı kimi. Onların yolunu 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları davam etdirdi. Ali Baş Komandanın əmriylə Böyük Qələbəni bu günün əsgərləri qazanacaq. Dünya Azərbaycan Ordusunun qüdrətini görəcək onda...
Əsgər Rahib Eyvazovun fikrini zabit Murad Xəlilzadə tamamlayır:
- Onda qartalların məğrur uçuşunu Cıdır düzündə izləyəcəyik.
Rahibin fikrini mən tamamlayıram:
- O uçuşlara qalib əsgərlər üçün qalibiyyətə görə ehtiram uçuşu deyiləcək.
Səngərdən gördüyümüz qartal uçuşu məzmunlu bir söhbətə mövzu oldu...
Gün çeşt yerinə gələndə bir qədər aralıdan bizə sarı uçan bir qartal göründü. Bayaq Muradın dediklərini xatırladıq: "Qartalların məğrur uçuşunu Cıdır düzündə izləyəcəyik". Bu qartalı o qartalların yolgöstərəni bildik...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist