Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2020 10:00

“Vətənə xidmət etmək qürurludur”

Azərbaycan əsgəri ilə görüşə gedirik. Yolumuz səngərədi. Uzun yolun sonunda Vətən müdafiəçilərinin yanına çatırıq. Şəxsi heyətlə və bölmənin şəraiti ilə tanış olduqdan sonra hərbi xidmətdən ehtiyata buraxılmağa sayılı günləri qalan əsgərlərlə həmsöhbət oluruq. Ordu həyatının gənclərə aşıladığı mənəvi keyfiyyətləri, müstəqil həyata təzəcə qədəm qoyan gəncin hərbi xidmətdə necə formalaşdığı və hansı vərdişlərə yiyələnməsi haqqında düşüncələrini onların öz dilindən öyrənirik. Hər biri bölmədə yaradılan şəraitdən razılıq etdilər. Təminatlarının yüksək olduğunu, heç nədən korluq çəkmədiklərini dedilər. Zabitlərin həm tələbkar komandir, həm də qayğıkeş insan olduqlarını bildirdilər. Onu da qeyd etdilər ki, Vətənə övladlıq borcunu layiqincə yerinə yetirib, valideynlərinin yanına başıuca qayıdacaqlar.
Əsgər İlkin Hüseynov dedi ki, hərbi xidmət etmək hər bir gənc üçün qürurlu və sevindiricidir. "Valideynlərim məni hərbi xidmətə yola salanda mənə nümunəvi xidmət etməyi, dövlətimizə, ordumuza layiqli oğul olmağı tövsiyə etdilər. Artıq hərbi xidmətimin başa çatmasına sayılı günlər qalıb. Hərbi xidmət hər kəs üçün vacibdir. Çünki bu həyat məktəbi bizdə mərdlik, mətinlik formalaşdırır. Cəsur olmağı, dostluğa sadiq qalmağı öyrədir. Çətinliyə dözməyi, müxtəlif şəraitlərə uyğunlaşmağı bacarırsan. Valideynlərimin yanına bacarıqlı, nümunəvi xidməti ilə komandirlərinin sevgisini qazanmış biri kimi qayıdıram. Buna görə də çox sevinirəm. Sevinirəm ki, atam, anam məni qucaqlayıb "halal olsun oğul, səninlə fəxr edirik" deyəcəklər. Silahdaşlarımdan ayrılacağım üçün də duyğulanıram. Evə bir arzu ilə gedəcəm - Ali Baş Komandanımızın döyüş əmri ilə yoldaşlarımla çiyin-çiyinə döyüşə atılmaq üçün geri qayıdım".
Əsgər Röyal Həmidov isə bölməyə gəldiyi gündən danışdı. Ona göstərilən doğma münasibətdən söz açdı. "Gənc əsgər hazırlığından sonra xidmətimi davam etdirmək üçün bu bölməyə təyin olundum. Səngərə gələcəyimi eşidəndə sevindim. Çünki hər bir gənc üçün səngərdə dayanmaq qürurludur. Gəldiyim ilk gündən kollektivdən mehribançılıq gördüm. Çox keçmədən mən də bu ailənin bir üzvü oldum. İlk gündən xidmətimdə nümunəvi, bacarıqlı olmağa can atdım. Bu şərəfli yolu uğurla keçdiyim üçün çox fərəhlənirəm. Bu yol, hər bir gənc üçün öncə vətəndaşlıq borcudur. Xidmətim dövründə bir çox üstün keyfiyyətlərə yiyələndim, dəyərli dostlar qazandım. Ordumuzun gücünün şahidi oldum. Xidmətim dövründə savadlı, peşəkar komandirlərimiz tərəfindən hərbi bilik və bacarıqlara yiyələndim. Komandirlərimiz bizə hərbi biliklər, nizam-intizam, döyüş hazırlığı öyrətməklə yanaşı, qayğılarımızla da yaxından maraqlanırlar. Tez-tez fərdi söhbətlər aparır, mənəvi-psixoloji hazırlığımızın yüksək olması istiqamətində işlər görürlər. Hərbi hissəmizdə yaradılan şəraitə isə söz ola bilməz. Sosial-məişət şəraitimiz yüksək səviyyədə təşkil olunub. Belə yüksək şərait yaradıldığına görə Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm."
Əsgərlər danışdıqca bir daha əmin olursan ki, Azərbaycan Ordusunda xidmət edən gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda, cəmiyyətə yararlı gənclər kimi formalaşırlar. Belə gənclərdən biri də Sənan İbrahimlidir. Hərbi xidmət keçməyin vacibliyini yaxşı dərk edən Sənan da qeyd etdi ki, əsgəri xidmət digər yoldaşları kimi onda da mətinlik, dözümlülük, qorxmazlıq kimi xüsusiyyətləri formalaşdırdı. "Evimizə qələbə ovqatı ilə gedəcəm. Tez zamanda torpaqlarımızı işğaldan azad etmək üçün yenidən xidmətə qayıtmaq, xalqımıza Böyük Qələbə sevincini yaşadanların sırasında olmaq arzusu ilə gedəcəm. Hərbi xidmətin öyrətdiyi müsbət vərdişlərdən dostlarıma danışacam. Onlara vətənpərvər, Vətənə sədaqətli olmağı, onu ürəkdən sevməyi tövsiyə edəcəm. Hərb işinin ən şərəfli peşə olduğunu deyəcəm. Ətrafımdakılara təbliğ edəcəm ki, bizim ən ümdə borcumuz hərbi xidmət keçməkdir. Hansı peşəni seçməyimizdən asılı olmayaraq əvvəlcə əsgəri borcumuzu layiqincə yerinə yetirməli, hərbi bilik və bacarıqlara yiyələnməliyik. Bu yolda öz qayğısını və diqqətini heç zaman bizdən əsirgəməyən, silahlardan istifadə etməyi, nizam-intizamlı, mərd, cəsur olmağı öyrədən komandirlərimə hər zaman minnətdar olacam."
Uca dağ zirvələrində söhbətləşdiyim əsgərlərin dedikləri könül xoşluğu aşılayır. Söhbətləşdiyim igidlərin timsalında bütün əsgərlərimizə Vətənə övladlıq borcunun öhdəsindən layiqincə gəlib, onların yolunu gözləyən valideynlərinin yanına sağ-salamat qayıtmaqlarını arzu edirik.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR