Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2020 10:30

“İşğalda olan torpaqlarımızı azad edəcəyik!”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidməti ilə zabit və əsgər heyətinin hörmət və rəğbətini qazanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Rauf Mirzəyev ilə tanış olduq. Söhbət zamanı Rauf Mirzəyev hərbi hissədə yaradılan şəraitdən, şəxsi heyətin döyüş hazırlığından söz açdı: "Yuxarı rəhbərliyin göstərdiyi diqqət və qayğı şəxsi heyətimizin döyüş əzmini, peşəkarlığını daha da artırır, hamımızın Vətənə, torpağa sədaqət hissini, qələbə ovqatını yüksəldir. Aprel döyüşləri və Günnüt zəfəri təsdiq etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Yurdumuza qayıtmaq üçün əsgərlərimiz qarşılarında dayanan istənilən maneəni tamamilə məhv etmək gücündədirlər. Onların yüksək nizam-intizama, döyüş və mənəvi-psixoloji hazırlığa sahib olduqları göz önündədir".
Söhbət əsnasında öyrəndik ki, hərbi qulluqçu 2001-ci ildə idmanın sərbəst güləş növü üzrə Gürcüstan Respublikasında keçirilən beynəlxalq turnirin qalibi olub, üçrəngli bayrağımızı dalğalandırıb, Dövlət himnimizi səsləndirib. İkiqat respublika çempionu olan Rauf ordu sıralarına çağırıldıqdan sonra da idmanla məşğul olmağa davam edib. O, 2011, 2012 və 2013-cü illərdə müvafiq çəki dərəcələrində ordu çempionatının qalibi olub. Daim öz üzərində çalışdığını deyən Rauf bildirdi ki, arzusu Dövlət bayrağımızı beynəlxalq arenalarda olduğu kimi, Şuşada, Laçında, Kəlbəcərdə... dalğalandırmaqdır. O günə çox az qalıb. Arzumuzu reallaşdırmaq üçün ordumuzun şəxsi heyəti Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyir.
Baş çavuş R.Mirzəyev qeyd etdi ki, atası və əmisi Qarabağ müharibəsinin iştirakçıları olublar. "Atam deyərdi ki, ermənilərin əzəldən xalqımıza qarşı fitnəkar niyyətləri olub. Onlar hər zaman yaranmış vəziyyətdən istifadə edərək, doğma diyarlarımıza hücum çəkiblər. Ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Şuşada Azərbaycan xalqının Novruz bayramı günü baş verib. Həmişə olduğu kimi, bu səfər də onlar xarici himayədarlarından güc alaraq, xalqımıza qarşı soyqırımlar törədiblər. Sovet imperiyası dönəmində də ermənilər öz niyyətlərindən geri çəkilməyiblər, XX əsrin sonlarında daha fəallaşıblar. Bütün dönəmlərdə amansız düşmən öz məkrli niyyətinə çatmaq üçün beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf seçib. Ermənilər dinc əhaliyə qarşı soyqırımı törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin bir hissəsini məhv etmək, qalanlarının isə müqavimət əzmini qırıb bölgəni onlardan təmizləmək məqsədi güdürdülər. Buna baxmayaraq, Vətənimizin cəsur övladları canları bahasına olsa da, onun müdafiəsinə qalxdılar. Həmin müdafiəçilərin arasında atam və əmim də var idi. Onlar həmin günün əzab-əziyyətlərindən tez-tez danışardılar. Düşmənin necə amansız olduğundan, qoca, uşaq, qadın demədən hamını gülləbaran etmələrindən, hamilə qadınlara işgəncə vermələrindən söhbət açardılar. Bu söhbətləri dinlədikcə ermənilərə olan nifrətim daha da artırdı. İllər keçdikcə mən də həyatımı Vətənə xidmətə həsr edəcəyimi qərara aldım. Nəhayət, Vətənin keşiyində dayananların sıralarına qoşuldum.”
Düşmənlə üz-üzə olan mövqelərdə xidmət etməyin məsuliyyətindən danışan Rauf Mirzəyev qürurla bildirdi ki,  ön xətdə xidmət etmək hərbi qulluqçulara bir çox müsbət xüsusiyyətlər aşılayır. “Çətin şəraitdə Vətənə övladlıq borcunu yerinə yetirən əsgərin bacarıqlı döyüşçü kimi formalaşmasının əsas məsuliyyəti komandir heyətinin üzərinə düşür. Komandir əsgərin güvənc yeridir. Əsgər hər addımında komandirinə inanmalıdır. Əslində, bu mövqelərdə döyüş tapşırığını yerinə yetirmək hər birimizi bir amal ətrafında birləşdirir - Vətəni qorumaq, müdafiə etmək və işğal altında olan torpaqlarımızı azad etmək, düşməndən qisasımızı almaq. Bu amal əsgərlə komandir arasında komandir-əsgər münasibətini daha da gücləndirir".
Döyüş mövqelərində atəş səsləri eşitdikcə əsgərlərin gözlərinin önündə Xocalıda körpə balalarımızın qətlə yetirilməsi dayanır. Xalqımıza qarşı törədilən ağır cinayətlər, vəhşiliklər heç bir zaman unudulmayıb, unudulmur və unudulmayacaq. Düşmən bilməlidir ki, işğal altında olan torpaqlarımızı azad edəcəyik!
- Harada xidmət etməyimizə baxmayaraq, həmişə Azərbaycan Ordusunun əsgəriyik. Hər an Ali Baş Komandanımızın döyüş əmrinə hazırıq. Döyüşlərdə erməni qəsbkarlarından xalqımızın başına gətirdikləri soyqırımların qisasını alacağıq. O günü səbirsizliklə gözləyirik.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"